Bu günlərdə Rusiya Prezidenti Vladimir Putin rəqəmsal rublun tətbiqi və müvafiq elektron platformanın yaradılması haqqında qanun imzalayıb. Sənəd rəsmi hüquqi məlumat portalında dərc edilib. Burada söhbət Rusiya milli valyutasının artıq mövcud olan pul formaları ilə yanaşı buraxılacaq əlavə formasından gedir. Beləliklə, Rusiya rublunun indi üç forması olacaq: nağd, nağdsız və rəqəmsal. Rusiya rublunun nağd və nağdsız istifadə ilə yanaşı, rəqəmsal şəkildə istifadəsini nəzərdə tutan fərmana əsasən, qurulacaq yeni elektron platforma vasitəsilə yeni rubl formatında əməliyyatlar mümkün olacaq.Fərmanda həmçinin qeyd olunub ki, sözügedən platforma Rusiya Mərkəzi Bankı tərəfindən idarə olunacaq. Qanun, bir sıra müddəalar istisna olmaqla, 1 avqust 2023-cü il tarixindən qüvvəyə minir.
Maraqlıdır, görəsən, Rusiya tərəfinin bu addımının Azərbaycan və digər ölkələrlə qarşılıqlı ticarət dövriyyəsinə hansısa təsirləri olacaqmı? Yaxın gələcəkdə Azərbaycanda rəqəmsal manatın tətbiqi gözləniləndirmi?
Qeyd edək ki, bu gün dünya iqtisadiyyatında rəqəmsallaşma dərinləşməkdədir. Ən böyük iqtisadiyyatlarda maliyyə və ticari əməliyyatlarda rəqəmsal həllərdən istifadə sürətlə genişlənir, rəqəmsal hesablaşma imkanlarının genişləndirilməsi istiqamətində çoxsaylı layihələr icra olunur. Məsələn, Çin 2021-ci ildə pilot qaydada rəqəmsal yuanın tətbiqinə başlayıb. Bir neçə şəhərdə məhdud istifadəçinin iştirakı ilə aparılan təcrübənin uğurlu nəticələr verdiyi açıqlansa da, Çin hökuməti ümumi ölkə səviyyəsində virtual yuanın tətbiqinə nə vaxt başlayacağını açıqlamayıb. Hindistanda 2022-ci ilin dekabrında Nyu-Dehli, Mumbay, Banqalor və Bhubaneşvar şəhərlərində rəqəmsal rupinin pilot tətbiqinə başlanıb. Rəqəmsal rupi nağd rupinin elektron versiyası kimi tədavülə buraxılıb, onunla mobil telefonlardakı tətbiqlər vasitəsilə əməliyyatlar həyata keçirmək mümkündür.
ABŞ da 2021-ci ildə rəqəmsal dolların tətbiqinə hazırlığa başladığını elan edib. Bu barədə Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pauell açıqlama verərək ilk belə valyutanın dövriyyəyə təxminən bu ilinn ortalarında buraxılacağını deyib. Bildirib ki, rəqəmsal dollar ilk mərhələdə yalnız ABŞ daxilində işlək olacaq.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı ekspert Xalid Kərimli deyib ki, elektron pulun ən tipik nümunəsi kriptovalyutadır: “Hansı ki, dünyanın Mərkəzi Banklarından asılı deyil və nəzarətsiz bir mühitdə ödəniş vasitəsidir. Amma bizim başa düşdüyümüz elektron pullar ki var, bununla bağlı qanunun Azərbaycanda da müzakirəsi gedir. Bu kriptovalyuta deyil, həmin valyutaya Mərkəzi Banklar nəzarət edir. Rusiyanın yaratdığı platforma da Rusiya Mərkəzi Bankının nəzarətində olacaq. O ki qaldı rublun yeni formasının Azərbaycanla, o cümlədən digər ölkələrə qarşılıqlı ticarət əlaqəsinə hansısa formada təsirlərinə, ciddi bir təsir gözlənilmir. Onsuz da qarşılıqlı ticarət zamanı ödəmələr nağd deyil, ödənişsiz aparılır. Hazırda Azərbaycanla Rusiya arasında ticarətlə bağlı heç bir problem yoxdur. Ötən illərlə müqayisədə artım var. Baxmayaraq ki, Rusiyanın bir çox əhəmiyyətli bankları SWIFT sistemindən çıxarılıb, bu iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsinə mane olmayıb. Azərbaycanda elektron pulun tətbiqinə gəlincə, bununla bağlı qanunvericilik bazasını hazırlamaq lazımdır”.