Yay fəslidir, ilyarımdır koronavirus pandemiyası davam etsə də, xəstəliyin builki səngimə prosesi çərçivəsində həm də turizm sahəsinin canlandığını görürük. Yaşadığı ölkədən və milliyyətindən asılı olmayaraq, ilyarımdır evdə əsirə çevrilmiş insanlar bu yay 3-5 gün rahat istirahət eləmək, maddi imkanları qarşılığında arzusunda olduqları məkanı gəzmək istəyirlər. Ayrı-ayrı ölkələrdə əcnəbilərə qarşı (çox vaxt yerli əhaliyə də) qoyulan sərt məhdudiyyətlər insanların arzularına sədd çəkdiyi kimi, bəzi siyasi niyyətlər də sadə turistlərin haqlarını əlindən almaqdadır. Söhbət Rusiyanın aprel ayından üzübəri qardaş Türkiyəyə uçuşları dayandırmasından, rus turistlərin Türkiyəyə səfərinə dolayısı mane olmasından gedir.
Əlbəttə, Moskva bu məsələdə siyasi məna axtarmamağı təklif edir və bildirir ki, uçuşların dayandırılması sırf koronavirusun yaratdığı təhlükə ilə bağlıdır. Bu, Rusiyanın Ukraynaya verdiyi dəstəkdən dolayısı Türkiyədən acıq çıxmasından başqa bir şey deyil. Rusiyanın məntiqinin əsası yoxdur. Bu gün Türkiyədə koronavirusa yoluxmanın səviyyəsi Ruiyadakından iki dəfə aşağıdır. Hazırda Türkiyədə gündə 6 min civarında yoluxma, 80-90 sayda ölüm faktı olur. Rusiyada isə gündəlik yoluxma 10-11 min, ölüm sayı isə 380-400 civarındadır. Üstəlik, dünyanın ən sanballı düşüncə mərkəzləri bu qənaətdədirlər ki, Rusiya yoluxma və ölüm faktlarının sayını qəsdən olduğundan dəfələrlə az göstərir. Bu zaman, koronavirusun əlində əsir qalan Rusiya özündən qat-qat yaxşı vəziyyətdə olan və artıq əhalsinin 30 faizdən çoxunu aşılayan Türkiyəyə “pis” deyə bilər? Demək ki, siyasi iddialar Moskvanın gözünü kor edib, Qərb dünyası tərəfindən təcrid edildiyi halda, qollarını ona açan yeganə dövləti - Türkiyəni də özündən küsdürür.

Məsələ ondadır ki, Rusiyanın uçuşları dayandırması Türkiyə turizminə mənfi təsir etsə də, rusların özləri bundan heç də az ziyana düşmürlər. Birincisi, təyyarə şirkətlərinin cibinə ziyandır, ikincisi, aylaröncəsi, hətta ötən ildən Türkiyəyə səfər üçün turpaket alan, otellərdə otaq bron edən rusiyalı turistlar həm vaxt itirir, həm ödədikləri pulun aqibətinin necə olacağı sualı ilə üzləşiblər, həm də ən azından mənəvi sarsıntı keçirirlər. Nəticəsi də budur ki, əvvəlcədən Türkiyəyə bilet alan, otel otağı bron edən turistlərin 60 faizdən artığı Kremlin bütün təzyiqlərinə rəğmən, fikirlərindən vaz keçməyib və ilboyu nə vaxtsa Türkiyəyə səfər edəcəkləri günü gözləyirlər. Təbii ki, rəsmi Moskva may ayının sonunda qadağaların götürüləcəyni bildirmişdi, vaxt çatanda isə bu qadağalar yenidən üç həftə uzadıldı. İndi deyirlər, iyunun 21-dən sonra rusiyalı turistlər Türkiyəyə rahat gedə biləcəklər. Əlbəttə, Kreml yenidən “əmma”lar düşünüb tapmazsa…
İyunun 10-da Rusiyadan bir çox ölkəyə aviauçuşlar yenidən başlandı. Rusiyalı turistlər bu qərarın Türkiyəyə də şamil olunacağını gözləyirdilər, amma olmadı – Türkiyə uçuşlara başlanılan 10 ölkənin siyahısında yox idi. Həmin ölkələr Avstriya, Macarıstan, Livan, Lüksemburq, Mavritaniya, Mərakeş, Xorvatiya və Albaniyadır. Albaniyaya cədvəl əsaslı uçuşlardan əlavə çarter reyslər də açılır.
Bu arada iyunun 10-dan etibarən Rusiya tərəfi Azərbaycan, Ermənistan, Belarus, Yunanıstan, Misir, Qətər, Serbiya, Tacikistan və Özbəkistana olan mövcud uçuş saylarını da artırmaq haqda qərar verib. Məsələn, Rusiyadan Azərbaycana uçan təyyarələr normalda bakıya enirlər. Amma iyunun 10-da Moskvadan Lənkərana da təyyarələr uçmağa başlayıb. Həftədə bir dəfə həyata keçiriləcək uçuşlara yaxın gələcəkdə Sankt Peterburqdan Lənkərana açılacaq aviareys də əlavə olunacaq.
Yeri gəlmişkən, Moskvadan Lənkərana uçan ilk təyyarə özü ilə 170 sərnişin gətirib, 100-dən bir az artıq insanı isə Moskvaya aparıb.
