Sığorta bazarında canlanma - Aktual

14:26 06.04.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu ilin əvvəlində Türkiyənin 11 rayonunda ard-arda baş verən dağıdıcı zəlzələ sığortanın vacibliyi məsələsini yenidən gündəmə gətirdi. Qeyd edək ki, bu dağıdıcı fəlakətin Azərbaycanda daşınmaz əmlakın sığortası, eyni zamanda satışı bazarına müəyyən qədər təsir edəcəyi proqnozlaşdırılırdı. Bəs, görəsən, Türkiyədəki zəlzələdən sonra ölkəmizdə hazırda bu yöndə, xüsusilə sığorta sahəsində canlanma varmı? Əmlak sığortasında zəlzələnin rolu hiss olunubmu?

Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 221,068 milyon manat sığorta haqqı toplanılıb. Azərbaycan Mərkəzi Bankın məlumatına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 24 faiz çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 70,514 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 81,1 faiz çoxdur. 2 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 31,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 21,8 manat olub.

Mövzu ilə bağlı sığorta eksperti İlkin İbrahimov bizimlə söhbətində bildirib ki, Türkiyədəki zəlzələ səbəbindən daşınmaz əmlakın həm icbari, həm də könüllü sığortalanmasında fərq hiss olunur: "Bunu Mərkəzi Bankın statistikasından da aydın şəkildə görmək mümkündür. Belə ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda 221,068 milyon manat sığortahaqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 24 faiz çoxdur. Artımın əsas səbəbi həm sığorta sektorunun inkişafı, həm də Türkiyədə baş verən zəlzələdir. Statistika göstərir ki, 2016-cı ildən etibarən sığorta sektoru dinamik olaraq artır. Yəni, sığortahaqları hər il əvvəlki illə müqayisədə təxminən 15 faiz artır”.

Ekspert vurğulayır ki, Azərbaycanda ən populyar sığorta növü avtonəqliyyat vasitələrinin icbari sığortası olsa da, illərdir ən çox sığortahaqqı həyat sığortasından yığılır: “Ümumiyyətlə, ölkəmizdə könüllü həyat sığorta növləri sığorta yığımlarına görə ən çox yığım olan sığorta növlərindən biridir. Adından gördüyümüz kimi, vətəndaşlar bu növ sığortaya könüllü şəkildə cəlb olunurlar. Həyat sığortasında isə yəni həyatımızın yaşamla bağlı olan məsələlərinə bu təsir edir. Hazırda həyatın yaşam sığortası vardır ki, bu könüllü növlərə aiddir. Bizim əməkhaqqımızdan aşağı və ya yuxarı olmasından asılı olaraq burada sığortalanmaq mümkündür. Yəni biz öz həyatımızı sığortalayırıq. Həyatımızın hər hansısa bir məqamında əgər xəsarət alırıqsa, ömrümüzü bitiririksə, yəni qəfildən gözlənilməz hadisələr baş verdiyi zaman bizim varislərimiz üçün sığorta kompensasiyaları verilir. Bu sığorta kompensasiyaları böyük həcmdə verilir. Bu bizim əməkhaqımızın 50 faizi qədər hansı ki, sosial ödənişlərlə bağlı hissəsi yığılır, üç və ya beşillik müddətdə yığım sığortasında toplanır, üzərinə müəyyən dərəcədə faiz gələrək  müqavilə müddətinin sonunda sığortalılara geri qaytarılır. Yəni bu ölkəmiz üçün ən optimal olan variantdır. Bu eyni zamanda  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan aldığımız pensiya ilə müqayisə oluna bilər. Bildiyiniz kimi, pensiya yaşına çatmaq üçün, müəyyən kapital yığılması üçün biz daha çox – 25 il müddətinin keçməsini gözləyirik. Lakin həyat sığortasında belə gözləmələr daha azdır.”

