İlin əvvəlindən rublun dəyəri 20 faizdən çox ucuzlaşıb. Yanvarın ortalarında dolların rəsmi məzənnəsi 68 rubl olduğu halda, may bayramından sonra məzənnə 80 rubldan yuxarıdır. Ötən il Rusiyada dollara nisbətdə xeyli bahalaşdıqdan sonra yenidən ucuzlaşan rublun kursu ilə bağlı ekspert təxminləri diqqətlə araşdırılıb. Ekspertlər "fövqəladə şərait yaranmayınca" dolların 90 rubla qalxmayacağı qənaətindədir.
Hafta.az-ın “Business FM”ə istinadən yazdığına görə “Tsifra Broker”in analitiki Aleksandr Siqanov deyib ki, hazırda Rusiya 76-81 rubl dəhlizindədir. “Rublun bahalaşma ehtimalı daha yüksəkdir. Düşünürəm ki, yaxın gələcəkdə biz dolların məzənnəsində 76 rubl limitini yenidən görə biləcəyik. Hər şey keçmiş sovet ölkələrinə Rusiyaya tranzit idxalla bağlı təzyiqlərdən asılı olacaq. Avropa İttifaqı Rusiyaya ixrac olunan məhsullara təzyiqi artırarsa, xarici valyutaya tələbat azalacaq və rubl möhkəmlənəcək”, - o, proqnozlaşdırıb.
Rublun kursunun gedişatının inflyasiya gözləntilərindən də asılı olduğunu bildirən ekspert, Mərkəzi Bankının ilin sonuna qədər faizi artıra biləcəyini və buna görə də inflyasiya gözləntilərinin yüksələ biləcəyini deyib.
“BKS Mir İnvestitsii” şirkətinin analitiki Sergey Qolenişev ilk 4 ayda büdcənin 3 trilyon rubl profisiti, sanksiyaların artması və ixrac gəlirlərinin azalması ilə bağlı gözləntilər və ucuzlaşma səbəbindən rublun təzyiq altında olacağını proqnozlaşdırıb.
“Rikom-trast” şirkətinin təhlil şöbəsinin müdiri Oleq Abelyev isə dolların məzənnəsində 78-81 rubl diapazonunun ixracatçılar üçün sərfəli olduğunu, məzənnənin bu səviyyədə qalmasının dövlət büdcəsi üçün də sərfəli olduğunu bəyan edib.
Xatırladaq ki, Rusiyada bu gün dolların məzənnəsi 80 rubl civarındadır.
Bəzi ekspertlər rublun dəyər itirməsinin səbəbləri arasında bir neçə amili göstərirlər: Qərbdə yeni anti-Rusiya sanksiyalar paketinin hazırlanması, artan federal büdcə kəsiri, iqtisadiyyatda yaranan investisiya aclığı və xam neftin əvvəlkindən fərqli olaraq aşağı gəlirliliyi.
Rusiya valyutası üçün əsas problem neft və qaz gəlirlərinin azalması səbəbindən büdcə kəsirinin daha da genişlənməsi riskidir. Maliyyə Nazirliyi bu ilin ilk 4 ayında enerji resurslarından vergi daxilolmalarının yarıbayarı azalaraq 2,3 trilyon rubla düşdüyünü bildirib. Mayın əvvəlində ümumi büdcə kəsiri 3,4 trilyon rubla yüksəlib, hansı ki, rəsmi illik gözlənti 2,9 trilyon rubl idi.