Pandemiya gəncləri seçim qarşısında qoyub
On aya yaxındır ki, pandemiya ilə bağlı ölkə ərazisində kütləvi tədbirlərin, o cümlədən toy və yas mərasimlərinin keçirilməsi qadağan edilib. Elə bu səbəbdəndir ki, keçən müddət ərzində ölkədə rəsmi nikaha daxil olanların sayı xeyli azalıb, dini nikaha daxil olanların sayı isə artıb. Bəzi gənclər sadə nikah mərasimi ilə ailə qursalar da, çoxları hələ də pandemiya ilə bağlı qoyulan qərarların götürüləcəyi günü gözləyir. Bir qrup insan ailə quran zaman rəsmi deyil, dini nikahın zəruriliyini üstün tutur. Bəs görəsən, dini baxımdan belə hallar nə dərəcədə doğrudur? Evlilik və yeni doğulan körpə statistikasındakı azalmanı hansı yollarla tənzimləmək olar? Köhnə toy adətlərimizi unudub, alternativ modellər tətbiq etməyin zamanı gəlib çatıbmı?
Hafta.az mövzu ilə bağlı yaranmış suallara aydınlıq gətirmək üçün mütəxəssislərə müraciət etdi.
Sosioloq Əhməd Qəşəmoğlu hafta.az-a bildirdi ki, pandemiya tək ölkəmizdə deyil, eləcə də bütün dünyada əhali artımına mənfi təsir göstərəcək:
“Ötən ilin birinci yarımilində doğulan uşaqların statistikasında xeyli azalma hiss edilirdi. Hər 1000 nəfərə 12 uşaq düşürdü. 2011-ci ildə bu bu rəqəm 18 nəfər idi. Görün, doğulan uşaqların sayı 9 il ərzində nə qədər azalıb. Onu da qeyd edim ki, ötən ilin birinci yarımilində doğulan uşaqlar ana bətninə hələ pandemiyadan əvvəl düşənlərdir. Düşünürəm ki, növbəti statistikada doğum sayı indikindən daha da azalacaq. Ümumilikdə, ölkəmizdə hər zaman əhali artımı normal bir statistika üzrə olub. Əgər ölkədə hər iki nəfərə 2.1 uşaq düşürsə, bu, normal hesab olunur. Bu rəqəm 2.1-dən azdırsa, deməli, əhali artımı get-gedə azalır. Yaşlı nəsillərin sayı artır. Bu da özlüyündə çoxlu problem yaradır”.
Sosioloq təəssüf hissi ilə bildirir ki, pandemiya yeni doğulan körpələrin sayındakı azalmaya gətirib çıxarır. Bu halın isə nə qədər davam edəcəyi hələlik məlum deyil:
“Adətən, uşaqlar yeni qurulan ailələrdə dünyaya gəlir. Eyni zamanda ölkədə 3 və daha çox uşaqlı ailələrin sayı da xeyli azalıb. Bunun çox böyük xoşagəlməz nəticələri ola bilər. Ölkədə get-gedə əhali azalırsa, bu miqrantların gəlişinə şərait yaradır. Onlar gələndə ölkənin etnik tərkibi dəyişir. Digər tərəfdən, vergi ödəyicilərinin sayı azalır. Hələ ki, heç kim pandemiyanın nə vaxt sonlanacağını bilmir. Elə bir modellər hazırlanmalıdır ki, ailə qurmaq statistikası azalmasın. Pandemiyadırsa, bu o demək deyil ki, insanlar evlənməsin. Hələlik insanlarda belə bir təsəvvür var ki, pandemiya qurtaracaq və mən təntənəli toy edəcəyəm. Əhalinin böyük bir hissəsinin toy etməməsinin əsas səbəbi başqa toylara “saldığı” pullardır. Hər kəs gözləyir ki, nə vaxtsa toy edəcək, o da həmin pulları geri yığacaq. Ona görə də hər bir toyun keçirilməməsinin həm iqtisadi, həm də mənəvi tərəfi var. Bizdə toylar tənqidedici həddə gəlib çıxmışdı. Əvvəlki toy modellərindən imtina etməliyik. Bunun üçün xüsusi şadlıq saraylarında, mətbəxdəki əməkdaşların və gələn qonaqların sağlamlığı, sosial məsafə qaydaları nəzərə alınaraq toy təşkili edilməsinə icazə verilə bilər. Toy tibbi nəzarət altında azsaylı adamlarla keçirilə bilər. Ola bilsin ki, qapalı şadlıq evlərində deyil, xarici ölkələrdəki kimi açıq havada keçirilsin. Elə rayonların özündə də buna şərait daha uyğundur. Açıq havada, bağçada toyların təşkilinə icazə verilsə, bir qədər bu məsələ həllini tapmış olar. İlk öncə qapalı məkandan çıxmaq lazımdır. Daha sonra isə mətbəxə nəzarət mütləq vacibdir. Bütün digər tədbirlər görülsə belə, mətbəxdə işləyən insanların xəstəliyi barədə məlumat yoxdursa, deməli ora gələn 50 nəfərin də sağlamlığı təhlükə altında olacaq”.
