Qlobal miqrasiya artacaq - Dünya Bankı 

13:00 26.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünya Bankı həm varlı, həm də orta gəlirli ölkələrdə əhalinin sürətlə qocalması səbəbindən bu iqtisadiyyatların yoxsul ölkələrdən gələn immiqrasiyadan asılı vəziyyətə düşəcəyini və prosesin daha yaxşı idarə edilməli olduğunu bildirib.

Hafta.az-ın "Reuters"ə istinadən yazdığına görə, bankın dünən dərc etdiyi son Dünya İnkişaf Hesabatında dünyada 184 milyon insanın vətəndaşlığı olmadan xarici ölkələrdə yaşadığı və onların 43 faizinin aşağı və ya orta gəlirli ölkələri seçdiyini bildirilib. 

Hesabatda 184 milyon nəfərin 37 milyonunun qaçqın olduğu və bu rəqəmin son 10 ildə üç dəfə artdığı göstərilib.

Hesabata görə, İspaniya kimi bəzi ölkələr əmək qabiliyyətli yetkin əhalinin sayının sürətlə azalması problemi ilə üzləşib. 2100-cü ilədək İspaniyada əmək qabiliyyətli əhalinin üçdə birindən çox azalacağı, hazırda əhalinin 20 faizini təşkil edən 65 yaşdan yuxarı insanların sayının isə 40 faizə yüksələcəyi proqnozlaşdırılır.

Hesabatda Meksika, Tailand, Tunis və Türkiyə kimi ölkələrin əhalisinin artmaması səbəbindən yaxın gələcəkdə daha çox əcnəbi işçiyə ehtiyac ola biləcəyi, immiqrasiya vəziyyətinin əvvəlkindən daha mürəkkəb olduğu və hər bir gəlir qrupundan immiqrant göndərən və qəbul edən ölkələr göstərilib.

Dünya Bankının baş direktoru Aksel van Trotsenburq deyib: "Miqrasiya rifah və inkişaf üçün mühüm alət ola bilər. Düzgün idarə olunarsa, həm tərk edilən, həm də gedilən ölkədə hər kəsə fayda verir".