Rusiya büdcəsində 3 trilyon rubl həcmində kəsir gözlənilir

12:54 27.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya bu il federal büdcədə ümumi daxili məhsulun 2-2,5 faizi həcmində kəsir gözləyir. Bu barədə “Arqumentı i faktı” jurnalına müsahibə verən maliyyə naziri Anton Siluanov məlumat verib.

Hafta.az-ın yazdığına görə, Siluanov bildirib ki, büdcə kəsiri hazırda onların proqnozlaşdırdıqları səviyyədədir. Maliyyə naziri hazırda 2-2,5 faiz kəsir gözlədiklərini, lakin ilin ikinci yarısında mənzərənin aydınlaşacağını bildirib.

Anton Siluanov bildirib ki, onların nəzərdə tutulan xərcləri reallaşdırmaq üçün kifayət qədər resursları var. Nazirin paylaşdığı büdcə məlumatları aşağıdakılardır: Proqnozlaşdırılan gəlir: 26,1 trilyon rubldan artıq; neft və qaz gəlirləri: 8 trilyon rubl; xərclər: 29,1 trilyon rubl; kəsir: 3 trilyon rubla yaxın (32 milyard dollar).

Bu qədər məbləğ Rusiyanın ÜDM-nin 2 faizinə uyğundur.

Nazir Siluanov bildirir ki, hazırda neft və təbii qaz gəlirləri proqnozlaşdırılan səviyyədən çox aşağıdır.