Peyvənd və digər vaksinlərin istifadə edilməsində başlıca məqsəd orqanizmdə immunitet yaratmaqdır. Onlar təhlükəli, ağırlaşa bilən xəstəliklərlə mübarizə aparmaq üçün hazırlanır. Azərbaycanda B hepatiti, vərəm, poliomielit, göyöskürək, difteriya, tetanus, qızılca, parotit, məxmərək, b tipli hemofil infeksiya kimi xəstəliklərin qarşısının alınması üçün istifadə edilən vaksinlər mövcuddur. Hazırda ən çox istifadə olunan peyvənd növü, qrip virusu əleyhinə olandır.
İki gündür ki, ölkə ərazisində Səhiyyə Naziri Oqtay Şirəliyevin “2020-2021-ci ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respiator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmrinə əsasən, müəyyən olunmuş əhali qrupları arasında qrip əleyhinə vaksinasiya tədbirləri başlayıb.
Vaksinasiya 1 ay müddətində davam edəcək və könüllü şəkildə həyata keçiriləcək. Onu da qeyd edək ki, peyvəndləmə pulsuz həyata keçirilir.
Bəs görəsən bu peyvənd qripin hansı növlərinə effektivdir? Nəyə görə tətbiq edilir və nədən qoruyur? Təsiri nə qədər qüvvədədir? Hər hansı bir əks göstərişləri mövcuddurmu?
Hafta.az-ın əməkdaşı bütün bu suallara aydınlıq gətirmək üçün mütəxəssislərə müraciət etdi. Pediatr Dr. Ülvi Alıyev bildirdi ki, qrip əleyhinə istifadə olunan peyvəndin heç bir ziyanı yoxdur:

“Peyvənd uşaqlara 6 aydan başlayaraq, yuxarı yaşlara vurula bilər. Xüsusən də soyuq aylarda, oktyabrdan marta qədər, bizim yarımkürədə qrip üstünlük təşkil etdiyi üçün, immuniteti zəif, xroniki ağ ciyər xəstəliyi, ürək qüsuru olan uşaqların qışı daha rahat keçirə bilməsi üçün, peyvənddən istifadə edilməsi məsləhətdir”.
Həkim deyir ki, qrip peyvəndi illik peyvənddir. Hər il virusun seroloji qruplarına uyğun olaraq hazırlanır:
“Həmin il hansı qrip virusu üstünlük təşkil edirsə, ona görə hazırlanır. Bir ildən sonra tərkibi dəyişir. Vaksin, ancaq 1 mövcüm təsir edir. Peyvənd ilk dəfə vurulan uşaqlara, fasilə ilə ildə 2 dəfə vurulur, lakin daha əvvəl peyvənd olunmuş uşaqlara ildə 1 dəfə edilir”.
TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva isə saytımıza danışarkən söylədi ki, peyvəndlər də daxil olmaqla, hər bir dərman preparatının əks-təsirləri olur. Bu faktorlar istehsalçı tərəfindən verilən qaydaların içində də qeyd olunur:

“Qrip əleyhinə peyvənd yeni preparat deyil, illərdir ki, istifadə edilir. Müraciət edən vətəndaşda kəskin respirator infeksion xəstəlik, yaxud dərman vasitəsinin tərkibində olan maddəyə allergik reaksiya varsa, bunların hamısı nəzərə alınır. Bu bütün peyvəndlərdə eyni əks-göstərişlərdir”.
Y.Qarayeva onu da dedi ki, peyvənd bu il daha kəskin olacaq qrip növü üçün, dünya standartlarına uyğun hazırlanıb:
“İnfluenza virusu mutasiyaya uğrayan virus olduğu üçün, onun çox növləri var. Hər il Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən, həmin mövsüm üçün yayılacaq virus proqnozlaşdırılır və onun əsasında da peyvəndlər hazırlanır. Bizim aldığımız peyvənd ÜST-ün qoyduğu tələblərə uyğundur və influenza virusunun ştamlarına qarşı immunitet yaradır. Bir il sonra isə yenisi vurulmalıdır, çünki bütün qrip peyvəndlərinin təsir müddəti 1 ildir”.
Mütəxəssislərin fikrindən belə qənaətə gəldik ki, görülən tədbirlər sizin, övladlarınızın və yaxınlarınızın sağlamlığı üçün hazırlanıb. Ondan istifadə edib etməmək isə, hər kəsin öz seçimidir. Lakin unutmayaq ki peyənd orqanizmi infeksiyalardan qorumaq üçün edilir.
Banu