Rəqəmsal manata ehtiyatlı yanaşma

12:02 16.11.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Mərkəzi Bankı rəqəmsal manatı tətbiq etməyə tələsmir. Bu fikirləri “Critical Infrastructure Defence Challenge 2023” (“CIDC-2023”) tədbiri çərçivəsində “Kritik informasiya infrastrukturlarının kibermüdafiəsində effektivlik necə təmin edilməlidir?” mövzusunda panel iclasında çıxışı zamanı Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov qeyd edib.

O bildirib ki, AMB yaxın zamanda rəqəmsal manatın tətbiqi ilə bağlı qərar verməyib: “Beynəlxalq trendləri nəzərə alaraq, davamlı olaraq rəqəmsal valyuta ilə bağlı təhlillər aparırıq lakin onun tətbiqinə tələsmirik. Təhlil zamanı bir sıra istiqamətlər nəzərdən keçirilməlidir. Bunun həm monetar siyasətə, həm iqtisadiyyata təsiri, kibertəhlükəsizlik məsələləri qiymətləndirilməlidir. Bu işi AMB-nin komandası həm ayrıca, həm də beynəlxalq tərəfdaşlarla birgə həyata keçirir. Təhlillər tam yekunlaşandan sonra rəqəmsal manatın tətbiqi imkanları dəyərləndiriləcək. Yəni, hələ ki, AMB bu məsələdə qərarlı deyil”.

Bəs görəsən, Mərkəzi Bank bu məsələdə niyə qərarsız qalıb? Azərbaycanda rəqəmsal manata keçid nə zaman reallaşa bilər?

Mövzunu qəzetimizə şərh edən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib ki, əslində Mərkəzi Bankın bu məsələdə ehtiyatlı davranmağı başadüşüləndir: “Bu məsələ hələlik bizim üçün aktual deyil. Əvvəlcə biz baxmalıyıq ki, böyük ölkələrin bu sahədə təcrübəsi necədir, hansı böyük ölkələr rəqəmsal valyutaya keçiblər və s. Hazırda demək olar ki, ən inkişaf etmiş ölkələrdə belə bu məsələ pilot şəklindədir. Biz niyə tələsməliyik.Yəni, biz dünyanın nə böyük maliyyə ölkələrindənik, nə də informasiya texnologiyaları üzrə ciddi inkişafımız var. Əgər böyük və inkişaf etmiş ölkələr bu işi tam qura bilməyiblərsə, biz də ehtiyatlı davranmalıyıq. Mərkəzi Bankın bu məsələdə tələsməməsi müsbət haldır. Yaxın illərdə rəqəmsal manatın tətbiqi real görünmür. Bu istiqamətdə addım atılarsa, texniki, hüquqi, təhlükəsizlik baxımından problemlər ortaya çıxacaq. Hesab edirəm ki, Mərkəzi Bankın və ölkəmizin  hazırda o qədər problemi var ki, həmin problemləri həll etmək lazımdır. Bu prosesə vaxt sərf etməyin mənası yoxdur. İndiki məqamda bank sektoru üçün nəinki birinci, ikinci, heç üçüncü dərəcəli də məsələ deyil. Ümumiyyətlə isə Azərbaycanın yaxın 5 il ərzində rəqəmsal manata keçəcəyini gözləmirəm”.

Oxunma sayı 136