Kremlə açıq dəstəyi ilə tanınan məşhur serb rejissor Emir Kusturitsa Ukraynada “Pravoslav Kilsəsinə təzyiqlər" haqqında film çəkib. İlk dəfə Serbiyada təbliğ edilən filmin adı “Məsihin Xalqı”dır. Serbiya Patriarxı Belqradda premyerası olan filmin açılışında çıxış edib.
Hafta.az-ın yazdığına görə, filmin baş prodüseri Mirko Radenoviç jurnalistlərə bildirib ki, sənədli filmin prodüserləri həm də filmdə təsvir olunan hadisələrin qəhrəmanlarıdır. Bu şəxslər arasında Genuyadan olan pravoslav keşiş, filosof və şair Mario Selvini, Serb Pravoslav Kilsəsindən arxiyepiskop İriney Baxski, Kembric Universitetinin müəllimi Vukan Markoviç və Donbas əsilli prodüser Yuri Bardaş var.
“Eurasia Daily” xəbər verir ki, qalaya Avropanın müxtəlif ölkələrindən nümayəndələr, o cümlədən Gürcüstanın Belqraddakı səfiri, Macarıstan və Slovakiyadan nümayəndələr dəvət olunub.
Prodüser filmin mümkün qədər çox ölkədə, xüsusən də Rusiyada nümayiş olunacağına ümid etdiyini, həmçinin böyük pravoslav icmalarının olduğu Yunanıstan və Rumıniyada da layihələrinə dəstək tapacaqlarına ümid etdiklərini bildirib.
Kusturitsa son aylar Rusiyada iştirak etdiyi tədbirdə Dostoyevskinin iki əsərini kinoya uyğunlaşdırmağı planlaşdırdığını açıqlayıb.