Daha sonra məsələ ilə bağlı din xadiminin də fikirlərini öyrəndik. Heydər Məscidinin axundu Hacı Rüfət Qarayev söylədi ki, dövlətin qanunlarında rəsmi nikah olmadan, dini nikaha girməyə icazə yoxdur. İslamın qanununda isə dini nikah kəsilmədən ailə həyatı qurmaq olmaz:
"Dini nikahdan doğulan körpələr tam olaraq islami qaydalara uyğundur. Alimlər də bildirir ki, tərbiyə nikahdan başlayır. Yəni nikah zamanı oxunan dualar uşağın tərbiyəsinə müsbət təsir edir. Bizlər dövlətin qoyduğu qaydalara hörmətlə yanaşaraq, dini nikan üçün müraciət edənlərdən, dövlət nikahına qeydiyyatın rəsmi sənədini tələb edirik. Düzdür, müəyyən hallarda istisnalar da edilir. Bəzən olur ki, həyat yoldaşı dünyasını dəyişmiş biri rəsmi nikaha girmir, lakin, dini olaraq bütün proseslərin tam olmasını istəyir. Bu zaman da onlara nikah duası oxunur, ancaq, bununla bağlı rəsmi kağız verilmir. Bir başqa istisna da, toya az bir zaman qalanda edilir. Əgər rəsmi nikah üçün müraciət olunubsa, lakin, proses gecikirsə, bu halda dini nikah qıyılır".
Axund onu da qeyd etdi ki, hazırda məscidlərdə fəaliyyət göstərən imamlar rəsmi nikahla bağlı sənəd təqdim edilmədən dini nikah kəsmir. Belə olan halda, həm atanın razılığı istənilir, həm şahidlər tələb olunur, həm də rəsmi sənədlər:
"Son 2-3 ildə buna xüsusi diqqət olunur. Ola bilsin, bəzi hallarda kənarda fəaliyyət göstərən ruhanilər rəsmi nikah sənədi tələb etmir. O da müraciət edənlərə yalnız möhürsüz nikah kağızı təqdim edə bilər".
Elə söhbətin bu yerində pandemiya ilə bağlı toyu təxirə düşən Nigarın da düşüncələrini öyrəndik. O deyir ki, ona və nişanlısının fikrinə qulaq verən olsaydı, indiyə çoxdan evlənmişdilər:
"Biz elə də təmtəraqlı toy arzusunda deyilik. Gəl gör ki, valideynlərimiz sadə nikahla evliliyə qarşıdır. Atam deyir ki, "24 ildir qız böyütdüm ki, indi onu toysuz-düyünsüz necə yola salım?". Elə Ayazın (nişanlısı) valideynləri də hələ ki gözləməyi məsləhət görürlər.
Görünən odur ki, koronavirusun vurduğu ziyanı saymaqla bitmir. Yaranmış hər vəziyyətin isə mütləq bir çıxış yolu mövcuddur. Ümid edirik ki, hər kəs atacağı addımları, sağlamlığını, gələcəyini düşünərək qərar qəbul edəcək.
Yeri gəlmişkən, 2020-ci ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 26 312 nikah qeydə alınıb. Dövlət Statistika Komitəsindən hafta.az-a bildirilib ki, qeydə alınmış boşanma hallarının sayı isə 11 089 olub. Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub.