Son 5 ayda Rusiyadan İrana daşınan yüklərin həcmi 42 faiz artıb
Hafta.az-ın “Kommersant” qəzetinə istinadən yazdığına görə, bu il Şimal-Cənub Beynəlxalq Gəmiçilik Dəhlizində daşınan yüklərin həcmi 41,8 faiz artaraq 4 milyon tona çatıb.
Bu yüklərin 3,6 milyon tonu qərb marşrutu adlanan Azərbaycan yolu ilə daşınıb. Türkmənistan və Qazaxıstandan keçən şərq marşrutu ilə daşınan yüklərin həcmi 353 min tonla məhdudlaşdırılıb. Lakin bu xətt üzrə daşınan yüklərin həcmində 80 faiz artım var. Şimal-Cənub dəhlizinin üçüncü birləşməsi olan Transxəzər xətti ilə daşınan yüklərin həcmi 80 faiz artaraq 117 min tona çatıb.
Rusiyanı Azərbaycan üzərindən İranla birləşdirən Astara-Rəşt-Qəzvin dəmir yolu xəttinin tikintisi başa çatdıqdan sonra qərb marşrutu ilə daşınan yüklərin həcminin daha da artacağı gözlənilir. Rusiya və İran mayın sonunda dəmir yolunun qalan 162 kilometrinin tamamlanması üçün yeni müqavilə imzalayıb. Yolun planlaşdırıldığı kimi, 2027-ci ildə tamamlanmasından sonra marşrutla daşınan yüklərin həcminin 15 milyon tona yüksələcəyi gözlənilir.