2008-ci ildə qlobal maliyyə böhranından sonra ən böyük iflaslardan biri kimi qeydə alınan Silicon Valley Bank-ın (Silikon Vadisi Bankı) (SVB) iflası bazarlarda “domino effekti” narahatlığı yaradıb.
Hafta.az-ın Newswee-ya istinadən yazdığına görə, başlanğıc texnologiya şirkətləri ilə işləyən bankın müflis olması çoxlarını narahat edib. Kanada, Hindistan və Çin kimi ölkələrin sənaye nümayəndələri iflasın genişmiqyaslı böhrana səbəb olacağını bildiriblər.
İngiltərədəki 250 texnologiya şirkətinin lideri maliyyə naziri Ceremi Hanta məktub yazaraq, ondan məsələyə müdaxilə etməsini istəyib. Məktubda qeyd edilib ki, bir çox şirkət bir gecədə məcburi ləğv edilməli ola bilər. Hunt cavab olaraq, zərəri azaltmaq üçün Baş nazir Sunak və Mərkəzi Bankın rəhbəri Beyli ilə birlikdə çalışdıqlarını söyləyib.
SVB-nin Danimarka, Çin, Almaniya, Hindistan, İsrail və İsveçdə filialları var. Sahibkarlar xəbərdarlıq edirlər ki, dövlətin müdaxiləsi olmasa, bankın müflisləşməsi dünyada bir çox şirkətləri batıra bilər.
Maraqlıdır, Silicon Valley Bank necə müflisləşib? 2008-ci ildə “Washington Mutual”ın dağılmasından sonra ən böyük bank uğursuzluğu olan SVB-nin iflası həm də Amerika tarixində ikinci ən böyük bank uğursuzluğu sayılır. Bankın müflisləşməsinə diqqət çəkən CNN, ABŞ Federal Ehtiyatlar Sisteminin son bir ildə inflyasiya ilə mübarizə aparmaq üçün həyata keçirdiyi aqressiv faiz artımı siyasətinin bankın müflis olmasının səbəblərindən biri olduğunu yazıb.
SVB-nin faydalandığı texnologiya paylarının artım sürəti, FED-in ardıcıl faiz artımı borclanma xərclərini artırdığı üçün dayanıb.
Yüksək faiz dərəcələri SVB-nin sıfıra yaxın faiz dərəcəsi dövründə alınmış uzunmüddətli istiqrazlarının dəyərini də azaldıb. Bankın 21 milyard dollarlıq istiqraz portfeli orta hesabla 1,79 faiz gəlir təmin edərkən, faiz artımlarından sonra Mərkəzi Bankın 10 illik istiqraz faizində bu 3,9 faizə çatıb.
Silicon Valley Bank çərşənbə günü bəzi səhmləri zərərlə satdığını və balansı dəstəkləmək üçün 2,25 milyard dollarlıq yeni səhm satacağını açıqlayıb. Bu qərar bir çox kapital şirkətlərində çaxnaşma yaratsa da, maliyyə qurumları şirkətlərə pullarını bankdan çəkməyi tövsiyə edib.
Cümə axşamı səhəri SVB səhmlərinin çökməsi və daha sonra digər bank səhmlərini aşağı saldığından, bazarlar 2008-ci il maliyyə böhranının təkrarının baş verə biləcəyindən narahat olmağa başlayıb.
Cümə günü səhər Kaliforniya ştatının rəsmiləri SVB səhmlərinin ticarətini qadağan edib və bankı bağlayaraq Federal Əmanətlərin Sığortalanması Korporasiyasının rəhbərliyinə verib.
ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) məlumatlarına görə, Silicon Valley Bank-ın baş direktoru Greg Becker iflasdan iki həftə əvvəl səhmlərini 3,578 min dollara satıb. Bildirilib ki, bu məbləğ Bekkerə məxsus səhmlərin 10 faizinə uyğundur. Digər tərəfdən, həmin gün bankın maliyyə meneceri Daniel Bekin səhmlərini 575 min dollara satdığı aydın olub.