Azərbaycanda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda dəyişiklik ediləcək. Qeyd edək ki, qanuna nəzərdə tutulan əsas dəyişikliklər yoxlayıcı qurumların məsuliyyətinin artırılması, yoxlama prosesinin daha dəqiq idarə olunması, sahibkarların və yoxlayıcıların və sahibkarların hüquq və vəzifələrinin müəyyən edilməsinə aiddir.
Xatırladaq ki, ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar müəyyən istisnalarla 2024-cü il yanvarın 1-dək dayandırılıb.
Sözügedən sənəddə “Yoxlama obyekti” anlayışı və onun əhatə dairəsi müəyyən olunur. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin sözlərinə görə, bu yanaşma yoxlama obyektinin hər hansı biri üzrə yoxlama aparıldıqda, sahibkarın fəaliyyətinin bütövlükdə dayandırılmamasına imkan verəcək. Təklif olunan digər əlavələrə əsasən, yoxlama prosesində sahibkara səlahiyyətli nümayəndə vasitəsi ilə iştirak etmək hüququ verilir ki, bu da sahibkara yoxlama zamanı əsas fəaliyyəti üzrə işləri dayandırmamağa imkan verməklə, sahibkarlıq fəaliyyətinə rəhbərliyin fasiləsizliyini təmin edir.
Qanuna nəzərdə dəyişikliklər layihəsində, eyni zamanda, dövlət qulluqçusu olmayan yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi qaydasına aydınlıq gətirilir. Bildirilir ki, yoxlamaların dövriliyi, yoxlama zamanı aşkar edilmiş pozuntuların və onlara görə tətbiq edilən məsuliyyət tədbirlərinin sayı, cərimələrin və maliyyə xarakterli digər sanksiyaların məbləği yoxlayıcı orqanların fəaliyyətini qiymətləndirmək üçün nəzərə alınmır. Bu isə öz növbəsində, yoxlayıcı orqan səlahiyyəti verilmiş publik hüquqi şəxslərin əməkdaşlarının fəaliyyətinə nəzarəti təmin etməklə, onların məsuliyyətini artırır. Eyni zamanda, yoxlayıcı orqanların fəaliyyətində şəffaflığın və məsuliyyətin artırılmasına xidmət edir.
Layihəyə əsasən, dövlət qulluqçuları olan yoxlayıcılar “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun tələblərinə əməl etməlidirlər. Həmin Qanunun etik davranış qaydalarına dair tələbləri dövlət qulluqçusu olmayan yoxlayıcılara da şamil olunur. Yoxlayıcı yoxlanılan hüquqi şəxsin təsisçisi, fərdi sahibkarın, hüquqi şəxsin təsisçisinin, idarəetmə orqanlarının üzvlərinin yaxın qohumu olduqda yoxlama apara bilməz.
Qanun layihəsində, həmçinin nümunələrin dəyərinin ödənilməsi ilə bağlı təkliflər əks olunub. Təkliflərə əsasən, götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi, onların saxlanılması, tədqiq edilən parametrlərin dəyişməz saxlanılması, daşınması, tədqiqi, alınmış nəticələr barədə məlumat verilməsi, məhsulun daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər yoxlayıcı orqan tərəfindən ödənilir.
Layihənin 24-cü maddəsində nəzərdə tutulan dəyişikliklər yoxlayıcı orqanların qərarlarından və hərəkətlərindən şikayət verilməsi qaydasını müəyyən edir. Belə ki, təklifə əsasən qərarları və hərəkətləri barəsində şikayət olunan yoxlayıcı orqanların yuxarı dövlət orqanı olmadıqda, sahibkarlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana şikayətlə müraciət edə biləcəklər.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli bizimlə söhbət zamanı xatırladıb ki, Azərbaycanda biznes sektorunda yoxlamaların dayandırılması barədə 2016-cı ildə Prezident tərəfindən fərman verilib: “Xatırlayırsınızsa, devalvasiyadan sonra ölkədə ciddi bir böhran var idi. Həmin dövrdə hökumət rəhbərləri tək çıxış yolunun sahibkarlığın inkişafı olduğu haqqında qənaətə gəlmişdilər. Və beləliklə bəzi istisnalar olmaqla bütün yoxlamalar dayandırıldı. Əslində bizdə bununla bağlı əvvəl də qanunvericilik bazası var idi, elə indi də var. Problem qanunvericiliyin təkmil və ya qeyri-təkmil olmasında deyil. Əsas problem bu qanunun hansı niyyətlə tətbiqindədir. Bizim tənzimləyici orqanlarda işləyən məmurlarımız nə qədər ki, indiki niyyətlə yoxlamaya yanaşırlarsa, qanunun hansı dərəcədə şəffaf, təkmil olmasından asılı olmayaraq yoxlamalar sahibkarlığın inkişafına deyil, sahibkarlığın probleminin daha da artmasına gətirib çıxaracaq. Düzdür, yeni sənəddə bir sıra məsələlər öz əksini tapıb və qanunun yenilənməsi yaxşı haldır. Amma ümumiyyətlə, son 7 ildə sahibkarlar yoxlamalardan azad olduğuna görə, hökumət də fikirləşir ki, nə zamansa yoxlamalar başlamalıdır. Lakin bir daha qeyd edirəm ki, Azərbaycanda biznes mühitinin, rəqabət mühitinin, sahibkarlığın inkişafının qarşısında duran əsas problem qanunvericiliyi tətbiq edən məmurların niyyətinin pis olmasıdır. Bu baxımdan Prezident də yoxlamaların lazımi effekt vermədiyini nəzərə alaraq mövcud qanunun tətbiqini müvəqqəti olaraq ləğv edib. Hesab edirəm ki, dövlət bu sahədə yoxlamalara başlamaq niyyətindədirsə, bu minimal və riskə yönəlik səviyyədə olmalıdır. Əslində qanundakı yeni dəyişikliklər də bunu nəzərdə tutur. Ancaq bunun nə dərəcədə tətbiq ediləcəyi zamanla məlum olacaq. Lakin ümumi vəziyyət budur ki, ötən müddət ərzində heç də tənzimləyici orqanlardakı məmurlarımızın etik səviyyəsi kəskin şəkildə yüksəməyib. Ona görə də yoxlamaların bərpa olunmasına bir qədər ehtiyatlı yanaşmaq lazımdır”.