Sərhəddə erməni təxribatına “Dəmir Yumruq” cavabı – TƏHLİL

10:27 13.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

2-ci Qarabağ savaşının başlamasının ikinci ildönümünə sayılı günlər qalmış Ermənistanın dövlət sərhəddində növbəti genişmiqyaslı hərbi təxribatlarının şahidi olduq.

Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında da bildirilir ki, Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.

Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə zəruri addımlar atılır. 

Göründüyü kimi, Azərbaycan tərəfinin əsas məqsədi hərbi təxribatların miqyasını lokallaşdırmaq və bölgədə yeni genişmiqyaslı müharibə riskini ortadan qaldırmaqdır.

İndi hər kəsi bir sual düşündürür. Ermənistanın sərhəddəki təxribatlarında məqsəd nədir? İrəvan kimə və nəyə arxalanır?

Əslində son bir neçə həftədə sözügedən istiqamətlərdə atəşkəsin pozulması ilə bağlı xəbərlər verilirdi. Ermənistanın bu istiqamətlərdə hərbi mövcudluğunu artıqmaq cəhdlərinin də şahidi olurduq. Bir neçə gün əvvəldən başlayaraq isə, Ermənistan tərəfindən təxribatlarına haqq qazandırmaq üçün "məsuliyyəti" Azərbaycanın üzərinə qoymaq kampaniyasına start verilmişdi. Hərbi təxribatlara Azərbaycanın ən kəskin formada cavab verəcəyini bilən Ermənistan rəsmi səviyyələrdə sərhəddə genişmiqyaslı toqquşmalar olacağını da "proqnozlaşdırmışdı".

Brüssel görüşündən sonra sanki tərəflər arasında sülh sazişinin imzalanacağı, belə bir mühitin yetişdiyinə air təəssürat formalaşmışdı. Lakin bölgədə gedən son proseslər, kənar müdaxilələr, yenə də İrəvanın ikili oynaması bu şansın da əldən çıxmaq üzrə olduğunu göstərir.

Fikir verin, Ukraynada Rusiya ordusu çətin vəziyyətdədir və tutduğu ərazilərdən sürətlə geri çəkilir. Moskva bütün hərbi imkanlarını məhz Ukraynaya istiqamətləndirib. Bunun fonunda bir neçə gün əvvəl baş nazir Nikol Paşinyan Rusiyaya səfər edir və Putinlə görüşür.

Ardınca ABŞ-ın Cənubi Qafqaz danışıqları üzrə xüsusi nümayəndəsi Filip Rikourun bölgəyə səfəri başlayır. Ermənistanda üç gün qalan amerikalı diplomat Azərbaycan-Ermənistan məsələsi, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi, bölgədəki siyasi vəziyyətlə bağlı İrəvan rəsmiləri ilə eninə-boyuna müzakirələr aparır, planlar cızır. Bundan əvvəl isə Ermənistan müdafiə naziri ABŞ-a səfər etmişdi.

Amerikalı diplomatın İrəvanda olduğu müddətdə Ermənistanda revanşist çıxışların sayı artır, Rəsmi İrəvan isə yenidən reallıqdan uzaq olan tələblər irəli sürərək danışıqlar prosesini çıxmaza sürükləyir.

Filip Rikour Ermənistanı tərk edən kimi isə sərhəddəki təxribatlar baş verir. Bu qədər hadisələrin üst-üstə düşməsi sadəcə təsadüf deyil.

Təxribatlara cavab olaraq Azərbaycanın Ordusunun əməliyyatları fonunda erməni baş nazir Nikol Paşinyanın ilk işi hərbi yardım üçün Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, BMT-yə müraciət etmək, Rusiya və Fransa prezidentlərinə, ABŞ dövlət katibinə zəng etmək oldu.

Göründüyü kimi, İrəvan Ukraynada rus qoşunlarının geriləməsi fonunda Bakı ilə Moskvanı qarşı-qarşıya gətirmək, bölgədə Azərbaycanın yaratdığı reallıqlar əsasında sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiyaların açılması, sülh sazişinin imzalanmasında maraqlı olmayan Vaşinqton və Parisin "Minsk Qrupunu dirçəltmək" planlarının reallaşması, KTMT üzvləri ilə Azərbaycanın yüksək səviyyəli ikitərəfli əlaqələrinə zərbə vurmaq kimi məkrli məqsədlər güdür. Başlıca hədəf isə, təbii ki, Azərbaycanın çox qısa zamanda Yuxarı Qarabağ və Qərbi Zəngəzur ərazisində aparılan bərpa işlərini əngəlləmək, azərbaycanlıların öz doğma yurdlarına qayıdışını ləngitməkdir.

Təbii ki, rəsmi Bakının istər diplomatik, istərsə də hərbi-siyasi müstəvidə atdığı addımlar Ermənistan rəhbərliyinin sülh danışıqlarını pozmaq üçün növbəti oyunlarına da ciddi zərbə vurdu.

Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın işğaldan azad edilən sərhəd ərazilərində sabitliyin bərqərar olması, təhdidlərin aradan qaldırılması üçün Ermənistanla sərhəddə təhlükəsizlik zonasının yaradılması artıq labüd hal alıb. Həmçinin sülh və sabitliyə təhdid yaradan "şər yuvası" birdəfəlik məhv edilməlidir. Bölgədə erməni revanşizminin yenidən baş qaldırmasına qətiyyən imkan vermək olmaz. Hazırda müzəffər Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar da məhz bu amala xidmət edir.