Şirin Mirzəyev sui-qəsd planı nəticəsində şəhid olub - Sabiq nazir müavini

13:27 20.06.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Rəhmətlik Şirin Mirzəyevlə ilk dəfə təxminən 1988-ci ildə Moskvada Hərbi Siyasi Akademiyada təhsil alarkan rastlaşmışam. Mən ümumqoşun fakültəsində təhsil alırdım, o isə daxili qoşunlar... O zaman Moskvanın “Kubinka” deyilən ərazisində təlim toplantılarımız olurdu. Rəhmətliklə bir həmyerli kimi məhz həmin təlimlər zamanı tanış olmuş və bir neçə dəfə görüşmüşəm”.

Bunu Milli Qəhrəman Şirin Mirzəyevin şəhidliyinin 30 illiyi ilə bağlı hafta.az-a açıqlamasında qəhrəman sərkərdəmiz haqda xatirələrini bölüşən müdafiə nazirinn sabiq müavini, istefada olan polkovnik Mehman Səlimov söyləyib.

“Şirin Mirzəyev elə ilk görüşlərdən mənə çox müsbət təsir bağışladı. O, hərb elminə ürəkdən yiyələnməyə çalışan ciddi, bilikli, savadlı, nizam-intizamlı bir zabit, eyni zamanda sadə, səmimi, mehriban və mərd bir Azərbaycan oğlu kimi yaddaşıma həkk olundu... Daha sonra Şirinlə artıq Qarabağda hərbi əməliyyatlar başlayandan sonra Azərbaycanda bir neçə dəfə görüşdüm. Səhv etmirəmsə, həmin görüşlər 1992-ci ilin qışında Şirin Mirzəyev Ağdamda komandiri olduğu alayı formalaşdırmağa başlayarkən Müdafiə Nazirliyinə gedib-gəldiyi vaxtlarda baş tutmuşdu.

Sonuncu dəfə isə 1992-ci ilin may, yaxud iyun ayında mən nazirlikdən Ağdam ərazisindəki hərbi hissələrə yardım apararkən onun alayının qərargahında görüşdük. Qarabağdakı hərbi durum barədə xeyli söhbət etdik. Həmin vaxt Şirin Mirzəyevin Qarabağın, ayrıca Ağdamın müdafiəsi və torpaqlarımızın azadlığı üçün necə ciddi işlər gördüyünü və onun necə səmimi, təvazökar bir insan olmaqla yanaşı, cəsarətli, qətiyyətli, ağıllı və məsuliyyətli bir zabit, komandir olduğunun da şahidi oldum”- açıqlamasının davamında bunları söyləyən polkovnik Milli Qəhrəmanın şəhid olmasından da danışıb.

“Şirinin müəmmalı şəkildə avtomobilində  minaya düşərək şəhid olması xəbəri bizi çox sarsıtdı. Təəssüf ki, o vaxt nazirlikdə çox vacib işlərlə bağlı onun dəfnində iştitrak edə bilmədim. Sonradan artıq mən nazir müavini olarkən səhv etmirəmsə, Şirin Mirzəyevə prezident Heydər Əliyevin sərəncamıyla verilmiş Milli Qəhrəman adının təqdimatı zamanı xanımı və övladlarıyla görüşüb öz ürək sözlərimi çatdırdım...

Hesab edirəm ki, Şirin Mirzəyev təsadüfən minaya düşüb həlak olmayıb. Çünki o, peşəkar hərbçi, ciddi və bacarıqlı bir komandir kimi Qarabağda, xüsusən Ağdamda böyük nüfuza malik idi. Və ona görə də Şirinin sağlığında Ağdam ətrafındakı döyüşçülərimiz, hərbi birliklərimiz  arasında  birlik və nizam intizam, vahid idarəetmə və əlaqələndirmə var idi. Onun şəhidliyindən sonra isə artıq pərakəndəlik, hərc-mərclik başlandı. Bilirsiz ki, Azərbaycanın Goranboy-Ağdərə-Xankəndi və Əsgəran-Xocalı istiqamətində genişmiqyaslı döyüşlərə başladığı 1992-ci ilin o uyun günlərində Şirin Mirzəyevdən savayı daha bir neçə komandirimiz həlak edildi və sui-qəsdə uğradı, ağır yaralandı. Bu baxımdan belə qənaətə gəlmişəm ki, Şirin Mirzəyev də Qarabağın müdafiəsinin sarsıdılması, komandanlıqda və döyüşçülər arasında ruh düşkünlüyü yaratmaq məqsədilə xarici və daxili düşmənlərimizin planlaşdırdığı sui-qəsd planı nəticəsində şəhid edilib...

Allah cəmi şəhidlərimiz kimi Şirin Mirzəyevə də rəhmət eləsin!” -deyə sabiq nazir müavini şəhid Milli Qəhrəmanımız haqda fikirlərini tamamlayıb.