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Rəşad Həsənov isə hesab edir ki, hökumət uzunmüddətli dövrdə rəqəmsallaşmanı iqtisadi hədəf olaraq qarşıya qoyubsa, elektron manatın yaradılması ortamüddətli dövrün əsas məsələlərindən biri kimi qarşıya qoyula bilər: “Çünki hazırda dünya bu istiqamətdə gedir. Yəqin ki, 2035-2040-cı illərdə tədavüldə kifayət qədər rəqəmsal valyutalar olacaq. Azərbaycan bu prosesdən geri qalmaqla müəyyən itkilərlə üzləşə bilər. Ona görə, Azərbaycan da bu prosesin iştirakçısı olmalı, rəqəmsal manat yaradılmalıdır. İndiki halda rəqəmsal valyuta yaradılması ilə bağlı dünyada geniş təcrübələr yoxdur. Müəyyən araşdırmalar, təhlillər aparılır. Azərbaycanda da dünya təcrübəsi – yaradılan mexanizmlər, qanunvericilik çərçivəsi, nəzarət imkanları, təhlükəsizlik tədbirləri və s. dərindən təhlil olunmalıdır. Ona uyğun olaraq da digər istiqamətlərdə mövqe ortaya qoyulmalıdır”.
Onun fikrincə, yaxın 10 ildə rəqəmsal manatla əlaqədar hüquqi çərçivənin yaradılması istiqamətində addımlar atılacaq: ”Rusiya rəqəmsal rub yaradıb. Təbii ki, bu hal təkcə Rusiyada müşahidə edilən məsələ deyil. Son illər mərkəzi bankların, xüsusən də bitkoen bazarının şaxələnməsindən sonra, rəqəmsal pullarla bağlı yeni mərhələyə keçmək, bu istiqamətdə araşdırma, tədqiqatlar aparmaqla bağlı meyllər güclənib. Azərbaycanda da bənzər istiqamətdə müəyyən təşəbbüslər var. Azərbaycan Mərkəzi Bankı tərəfindən fiskal manatın yaradılması, bu istiqamətdə təhlillərin aparılması, öyrənilməsilə istiqamətində müəyyən işlər aparılıb. Azərbaycan bazarı kiçikdir. Bu sahə üzrə ictimai meyllilik nisbətən aşağıdır. Ona görə də indiki şərtlər daxilində hələlik rəqəmsal manat istiqamətində real addımların atılması, qərarların qəbul ediləcəyini gözləmirəm. Amma bütün hallarda bu qaçılmaz prosesdir. Azərbaycan istənilən halda qlobal maliyyə bazarlarının oyunçularından biri kimi belə çağırışlara adekvat reaksiya verməlidir. Böyük ehtimalla, növbəti 10 ildə rəqəmsal manatla əlaqədar hüquqi çərçivənin yaradılması istiqamətində mövqe ortaya qoyulacaq”.
Məsələyə münasibət bildirən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov hesab edir ki, Azərbaycanın da rəqəmsal manata keçid etməsi müsbət addım olar: “Nəzəri cəhətdən Azərbaycan rəqəmsal manata keçə bilər, amma praktiki cəhətdən mümkün deyil. Çünki bizdə o işi bilənlər, FİNTEX deyilən maliyyə sahəsində mütəxəssislər yoxdur. Yəni, həm də maliyyə sahəsində İT mütəxəssislərinə ehtiyac var. Ona görə bu prosesə keçidi yaxın illərdə gözləmirəm. Digər bir tərəfdən, rəqəmsal valyuta həm də korrupsiya ilə mübarizə üçün vacibdir. Bizdə məmurlar gəlir-xərc bəyannaməsi vermir. Bu sahədə qanunvericilik olsa da onun tətbiqi mexanizmi yoxdur”.