Onun sözlərinə görə, hazırda insanlar arasında könüllü həyat sığorta növlərinə maraq yüksəkdir: “Pandemiya, xüsusən koronavirusla bağlı məsələlərdə doğurdan da həyatımız üçün riskləri qaçılmaz hala gətirib çıxardı. Pandemiyayla əlaqədar mənfi hallar yaşansa da, sığortayla bağlı sığorta məhsulları daha da çoxaldı. Məsələn, vətəndaşlarımız koronavirus məhsulları almağa başladılar. Həyat sığortasıyla, sağlamlıq sığortasıyla bağlı vətəndaşların daha çox müraciət etməsi sığorta yığımlarının dinamikasında artımlara gətirib çıxardı. Ümumilikdə vətəndaşların əksəriyyəti hansı ki, sığortayla bağlı hələ də fikirləşmə mövqeyində  olanlar da,  gedib özlərini sığortalamağa önəm verdilər ki, gələcəkdə hər hansısa risklərin qarşısı alınsın. Həyat sığortasının bu qədər populyar və demək olar ki, problemsiz olması həm də burada sığorta ödənişləri zamanı daha az mübahisənin olması ilə əlaqəlidir”.

Məsələyə münasibət açıqlayan hüquqşünas Əkrəm Həsənov isə qeyd edib ki, bu gün ölkəmizdə sığorta şirkətlərinə etibar azdır: “Bunun səbəbi sığorta şirkətlərinin bir sıra hallarda sığorta ödənişini etməmək üçün bəhanələr gətirmələridir. Sığorta şirkətlərini, eləcə də vətəndaşları daşınmaz əmlakları sığortalamağa stimullaşdırmaq üçün müştərək sığorta modelindən istifadə edilməlidir".

Onun sözlərinə görə, bu istiqamətdə vətəndaşlar arasında da məlumatsızlıq hökm sürür: “Mənzillərin müxtəlif hadisələr səbəbindən zərər görməsi tez-tez rastlaşdığımız haldır. Bu hallarda, vaxtında  riskləri doğru dəyərləndirməyən, baş verə biləcək xoşagəlməz hadisələri əvvəlcədən nəzərə almayan vətəndaşlar çətin vəziyyətə düşürlər. Əmlakı ziyan görmüş şəxs evini vaxtında sığortalamayıbsa, onun xərclərini qarşılayan olmur. Ona görə də mülk sahibi olan vətəndaşlar mənzillərini, ümumilikdə əmlaklarını sığortalatdırmağa maraq göstərməlidirlər. Ölkəmizdə daşınmaz əmlakın sığortalanması "İcbari sığortalar haqqında"  qanunla tənzimlənir. Daşınmaz əmlakın sığortası ölkəmizdə mövcud olan yaşayış və qeyri-yaşayış əmlakları üçün məcburidir. Qanuna əsasən, daşınmaz əmlakının icbari sığortası olmayan fiziki şəxslərə 30, vəzifəli şəxslərə 80, hüquqi şəxslərə isə 200 manat məbləğində cərimə nəzərdə tutulub. Bakıdakı ev və mənzillərin illik sığorta haqqı 50, Gəncə, Sumqayıt və Naxçıvanda 40, digər şəhər və rayonlarda isə 30 manatdır. Müvafiq olaraq, paytaxtdakı mənzillərə 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvandakılara 20 min, digər şəhər və rayonlardakı mənzillərə isə 15 min manat sığorta təminatı verilir. Qeyri-yaşayış obyektlərində isə sığorta tarifləri həmin əmlakın yerləşdiyi yerə, təyinatına və həcminə görə müəyyən edilir. Qanundan irəli gələn tələblərə görə, yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində qısaqapanma, maşınların, aparatların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən daxil olan su nəticəsində subasma və digər oxşar hallar sığorta hadisəsidir. Həmçinin təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi də daşınmaz əmlakın icbari sığorta növü üzrə sığorta hadisəsi hesab olunur”.