Erməni mənbələri Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanacağına az vaxtın qaldığını iddia edir. Yekun sülh sazişinin imzalana biləcəyi vaxtın təxmini elan edilməsi isə Ermənistanı yenidən qarışdırmağa başlayıb.
Ermənistan mətbuatında vurğulanır ki, Azərbaycanla imzalanması planlaşdırılan yekun sülh sazişinin mətni üzərində müzakirələr artıq başlayıb. Baş nazir Nikol Paşinyan, böyük ehtimalla, bu ilin sentyabr ayında faktiki olaraq, Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq və iki ölkə arasında yekun sülh sazişini imzalayacaq. Üçtərəfli anlaşmaları icra etmək niyyətində olan baş nazir Nikol Paşinyan Azərbaycanın bütün şərtlərini yerinə yetirməyə hazırdır.
Sülh sazişi ilə bağlı erməni iddiaları nə dərəcədə reallığa söykənir və Ermənistanın havadarlarını əslində narahat edən məqamlar hansılardır?
Politoloq Məhəmməd Əsədullazadə hafta.az-a şərhində bildirib ki, Ermənistanda bu cür açıqlamaların verilməsi "Qarabağ klanı" və Robert Köçəryanın ətrafı tərəfindən atılan əks-addımlardır. Həmin qüvvələr seçkidən sonra Paşinyanı azərbaycanpərəst qüvvə kimi ictimaiyyətə təqdim etməklə onun mövqelərinə zərbə vurmağa çalışırlar.
"Təbii ki, Azərbaycan-Ermənistan arasında müəyyən münasibətlərin normallaşması prosesi gedəcək. Bu o demək deyil ki, sentyabrda hər hansı sülh müqaviləsi bağlansın və əlaqələr tezliklə bərpa olunsun. Ermənistan Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanımalıdır. Ermənistanda müəyyən dairələr bunun sentyabr ayında baş verəcəyini qeyd etsələr də, bunun tez bir zamanda alınacağını düşünmürəm. Ermənistanda verilən belə açıqlamalar heç də reallığı əks etdirmir. Düzdür, minalı xəritələrin qaytarılması ilə bağlı müəyyən sənədlər imzalanıb. Nikol Paşinyan da qeyd etmişdi ki, "Sənədlər var və mən onu imzalayacağam". Bu proses hələ dayanıb və Ermənistanla sülh müqaviləsinin bağlanması 2-3 il çəkə bilər. Bu, yalnız barış yolu ilə ola bilər ki, bu il gözlənilmir. Sadəcə olaraq bundan istifadə edən Köçəryanın tərəfdarları məsələni dövriyyəyə buraxmaqla, Paşinyanın Qarabağı, Ermənistanı satdığını gündəmə gətirmək istəyirlər”.
Politoloq bildirir ki, baş verənlər Paşinyanı öz addımından geri çəkindirməyəcək.
“Paşinyan bilir ki, Ermənistanın blokadadan çıxarılması Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və bu proses ona doğru getməlidir. Əgər Ermənistan Qarabağı Azərbaycanın ərazisi olaraq tanımayacaqsa, təbii ki, əlaqələrin normallaşdırılmasından və sülh müqaviləsinin bağlanmasından söhbət gedə bilməz. Növbəti aylarda sərhədlərin delimitasiyası, demarkasiyası prosesi başlaya bilər, daha sonra ilkin mərhələdə Zəngəzur dəhlizinin açılması həll edilməlidir. Ermənistan cəmiyyətində bu məsələlərin qabardılması təbiidir, çünki erməni cəmiyyəti sülhə gəlməyə məcburdur”.