Azərbaycan karateçisi Rafael Ağayev “Tokio-2020” Yay Olimpiya Oyunlarının gümüş medalına sahib olub.
Hafta.az xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində yarışların finalında təmsilçimiz yenidən italiyalı Luici Busa ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə R.Ağayev minimal hesabla uduzub. Bununla da Rafael Ağayev Olimpiadada Azərbaycan milli komandasının aktivinə ilk gümüş medalı yazdırıb.
Karateçimiz mübarizə apardığı B qrupunda Almaniya təmsilçisi Noa Biçi 2:1, avstraliyalı Çuneari Yahironu 5:0, Qazaxıstan karateçisi Nurkanat Ajiqanovu 3:2 hesabı ilə məğlub etsə də, italiyalı Luici Busaya uduzub – 1:3. Qrup mərhələsində ikinci yeri tutan R.Ağayev yarımfinala vəsiqəni təmin edib. Yarımfinalda macarıstanlı Qabor Karoli Harspataki ilə qarşılaşan karateçimiz 7:0 hesabı ilə qalib gələrək finala adlayıb.