“Rusiyanın dövlət gəlirlərində 2023-cü ildə başlayan kəskin azalma yaxın 10 ildə xammal rentasının tükənməsinin yalnız başlanğıc əlaməti idi”.
Hafta.az-ın yazdığına görə, “Nezavisimaya qazeta”ya müsahibə verən ekspertlər bu fikirdəirlər. Onlar Rusiyanın yüksək neft və təbii qaz gəlirləri ilə vidalaşmağa başladığına diqqət çəkib.
Rusiyanın sanksiyalardan sonra azalan neft və təbii qaz gəlirlərinin ƏDV artımı ilə əvəz edilməsinin hədəfləndiyinə diqqət çəkən ekspertlər rublun devalvasiyasının gözlənildiyini də bildiriblər.
Bu arada, Maliyyə Nazirliyinin məlumatlarına görə, 2023-cü ilin ilk iki ayında Rusiyada büdcə kəsiri illik hədəfə yaxınlaşaraq 2,6 trilyon rubla çatıb. İlk iki ayda büdcə gəlirləri 3,16 trilyon rubl, büdcə xərcləri isə 5,7 trilyon rubl olaraq qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə gəlirlər 25 faiz azalıb, xərclər isə 52 faiz artıb. Bu dövrdə neft və təbii qaz gəlirləri 46 faiz azalaraq 947 milyard rubl olub.Qərbin 60 dollar limit qoyduğu Ural neftinin satış qiymətinin düşməsi və təbii qaz ixracının azalması bu mənzərənin yaranmasına səbəb olub.
Bəzi ekspertlər Rusiyanın neft və təbii qaz gəlirlərində köhnə səviyyələri tutmasının mümkün olmadığı fikrini ifadə edərək, “yeni dövrdə yeni iqtisadi axtarışların olacağını” bildiriblər.