Rusiyada taxıl ixracı rekord vurdu: Ən böyük alıcı Türkiyədir

11:37 05.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada taxıl istehsalçıları ixracda yeni rekordlar qırmağa davam edirlər.

Hafta.az-ın "Kommersant" qəzetinə istinadən yazdığına görə, ödəniş kanallarında problemlər və taxıl müqaviləsi ilə bağlı qeyri-müəyyənliklərə baxmayaraq, istehsalçılar rekord məhsul sayəsində 59 milyon ton taxıl ixrac edə biliblər.

“Rusargotrans”, Rusiya istehsalçılarının 2022-ci il iyulun 1-dən indiyədək geridə buraxılan 10 ay ərzində 48,2 milyon tonu buğda olmaqla 59,3 milyon ton taxıl ixrac etdiyini açıqlayıb. Sektor müşahidəçiləri bu rəqəmlərin yeni rekorda uyğun olduğunu qeyd edirlər.

Beləliklə, Rusiya 2017-2018-ci il mövsümündə dünya buğda istehsalında 11,3 faiz olaraq hesablanan payını 13 faizə çatdıra bilib.

Yeni mövsümdə mayın sonu etibarilə Rusiyadan ən çox taxıl idxal edən ölkə 10,6 milyon tonla Türkiyə olub. Türkiyəni Misir, İran, Səudiyyə Ərəbistanı, Əlcəzair və Liviya kimi ölkələr izləyir.