SOCAR-da nələr dəyişəcək? - Müzakirə 

13:22 28.01.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, yanvarın 23-də Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, SOCAR-ın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün bu qurumun Müşahidə Şurası formalaşdırılıb. Müşahidə Şurası Azərbaycan Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla, 7 üzvdən ibarətdir. Fərmanla Azərbaycan İnvestisiya Holdinqinə beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, SOCAR-ın mövcud müqavilə öhdəliklərinə riayət olunması şərti ilə onun hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını altı ay müddətində təmin edib nəticəsi barədə Prezidentə məlumat vermək tapşırılıb. Bundan başqa, Azərbaycan İnvestisiya Holdinqi diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq, SOCAR-ın yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Prezidentə təqdim etməlidir.

Maraqlıdır, SOCAR-da Müşahidə Şurasının yaradılmasında məqsəd nədir? Müşahidə Şurası fəaliyyətə başlayandan sonra SOCAR-da nələr dəyişəcək?

Məsələni hafta.az-a şərh edən Dövlət Neft Şirkətinin keçmiş prezidenti Sabit Bağırov bildirib ki, iri şirkətlərdə islahatların həyata keçirilməsi zamanın tələbidir: “Ümumiyyətlə, burada söhbət təkcə SOCAR-dan getmir. Mən gözləyirəm ki, yaxın zamanlarda digər iri dövlət müəssisələrində - Azərsu, Azərenerji, Azərbaycan Dəmir Yolları, AZAL və digər şirkətlərdə də islahatlar aparılsın. Yəni, 15-ə yaxın iri dövlət müəssisələri var ki, bunların mütləq həm hüquqi status baxımından, həm də idarəetmə baxımından səmərəlilikləri artırılmalıdır.

Əslində bu yeni başlanmış proses deyil. Hələ 2016-cı ildə dövlət müəssisələrində səmərəliliyin artırılmasına dair Prezidentin iki fərmanı, Nazirlər Kabinetinin bir neçə qərarları olub. Eyni zamanda, Nazirlər Kabinetinin 2019-cu il qərarında iri dövlət müəssisələrinin səmərəliliyinin artırılması üçün bir çox qeydlər əksini tapıb. Əslində iri dövlət müəssisələri mütləq büdcənin əsas təminatçısı kimi çıxış etməlidirlər. Bizdə isə görürsən ki, iri dövlət müəssisələri subsidiyalar üçün müraciət edirlər, çox rahat şəkildə xarici borclanmaya gedirlər. Bunlar heç biri yaxşı faktlar deyil. Ona görə də mövcud situasiya dəyişməlidir. Bu vəziyyətin dəyişməsinə çox ciddi siqnallar hələ 2014-cü ildə neftin qiymətinin düşməsi, iqtisadiyyatımızda müəyyən problemlərin hiss edilməsi zamanı yaranmışdı. Xatırlayırsınızsa, müəyyən islahatlara da başlanılmışdı. O cümlədən iri dövlət müəssisələrinin səmərəliliyinin artırılması istiqamətində də mühüm qərarlar qəbul olunmuşdu. Amma təəssüflə qeyd etməliyəm ki, həmin qərarların icrası çox ləng gedirdi. Keçən il isə Prezident tərəfindən belə bir fərman oldu ki, İnvestisiya Holdinqi yaradılsın və bütün iri dövlət müəssisələri də bu holdinqə tabe edilsin. Yəni, islahat prosesi gedir və hökümət də düşünür ki, iri dövlət müəssisələrinin statusu dəyişməlidir. Bunlar tədricən müasirləşməlidir, açıq səhmdar cəmiyyətlərə çevrilməlidirlər. Mən demirəm ki, ASC-yə çevrilərək dövlət mülkiyyətindən çıxmalıdır. Xeyr, burada dövlətin də payı olmalı və hələlik mühüm paylar dövlətdə saxlanılmalıdır”. Ekspert  vurğulayıb ki, islahatlar prosesi korporativ idarəetmə prinsiplərinin təmin olunması ilə müşahidə edilməlidir: “Bu nə deməkdir? Korporativ idarəetmənin tələb etdiyi prinsiplərdən biri məhz direktorlar və ya Müşahidə Şurasının yaradılmasıdır. Beynəlxalq təcrübədə bu, Direktorlar Şurası adlanır. Bu şuralarda mütləq müstəqil direktorlar olmalıdır. Yəni, bu direktorlardan bəziləri müstəqil olmalı və icra hakimiyyətini təmsil etməməlidir. Bugünkü SOCAR-ın Müşahidə Şurasının üzvlərinin hamısı icra hakimiyyəti orqanının nümayəndəsidir. Bu, prinsipcə düzgün yanaşma deyildir.  Ola bilər ki, birinci mərhələ üçün belə məsləhət bilinib.  Gələcəkdə beynəlxalq yanaşmalara yaxınlaşmanı müşahidə edəcəyik. Bu məsələdə dəyişiklik olmalıdır, çünki yarımçıq addımlar o dərəcədə effektli deyil”.

