Rusiyanın qaz hasilatı 6 ayda kəskin azaldı

09:50 01.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu ilin yanvar-iyun aylarında Rusiyada qaz hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz azalaraq 267 milyard kubmetr təşkil edib.

Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, bu barədə “Rosstat” rəsmi məlumat paylaşıb. Məlumatna görə, iyunda 34,6 milyard kubmetr qaz hasil edilib. Bu, əvvəlki illə müqayisədə 11,9 faiz, 2023-cü ilin may ayı ilə müqayisədə isə 12,5 faiz azdır.

Oxşar vəziyyət maye qazın istehsalında da yaşanıb. Bu ilin ilk altı ayında 16 milyon ton mayeləşdirilmiş təbii qaz (LNG) hasil edilib. LNG istehsalında azalma illik bazda 4,5 faiz təşkil edib. İyun ayında hasilat 2,3 milyon ton olub. Bu, 2022-ci ilin iyunundan 8,7 faiz, 2023-cü ilin mayından isə 20,9 faiz azdır.

“Kommersant”ın xəbərinə görə, iyunda Rusiyada qaz hasilatının azalması səngiyib. Bu, 2022-ci ilin yüksək bazasının təsirinin iyun ayından zəifləməyə başlaması ilə izah olunur.

Rusiya Milli Yanacaq-Enerji Kompleksinin İqtisadiyyat Mərkəzinin direktoru Aleksandr Amiraqyan bildirib ki, 2023-cü ildə Rusiyada qaz hasilatı 2010-cu ilin ortalarında qeydə alınan 620-640 milyard kubmetr səviyyəsinə düşə bilər. Onun sözlərinə əsasən, ilin ikinci yarısında Rusiya qazının ixracının azalması hasilat rəqəmlərinə təsir edəcək.

2023-cü ilin sonuna qədər qaz hasilatının təxminən 620-640 milyard kubmetr olacağı gözlənilir. Bu həcmlər 2010-cu illərin ortalarına uyğun olaraq 2022-ci ilin nəticələrindən 5-8 faiz aşağıdır.

“Qazprom” iyunda hasilatı təxminən 14,8 faiz azaldaraq 24,9 milyard kubmetrə endirib. İlin birinci yarısında isə bu göstərici 19 faiz azalaraq 204,7 milyard kubmetr olub.