Rusiyanın xarici ticarətində “dost ölkələrin payı” 70 faizə çatıb

09:26 23.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Çin, Hindistan, Türkiyə və Avrasiya İqtisadi Birliyi ölkələri də daxil olmaqla, Moskvaya qarşı sanksiyalar tətbiq etməyən “Dost ölkələr”lə ticarəti ilin sonuna kimi bütün ticarət dövriyyəsinin 70 faizinə çatacaq.

Hafta.az-ın yazdığına görə, bu haqda məlumat verən İqtisadi İnkişaf Nazirliyinin rəis müavini Vladimir İliçevin sözlərinə görə, 2022-ci ildən bəri Rusiyanın ixracatında dost ölkələrin payı 2 dəfə artdığı halda, 2 il ərzində dolların ticarət dövriyyəsinin hesablanmasında payı 3 dəfə azalıb.

Rusiya baş nazirinin müavini Aleksandr Novak daha əvvəl “Energy Policy” jurnalı üçün yazdığı məqalədə Rusiyadan Hindistana neft tədarükünün 2022-ci ildə 19 dəfə artaraq 41 milyon tona, neft məhsullarının isə 2 dəfə artaraq 6,2 milyon tona çatdığını bildirmişdi.

Hindistana kömür tədarükü 3 dəfə artaraq 20 milyon tona çatıb. 2022-ci ildə Çinə neft ixracı 28 faiz artaraq 89 milyon tona, LNG tədarükü 35,2 faiz, boru kəməri ilə qaz təchizatı 1,5 dəfə, kömür tədarükü 25 faiz artıb.

Rusiya Çinin aparıcı neft tədarükçüləri arasında ikinci, Hindistana neft nəqlində isə birinci yerdədir. Rusiya həmçinin Çinə boru kəməri qazının tədarükünə görə ikinci, LNG ixracına görə isə dördüncü yeri tutur. "Bu tendensiya bu il də davam edəcək", - Novak bildirib.

Hindistanın Ticarət və Sənaye Nazirliyinin məlumatına görə, Rusiya Hindistanın beş ən böyük ticarət tərəfdaşı sırasındadır.

Türkiyə ilə Rusiya arasında ticarət həcmi 60 milyard dolları keçərək tarixin ən yüksək həddinə çatıb. İlin sonuna qədər bu rəqəmin 70 milyard dolları keçəcəyi gözlənilir. Eyni şəkildə, iki ölkə arasında yerli valyuta ilə ticarət də sürətlə gedir.