İri şirkətlərin idarə olunması prosesində Azərbaycanın daha çox hansı ölkələrin modelinə istinad etməsinə gəlincə, S. Bağırov vurğulayır ki, bu məsələdə diqqətli olmaq vacibdir: “Burada yanaşma elə olmalıdır ki,  müəyyən nümunə seçməliyik. Deyək ki, bir və ya iki ölkə. Hansılar ki, Azərbaycana həm miqyas, həm iqtisadiyyatın inkişafı, həm də iqtisadiyyatın struktur quruluşu baxımından yaxındır. Baxmalıyıq ki, həmin ölkələrdə bu proseslər necə gedir? Ona oxşar bir struktur formalaşdırmalıyıq və bu da birdən-birə mümkün olan iş deyildir. Deyək ki, bizə Norveç modeli uyğundur. Bunu birdən-birə  etmək olmaz və mərhələli şəkildə addım atmaq lazımdır. Yəni, hədəflər müəyyənləşdirilməli və həmin hədəflər elan olunmalıdır. Yarımçıq addımlar atılanda bəzi suallar ortaya çıxır. Ona görə hədəflər elan edilsə, çox yaxşı olar, suallar da yaranmaz, şayiələr yayılmaz” . 

Məsələyə münasibət bildirən “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə deyir ki, əslində, Prezidentin fərmanında  hər şey aydın şəkildə göstərilib: “Bu fərmanda SOCAR-ın indiyə kimi fəaliyyətinə qiymət verilib və qarşıda duran çağırışlar qeyd olunub. Beynəlxalq öhdəliklərə sadiq qalmaqla bu məqsədlərə çatmaq üçün yeni idarəetmənin zəruriliyi göstərilib.

Fərmanla SOCAR-ın idarəedilməsində 2 yeni qurum yaradılıb ki, bunlar da SOCAR-ın Ümumi Yığıncağı və Müşahidə Şurasıdır. SOCAR-ın ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi AR Prezidentinə həvalə edilir. SOCAR-ı yenidən təşkil etmək və ləğv etmək səlahiyyəti də AR Prezidentinə məxsusdur. Müşahidə Şurasının sədri və 6 üzvünü də dövlət başçısı təyin edir və vəzifələrindən azad edir. SOCAR-ın ümumi yığıncağının idarəçiliyində bütün addımlarını ölkə başçısı ilə razılaşdırmaq şərti ilə Azərbaycan İnvestisiya Holdinqi də iştirak edir. AİH-nin icraçı direktoru Prezidentin sərəncamı ilə həm də SOCAR-ın Müşahidə Şurasının üzvü təyin olunub. AİH-nin SOCAR-ın idarəçiliyində roluna gəlincə, holdinq SOCAR-ın nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, SOCAR-ın illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi, dividend siyasətinin təsdiq edilməsi, qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi məsələsinə baxacaq”.

SOCAR-da Müşahidə Şurasının hansı səlahiyyətlərə malik olmasına gəlincə, ekspert bildirir ki, bu qurum SOCAR-ın uzunmüddətli inkişaf strategiyasını, xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək kimi məsələlərə cavabdeh olacaq: “Bundan başqa, aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdləri təsdiq etmək,  mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla SOCAR-ın aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək, fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək,  korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək, audit və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək hüququna da malik olacaq. Fərmanla, həmçinin Azərbaycan İnvestisiya Holdinqi 6 ay müddətində SOCAR-ın idarə olunmasına dair korporativ idarəetmə standartlarını təsdiq etməlidir. AİH, həmçinin beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, SOCAR-ın mövcud müqavilə öhdəliklərinə riayət olunması şərti ilə onun hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostika aparılmasını altı ay müddətində təmin etməlidir. AİH diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq, SOCAR-ın yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Yəni, bu prosesin yekununu, təqribən, 20 sentyabr 2021 -ci ilə proqnoz etmək olar”.

Ekspert SOCAR-ın özəlləşdiriləcəyi ilə bağlı fikirlərə də toxunub və bildirib ki, şirkətin özəlləşdirilməsi gündəm mövzusu deyildir: “ Bu, gündəmdə olan məsələ deyil,  SOCAR özəlləşdirilməyəcək, çünki dövlətin ən yaxşı aktividir. Pul gətirən belə aktivin gəlirliliyini bir başqası ilə niyə bölüşəsən ki? SOCAR hazırkı strukturda 2005-ci ilin dekabrından fəaliyyətə start vermişdi və sonrakı illərdə öz aktivlərini xeyli genişləndirmiş və artırmağa nail olmuşdu. SOCAR 15 ildə Azərbaycan ölçüsündə MEGA səviyyəli bir qurumdan GİGANT səviyyəsinə qədər böyüməyə nail olub. Təbii ki, belə bir şəraitdə onun effektivliyini artırmaq üçün daha təkmil struktur və idarəçilik sistemi gərəkdir. Bunun  da əsas müddəalarını Prezident öz fərmanında göstərib. Hesab edirəm ki, biz cari ilin ortasında, tam yeni bir SOCAR-ı müşahidə edə biləcəyik. SOCAR fasiləsiz iş rejimində işləyən bir qurumdur, ona görə də burada transformasiya çox ehtiyatla aparılacaq ki, istehsal prosesləri daha effektiv işləmək iqtidarında olsun”.