Azərbaycanın suveren ərazilərində separatizmi təmsil edən bütün izlər silinməkdədir. İşğaldan azad edilən ərazilərdə ilk öncə saxtakarlıqla erməniləşdirilən tarixi adlarımızı, qədim tariximizi əks etdirməsinə baxmayaraq, qondarma tarixlə mənimsənilən, dünyaya da uzun illər o cür təqdim edilən maddi-mədəni irsimizi özümüzə qaytardıq. İndi isə növbə Yuxarı Qarabağda, vaxtilə erməni terrorunun yuıvası halına gələn Xankəndidə işğal illərində inşa edilmiş, separatizmi simvolizə edən tikililərin söküntüsünə başlanılıb.
Separatçı xunta rejiminin Xankəndi şəhərində 1994-cü ildə inşa etdiyi və 2009-cu ildə yenidənqurma işləri apardığı “parlament” binasının Azərbaycan Hökumətinin göstərişinə əsasən sökülməsinə başlanılıb. Üçmərtəbəli, sahəsi 1 350 kvadratmetr olan binada qondarma rejimin 33 “deputat”ı fəaliyyət göstərdiyi dövrdə separatçıların mənfur siyasətini dəstəkləyiblər.
Azərbaycanda hazırda çox mühüm tarixi proseslər yaşanır. Ölkəmizin ərazisində ikinci erməni dövləti qurmaq istəyən xunta rejiminin rəhbərləri ötən il antiterror tədbirləri nəticəsində bir-bir həbs olundular. İndi isə onların səpdikləri separatizm toxumları məhv edilir. Mənfur düşmənin daha bir tikilisi – üstdən baxdıqda xaç formasında inşa edilmiş “veteranlar” binasının da sökülməsi işlərinə başlanılıb. Hansı veterandan söhbət gedir, buna Ermənistan rəhbərliyi cavab verməlidir. Onlara bir daha xatırlatmaq lazımdır ki, başqa dövlətin ərazisinə həyasızcasına soxulub, orada kütləvi qırğınlar, vandalizm aktları törədən, separatizm siyasəti həyata keçirənlərə hansı üzlə veteran adı veriblər?! Artıq illərlə törətdikləri və rəhbərlik etdikləri cinayət əməllərinə görə onların qanun qarşısında cavab vermək zamanıdır.
Azərbaycan dövləti daim tolerant siyasət yürüdərək, Qarabağdakı separatizm qalıqlarını diplomatik yolla təmizləmək istəyini bütün beynəlxalq platformalarda bəyan edib. Buna məhəl qoymayan Ermənistan hakimiyyəti və başda Makron Fransası olmaqla onun havadarları məsələnin ciddiliyini, Azərbaycanın gücünü və Prezident İlham Əliyevin iradəsini nəzərə almamaqla böyük səhvə yol veriblər. İki ölkə arasında sülh sazişinin imzalanması, regional sabitliyin təmin edilməsi qərəzli qlobal güc mərkəzlərinin siyasi xəttinə uyğun olmasa da, müharibədən məğlub çıxmış, siyasi xətti olmayan Ermənistan üçün sülh sazişi imzalamaq hava-su kimi vacibdir. Güman edirik ki, Ermənistanda bunu gec olmadan anlayacaqlar.
Aparılan söküntü işləri ilə bağlı Ermənistanda yenidən hay-küy salıblar. Revanşistlər özləri də bilirlər ki, atılan bu addımlarla bölücü, separatçı ideyalar da tarixin zibilliyinə atılır.
Politoloq Rəşad Bayramov bildirir ki, ermənilərin yalançı hay-küyləri heç nəyi dəyişməyəcək:
“Biz illərdir yalançı erməni hay-küyünə öyrəşmişik. Azərbaycan öz ərazilərində hər hansı abidəyə zərər vurmadığı halda, ermənilər dəfələrlə ayrı-ayrı məhkəmələrə, beynəlxalq qurumlara “erməni tarixi abidələrinin, erməni mirasının" dağıdılması barədə yalançı məlumatlar veriblər. Azərbaycan erməni yalanlarını ifşa etmək üçün YUNESKO-nun müvafiq qurumlarını işğaldan azad olunmuş ərazilərə dəvət edərək monitorinq aparılmasını təklif edib. Bu günə qədər həmin qurumlar ərazimizdə hər hansı araşdırma aparmamışlar. Onlar yaxşı bilirlər ki, ortaya çıxan fakt məhz ermənilərin illərlə işğal altında saxladıqları ərazilərdə saxta tarix yaratmaqla məşğul olduğunu, Azərbaycana aid mədəni tarixi abidələrin məhv edilməsini ortaya çıxaracaqdı. Ona görə də ermənilərin yenə hansısa yalanlar uydurması bizim üçün əhəmiyyətli deyil. Bu gün Azərbaycana qarşı sanksiyalar, yalançı hesabatlar hazırlayan Avropa, Qərb təsisatları əsl faktları, həqiqəti bilmək istəyirlərsə, Azərbaycan ərazilərində erməni separatçılarının törətdiyi dağıntılara baxmalıdır”.
Politoloq bildirir ki, hazırda işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri aparılır, şəhərlərin, kəndlərin baş planları hazırlanır. Onun sözlərinə görə, təbii olaraq aparılan tikinti işləri zamanı tarixi keçmişi abidələrin bərpası da nəzərdə tutulur. Eyni zamanda, işğal dövründə ermənilərin tikdiyi yalançı tikililər tarixi abidələr kateqoriyasına aid deyil.
“Ermənilərin tikdiyi binalar faktiki olaraq işğal nümunələridir və bunlar hər hansı dəyərə malik deyil. Ona görə də işğal dövründə tikilmiş, eyni zamanda, şəhərin ümumi görünüşünə xələl gətirən, Azərbaycanın hazırladığı Baş plana uyğunsuz olan istənilən tikili sökülməlidir. Xankəndidə qondarma parlament binasının söküntüsü də bu prosesin tərkib hissəsidir. Ərazilərimizdə Azərbaycan Bayrağı dalğalanır. Bu yaxınlarda Xankəndiyə köç başlanacaq. Bu gün o yerlərdə erməni separatizminə xidmət etmiş binaların qalması mümkünsüzdür, sökülməsi labüddür”.