Yenə dönək Rusiyanın Türkiyəyə turist göndərmək istəməməsinə və nəticədə yaranan vəziyyətə. Rusiya Turoperatorlar Birliyi (ATOR) hökumətə səslənərək, insanların tətil məqsədilə xaricə getməsi üçün aşılanmaya təşviq edilməsi və mövcud yasaqlardan doğan narazılıqları aradan qaldırmaq naminə rus turistlər arasında çox məşhur olan xarici məkanlara uçuşları bərpa etməyə çağırıb. Bu siyahıda isə ilk pillədə məhz Türkiyə dayanır.

ATOR sədrinin birinci müavini Vladimir Kantoroviç, Rusiyanın “Covid-19”la Mübarizə Baş İdarəsinin sədri, eləcə də baş nazirin müavini Tatyana Qolikovaya ünvanladığı məktubda bildirib ki, artıq ölkə daxilində turizm məkanlarında yer qalmayıb, Soçinin dəniz sahillərində isə ümumiyyətlə vəziyyət acınacaqlı həddə yüksəlib. Odur ki, Türkiyə başda olmaqla, xarici ölkələrə uçuşlar təcili açılmalıdır. V.Kantoroviç əlavə olaraq məktubda qeyd edib ki, ən azı, 1,3 milyon rusiyalı turist Türkiyədə istirahət etmək şansından məhrum olunub. Bu insan haqlarının tapdanması ilə yanaşı, həm də Rusiya turoperatorlarının 44 milyard rubl ziyana düşməsi deməkdir.
Bu arada, Rusiyada keçirilən rəy sorğusunda insanların yay tətili arzuları soruşulub. Tourdom.ru-nun keçirdiyi sorğuya qatılanların 42 faizi Türkiyə, Misir və Yunanıstana çarter reyslərinin açılmasını istədiklərini və yayda, hətta heç olmasa, payızda bu ölkələrdə istirahət etmək istədiklərini bildirib. Maraqlıdır ki, rəyi soruşulanların cəmi 4 faizi yay tətilini Rusiyanın daxilində keçirmək istədiyini bildirib. Onlar da ki əsasən aztəminatlı insanlardır.
Söz yox ki, birbaşa uçuşlar olmasa belə, yenə də Türkiyəyə gedən minlərlə rusiyalı turist var. Türkiyə hökumətinin statistik məlumatlarında deyilir ki, bu ilin ilk dörd ayında ölkəyə daxil olan əcnəbi turistlərin siyahısında say etibarilə ilk beşlikdə birinci yeri ruslar, daha sonra isə ukraynalılar, almanlar, bolqarlar və iranlılar tutur. Ruslar Türkiyəyə təyyarə dəyişməklə, daha çox vaxt itirməklə və vəsait xərcləməklə gəlirlər. Bu da sübut edir ki, Türkiyə öz gözəlliyi, eləcə də turizm sektorunda turistlər üçün yaradılan mükəmməl şəraitlə, Avropa ilə müqayisədə daha münasib qiymətlərlə, alış-verişi ilə və ən əsası, koronavirus təhlükəsindən maksimum sığorta ilə özünə çəkməkdədir.
Azərbaycanda yaxşı bir deyim var: sirkə tünd olub öz qabını çatladar. Kreml rusiyalıları nə qədər təzyiq altında saxlasa da, heç bir səbəb olmadan onların dincəlmək, səyahət etmək hüquqlarını əllərindən alsa da, insanların zövqünü dəyişə bilməz. Zövq gözəllik tələb edir, Türkiyə isə müasir turistlər üçün sözün hər mənasında heyran edir, cənnətdir. Rusiya hökumətinin imperialist mövqeyindən yanaşaraq, Ukrayna ilə dostluğunu qısqanaraq Türkiyəyə iqtisadi-maliyyə təzyiqi göstərmək cəhdləri öz əhalisini bezdirməkdədir. Məlumatlara əsasən, ölkənin xüsusilə ziyalı təbəqəsinin nümayəndələri, artıq Rusiyadan birdəfəlik köçüb getməkdədirlər. “Gallup”un son hazırladığı anketə görə, miqrasiya edən rusların 40 faizi Birləşmiş Ştatlara, 15 faizi Almaniyaya üz tutmaqdadır. Hamısının da mövqeyi eynidir: Rusiyada insani azadlıq yoxdur, inflyasiya baş alıb gedir, gündən-günə səfalət dərinləşir, qiymətlər yüksəlir, işsizlik artır və sair.
Doğrudan da hazırda Rusiyanın zənginliyi bir qrup şəxsin cibindədir. “Boston Consultig Group”un araşdırmasına görə, ölkədə ən zəngin 500 nəfərin ölkədəki bütün maliyyə varlıqlarının 40 faizinə nəzarət edir. Müqayisə üçün deyək ki, Rusiya Mərkəzi Bankının ümumi ehtiyatları 605,9 milyard dollar, vətəndaşların banklardakı ümumi depozitinin həcmi isə 455,6 milyard dollardır. 147 milyonluq Rusiya əhalisi sosial həyatın bir qütbündə, cəmi 57 min milyonçu isə digər qütbündədir. Əlbəttə, Rusiya ölkə daxilindəki bu dəhşətli sosial böhranı, Türkiyə kimi inkişaf edən ölkələrə qarşı, guya güc nümayiş etdirirmiş kimi, riyakar münasibət göstərməklə pərdələmək, ictimaiyyətin başını qatmaq istəyir.