Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra bu ölkədən Azərbaycana, eləcə də digər MDB dövlətlərinə pul köçürmələrinin həcmi kəskin şəkildə artıb. Müharibənin başlandığı ilk aylarda Rusiya hökuməti ölkədən valyuta ixracının qarşısını almaq üçün bir sıra məhdudlaşdırıcı addımlar atsa da, bunun faydası olmayıb. Maraqlıdır ki, pul köçürmələrinin həcminin ən çox artdığı ölkələr arasında Azərbaycan ilk yerlərdədir. 2022-ci ildə Rusiyadan digər MDB ölkələrinə demək olar ki, 24 milyard dollar köçürülüb və bu məbləğ 2021-ci illə müqayisədə 2,45 dəfə çoxdur. Rusiyadan fiziki şəxslər tərəfindən ən çox vəsait Özbəkistana göndərilib - 14,5 milyard dollar (artım 2,6 dəfə). Eyni zamanda, artım templəri baxımından liderlik Qazaxıstana keçib. Statistikaya görə, ötən il fiziki şəxslər tərəfindən 2021-ci ildəkindən altı dəfə çox, 773 milyon dollar bu ölkənin hesabına köçürülüb. Gürcüstana köçürmələrin məbləğində də böyük artım qeydə alınıb və məbləğ 5 dəfə artaraq 2 milyard dollara çatıb. Ermənistana köçürmələr dörd dəfə artaraq 3,6 milyard dollara çatıb. Qırğızıstana köçürmələrin artımı daha az əhəmiyyətli olub (2,69 milyard dollardan 2,78 milyard dollara qədər).
Hafta.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ildə Rusiyadan Azərbaycana 2 milyard 969 milyon 440 min dollar həcmində pul baratları köçürülüb. Belə ki, 2022-ci ilin yekunlarına əsasən, fiziki şəxslərin Azərbaycana pul köçürmələri ümumilikdə 2021-ci illə müqayisədə 3,2 dəfə artaraq 3,6 milyard dollar təşkil edib. Eyni zamanda, bu məbləğin əhəmiyyətli hissəsini Rusiyadan olan pul köçürmələri təşkil edib. Belə ki, ötən il onlar 2021-ci illə müqayisədə 4,8 dəfə artaraq 2,9 milyard dollara çatıb. 2021-ci ildə Rusiyadan Azərbaycana pul köçürmələri 623 milyon dollar təşkil edib.
Artım nəticəsində, əgər 2021-ci ildə Azərbaycana xaricdən göndərilən bütün pulların 55faizi Rusiyanın payına düşürdüsə, 2022-ci ildə bu göstərici 82 faizə yüksəlib.
Azərbaycandan Rusiyaya göndərilən vəsaitlərin həcmində isə azalma var. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2021-ci ildə Rusiyaya 117 milyon dollar göndərilmişdisə, 2022-ci ildə bu rəqəm 90 milyon dollara enib.
Ümumilikdə, 2022-ci ildə xaricdən Azərbaycana 3 milyard 620 milyon dollar vəsait köçürülüb ki, bu da 2021-ci ildən 3,2 dəfə və ya 2 milyard 487 milyon dollar artıqdır.
Maraqlıdır, görəsən, Rusiyaya tətbiq olunan sanksiyalar fonunda bu ölkədən Azərbaycana pul köçürmələrinin həcminin artmasına səbəb nədir?
Məsələni qəzetimizə şərh edən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli bildirib ki, Rusiyadan Azərbaycana pul köçürmələrinin həcminin artması elə şimal qonşumuza tətbiq olunan sanksiyalarla bağlıdır: “Biz statistikaya nəzər yetirsək görərik ki, Rusiyadan nəinki Azərbaycana, digər MDB ölkələrinə də pul köçürmələrinin həcmi artıb. Qeyd etdiyim kimi bunun başlıca səbəbi də Rusiyaya tətbiq olunan sanksiyalardır. Yəni, Rusiyada sahibkarlıq fəaliyyətinin perspektivi olmadığını görən bir çox sahibkarlar öz əmlakını, vəsaitini bu ölkədən çıxarırlar. Digər tərəfdən, Rusiyanın idxal potensialı Avropa və Amerika kimi ölkələrlə azaldığından digər başqa ölkələrdən müxtəlif çeşidli məhsulların idxalı artıb. Təbii ki, idxal artanda ölkədən çıxan vəsait də artır. Başqa sözlə, Rusiyanın iqtisadi əlaqələrinin strukturunda gedən dəyişiklik məhz ətraf ölkələrə pul köçürmələrin artmasını şərtləndirən əsas amillərdən biridir. Ona görə bu tendensiyanı biz növbəti dövrlərdə də müşahidə edəcəyik”.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı-ekspert Xalid Kərimli də vurğulayıb ki, son illər Rusiyadan digər MDB ölkələrinə pul köçürmələrinin həcmi əhəmiyyətli dərəcədə artıb: “Bunun da bir sıra səbəbləri var. Rusiyada yaşayan digər MDB ölkələrinin vətəndaşları sanksiyalardan qorunmağa çalışırlar. Ona görə də öz əmlaklarını, pul vəsaitlərini bu ölkədən çıxarırlar. Məsələn, Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyada yaşayan azərbaycanlılardan bir qrupu sanksiyalar və onun yaratdığı problemlərlə bağlı Azərbaycana köçüblər. Bu təkcə bizim ölkə üçün xarakterik deyil, digər MDB ölkələrində də vəziyyət eynidir. İkinci bir tərəfdən Rusiyadan bir sıra iş adamları, İT sahəsində məşğul olan insanlar Ermənistan qədər olmasa da, Azərbaycana da gəliblər. Məsələn, Azərbaycana 300-400 İT mütəxəssisi işçisi gəlibsə, Ermənistanda bu 30-40 min olub. Yəni, onlar sanksiyalardan qorunmaq üçün işlərini burada qururlar və Azərbaycan üzərindən də Rusiyaya ödəmələr həyata keçirirlər”.