“Sülhün və birliyin möhkəmlənməsinə yönəlmiş təşəbbüslərimiz dünya tərəfindən dəstəklənir" - Türkmənistan prezidenti 

09:05 19.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Dünyanın musiqisi” beynəlxalq festivalının açılışı olub.

Hafta.az-ın yazdığına görə, açılış mərasimində Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovun iştirakçılara ünvanladığı müraciət oxunub.

Dövlət başçısı müraciətində festivalın ölkənin daimi bitərəfliyinin 30-cu ildönümünü qeyd edən “Beynəlxalq Sülh və Etimad İli”ndə keçirilməsinin xüsusi əhəmiyyətindən söz açıb.

“Müstəqil dövlətimizin dünyada ümumbəşəri sülhün və birliyin möhkəmlənməsinə yönəlmiş nəcib təşəbbüsləri dünya ictimaiyyəti tərəfindən geniş dəstək alır. Hazırda mədəni-humanitar sahədə beynəlxalq əməkdaşlığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilir”, - deyə Türkmənistan lideri vurğulayıb.

Beynəlxalq festival çərçivəsində Türkmənistanın və xarici ölkələrin tanınmış incəsənət ustalarının iştirakı ilə konsertlər, yaradıcılıq görüşləri və ustad dərsləri keçiriləcək. Yerli və xarici bəstəkarlar, dirijorlar və musiqiçilər öz nailiyyətlərini təqdim edəcək, təcrübə mübadiləsi aparacaqlar. Qonaqlar üçün paytaxtın attraksionlarına və muzeylərinə səfərlərdən ibarət mədəni proqram da təşkil olunur.

Türkmənistan prezidenti qeyd edib ki, ölkədə fəaliyyətləri musiqi sənətinin inkişafına yönəlmiş bir sıra ali, ixtisas və orta ixtisas təhsili müəssisələri var. “Onlar musiqinin incə sirlərini, musiqi əsərləri oxumağı və ifa etməyi öyrənmək, bəstələr yaratmaq üçün geniş imkanlar yaradır”, - deyə məlumatda bildirilir.