Sanksiyalar nəticəsində Rusiya avtomobil bazarını tərk edən Qərb şirkətlərinin buraxdığı boşluğu Çin şirkətləri doldurub. Belə ki, ötən ili fürsətə çevirən Çin şirkətlərinin Rusiyadakı satışları pik həddə çatıb.
Hafta.az-ın yazdığına görə, bununla belə, Rusiyada yerli avtomobil istehsalının bərpası ilə Çin avtomobillərinin satışı tədricən yavaşlayır.
“Reuters”in Autostat-ın statistik məlumatlarına istinadən verdiyi xəbərə görə, Rusiyanın avtomobil bazarı hələ 2022-ci ilin əvvəli səviyyəsinə çatmayıb.
Ötən ilin fevralına qədər Rusiya bazarında Çin avtomobillərinin payı 10 faizdən aşağı idi. Bu ilin avqustunda bu rəqəm 56 faizə yüksəldiyi halda, sentyabrda 3 faiz azalaraq 53 faizə düşüb.
Statistikaya idxal olunan Çin avtomobilləri ilə yanaşı, Rusiya istehsalı olan avtomobillər də daxildi.
Çin gömrüyünə görə, yanvar-oktyabr aylarında ixrac həcmi 9,4 milyard dollara çatan Çin avtomobillərinin ən böyük alıcısı məhz Rusiya olub.
2022-ci ilin eyni dövründə Rusiyadan avtomobil idxalı 1,1 milyard dollar təşkil edib.
Qərb dövlətlərinə məxsus şirkətləri əvəz etmək üçün Rusiya bu müddət ərzində Çindən idxalını 9 dəfə artırıb.
Ukraynaya qarşı qanlı müharibə başlayandan sonra avtomobil sənayesindəki əksər zavodlar təchizat logistikası problemləri və sanksiyalar səbəbindən istehsalı dayandırıb. Bir çox iri xarici avtomobil istehsalçıları, o cümlədən Renault, Nissan, Toyota və Mercedes-Benz Rusiya bazarını tərk edib. Bu çərçivədə, Federal Gömrük Xidmətinin məlumatına görə, Çin avtomobillərinin payı Rusiyaya avtomobil idxalının ümumi həcminin 92 faizini təşkil edib. Hazırda Rusiyada 15 müxtəlif Çin avtomobil markası var.