Qonşuların obyekt davası

14:42 12.08.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün paytaxtın az qala hər yerində, xüsusilə də mərkəzi hissələrdə köhnə binaların əksəriyyətində zirzəmilər, birinci mərtəbələr alınaraq əlavə artırmalar edilib və obyektlər açılıb. Bəzən bu cür obyektlərin açılması bina sakinlərinin narazılığı ilə qarşılanır. Hətta ciddi mübahisələrə də yol açır. Çünki  həmin obyektlər fəaliyyətə başlayandan sonra bir sıra hallarda bina sakinləri üçün yaşayış dözülməz həddə çatır. Ya binanın ikinci mərtəbəsində yaşayan vətəndaşın yuxarı mərtəbədən atılan zibillər nəticəsində pəncərəsinin qarşısı zibilxanaya çevrilir, ya ətrafda yüksək səs-küy yaranır, ya da binanın həyəti obyekt sahibi tərəfindən zəbt olunur.

Bəs görəsən, hansı hallarda binalarda qeyri-yaşayış obyektlərinin açılmasına icazə verilir? Ümumiyyətlə, vətəndaşlar sözügedən məsələ ilə bağlı iradlarında haqlıdırlarmı? Bu məsələdə qanunvericilik kimin tərəfindədir?

Məsələni qəzetimizə şərh edən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, ümumiyyətlə köhnə binalarda əlavə rekonstruksiya işlərinin aparılması təhlükəlidir: “Əvvəllər köhnə beşmərtəbə tipli binalar JEK-lərin nəzarətində idi. Onlar binaların dam örtüyündən tutmuş fasadlarına, təmizliyinə kimi nəzarət edirdilər. Sonra binalar JEK-lərin nəzarətindən alındı.Onlar yalnız binaların girişinin təmizliyinə nəzarət edirlər. Bu gün Bakı şəhərində mənzillərin əksəriyyətinin zirzəmiləri yağış və qrunt suları ilə doludur. Bir çox binaların zirzəmiləri qeyri-yaşayış sahələrinə çevrilərək pəncərə və qapılar açılır. Təkcə zirzəmilər deyil yol kənarında olan binaların birinci mərtəbələrinin obyektlərə çevrilməsi zamanı onların ara divarlarını kəsib genişləndirərkən də köhnə tikililərin yaşı və dözümlülüyü nəzərə alınmalıdır. Bu kimi müdaxilələr binaların hazırda yaşayış üçün təhlükəli vəziyyətə gəlib çatmasına zəmin yaradır. Təbii ki, vətəndaşlar bununla bağlı iradlarında haqlıdırlar. Əslində bu kimi məsələlərə ictimai nəzarət olmalıdır və aidiyyəti qurumlar mövcud vəziyyətlə bağlı məlumatlandırılmalıdırlar. Bu məsələdə qanunvericilik də vətəndaşın tərəfindədir. Və vətəndaş aidiyyəti quruma şikayətini bildirə bilər. Amma onu da etiraf edək ki, hansısa binanın zirzəmisi, birinci mərtəbəsi alınaraq əlavə artırmalar ediləndə, obyektlər açılanda bundan aidiyyəti qurumların məlumatı olur. Lakin nədənsə, bu sahədə hansısa qanunsuzluqlar olanda göz yumurlar’’.

Məsələyə münasibət bildirən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib ki, xüsusilə 90-ci illərin ortalarından başlayaraq, ölkədə mövcüd siyasi-iqtisadi situasiyasının dəyişməsi, sahibkarlıq subyektlərinin sayının sürətlə artması əhali arasında bu sahəyə tələbatı həddindən artıq çoxaltdı: “İnsanlar qazanc məqsədilə fərdi yaşayış evlərini və mənzillərini qeyri-yaşayış obyektlərinə çevirməyə başladılar. Təəssüflər olsun ki, o zaman müvafiq icra hakimiyyəti orqanları bu prosesdə vətəndaşlarla eyni mövqedə dayandı. Bunun qarşısının alınması istiqamətində heç bir addım atılmadı, əksinə, bu prosesin daha da sürətləndirilməsi ilə bağlı müəyyən təşəbbüslərlə çıxış etdilər və əhali yaşayış mənzillərini və zirzəmilərini alış-veriş məkanına və yaxud anbarlara çevirdi”.

Ekspert qeyd edib ki, yaşayış binasının xüsusilə birinci mərtəbəsindəki mənzillərin və yaxud zirzəmilərin qeyri-yaşayış sahəsinə çevrilməsi zamanı “rekonstruksiya” işləri görülür: “Bir çox hallarda genişləndirmə aparmaq üçün orta divarlar götürülür, daşıyıcı divarlar isə zədələnir. Hesab edirəm ki, hökumət bununla bağlı ciddi addımlar atmalıdır. Hər şeydən öncə xüsusilə sovet zamanı tikilən və birinci mərtəbəsi qeyri-yaşayış obyektinə çevrilən binaların monitorinqi aparılmalı, mütəxəssislərin iştirakı ilə həmin binaların dayanıqlığı yoxlanılmalıdır. Ciddi qüsurlara yol verilibsə, obyekt sahibinə o qüsurları ən qısa müddətdə aradan qaldırması üçün öhdəlik qoyulmalı və nəzarət edilməlidir. Eyni zamanda müvafiq qurumlar təhlükəli saydıqları binalara müdaxilə etməli, binaların dayanıqlığının möhkəmləndirilməsi üçün zəruri tədbirlər görməlidirlər”.