Onlar mövsümü “Məhv olmuş gündəliklər”lə başa vurdular

12:17 09.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Bələdiyyə Teatrı 34-cü teatr mövsümünü “Məhv olmuş gündəliklər” tamaşası ilə başa vurub. Klassik Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, Xalq yazıçısı İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesi əsasında hazırlanan tamaşa Mərdəkan Mədəniyyət Sarayında nümayiş olunub.

Hafta.az xəbər verir ki, tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək rayonda belə mədəni tədbirlərin keçirilməsinin önəmindən bəhs edib. O bildirib ki, milli dramaturgiya nümunələrinin tamaşaçılara təqdim olunması istiqamətində həyata keçirilən layihələr cəmiyyətin mədəni həyatının zənginləşməsinə töhfə verir.

Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva milli mədəniyyətimizin qorunması və təbliğinin dövlətimizin genişmiqyaslı siyasətinin mühüm tərkib hissəsi olduğunu bildirib. Deputat klassik ədəbi irsimizin teatr səhnəsində yaşadılmasının əhəmiyyətini vurğulayıb.

Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov çıxışında İlyas Əfəndiyevin yaradıcılığından, onunla uzun illər davam edən əməkdaşlığından söz açıb.

Daha sonra səhnə əsəri geniş tamaşaçı auditoriyasına təqdim olunub.

Qeyd edilməlidir ki, İlyas Əfəndiyevin 1969-cu ildə yazdığı “Məhv olmuş gündəliklər” pyesi Azərbaycan teatrlarının səhnəsində bir çox rejissorlar tərəfindən uğurla tamaşaya qoyulmuşdur.

Bakı Bələdiyyə Teatrının baş rejissoru Mərahim Fərzəlibəyov İlyas Əfəndiyevin bir çox pyeslərinə səhnə həyatı verib. “Məhv olmuş gündəliklər” pyesi Xalq yazıçısının Mərahim Fərzəlibəyov tərəfindən səhnələşdirilən sayca 11-ci pyesidir.

Tamaşada rolları Zülfiyyə Məmmədova, İlqar Musayev, Nigar Babayeva, Gülsabah Quliyeva, Toğrul Rza və Məmmədağa Əlilicanzadə ifa ediblər. Səhnə əsərinin quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğludur.

Tamaşa Xəzər rayonunun sakinləri tərəfindən böyük maraqla izlənilib və gur alqışlarla qarşılanıb.