Səudiyyə Ərəbistanı "Boeing"dən 80-dən çox sərnişin təyyarəsi alacaq

10:16 15.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı ABŞ-ın aviasiya şirkəti Boeing-dən 80-dən çox sərnişin təyyarəsi almaq üçün razılığa gəldiklərini açıqlayıb. "787 Dreamliner" təyyarəsinin Səudiyyə Ərəbistanının yeni yaradılmış Riyad Hava Yolları donanmasına qoşulacağı gözlənilir.

Hafta.az-ın yazdığına görə, Boeing-dən verilən açıqlamada Səudiyyə Ərəbistanının sərvət fondunun hava yolu şirkəti "Riyadh Air" və eyni zamanda hökumətə məxsus olan "Saudia Airlines"ın ilk mərhələdə hər biri 39 təyyarə alacağı qeyd edilib.

Ağ Evin sözçüsü Karine Jean-Pierre verdiyi yazılı açıqlamada, razılaşmanı Səudiyyə Ərəbistanı və Amerika sənayesi arasında "80 illik əməkdaşlıqda bir mərhələ" olaraq xarakterizə edib. Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri şahzadə Rima bint Bender "Boeing"lə əldə olunan razılaşmanı “iki ölkə arasında güclü strateji tərəfdaşlığın göstəricisi” kimi qiymətləndirib.

ABŞ Dövlət Departamentindən verilən açıqlamada uzun danışıqlardan sonra əldə olunan razılaşmaların ümumi dəyərinin təxminən 37 milyard dollar olduğu bildirilib.
"Boeing" Hindistanla da 200 sərnişin təyyarəsi üçün müqavilə imzalayıb.

Bu arada, Hindistanın "Air India" aviaşirkəti keçən ay "Boeing"dən 200-dən çox təyyarə almağa razılaşıb və bu, şirkətin tarixində ikinci ən böyük ticarət müqaviləsidir. Bildirilir ki, Hindistan və Səudiyyə Ərəbistanı ilə bağlanacaq müqavilələr ABŞ-ın 44 ştatında aviasiya sənayesi təchizat zəncirində bir milyondan çox işə dəstək verəcək. Qeyd olunur ki, "Boeing 787 Dreamliner" sərnişin təyyarələri "General Electric"in ən qabaqcıl mühərrikləri ilə təchiz ediləcək.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bildirib ki, yeni yaradılan aviaşirkət ölkənin coğrafi mövqeyindən yararlanaraq Ər-Riyadı nəqliyyat, ticarət və turizm sahələrində dünyaya açılan qapıya çevirəcək.