Süni mayalanma Xidmətlər Zərfinə daxil ediləcək?

13:50 16.03.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Sonsuzluqdan əziyyət çəkən insanların süni mayalanma əməliyyatının təxirə salınmadan icbari tibbi sığorta xidmətlər zərfinə daxil edilməsi təklif olunur. Bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Hesabatda qeyd edilib ki, bu sahədə mövcud normativ-hüquqi baza yeniləndikdən sonra süni mayalanma xidmətinin icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində təminata alınması məsələsinə baxıla bilər.

Qeyd edək ki, ölkəmizdə sonsuzluqdan əziyyət çəkənlərin sayı ilbəil artır. Azərbaycanda bir dəfə ekstrakorporal (süni) mayalanma etdirmək üçün 3000-4000 manat lazımdır. Bu heç də az məbləğ deyil. Nəzərə alaq ki, bəzən ilk cəhddən cütlüklərin övlad sahibi olmaq arzusu reallaşmır. Bu zaman sırf maddiyata görə, son çıxış yolu süni mayalanma olan cütlüklər övlad sahibi ola bilmirlər. Elə bu səbəbdən, süni mayalanmanın icbari tibbi sığortanın Xidmətlər Zərfinə əlavə edilməsi ən çox gözlənilən qərarlardan biridir. Hələ 2019-cu ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında qeyd edilmişdi ki, Azərbaycanda 2020-ci ildən süni mayalanmanın limitli şəkildə icbari tibbi sığorta sisteminin xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulur. Ancaq bu məsələ hələ də reallaşmayıb.

Məlumat üçün bildirək ki, süni mayalanma arzusunda olan qadın ilk növbədə süni mayalanma mərkəzinə müraciət edərək həkim müayinəsindən keçməlidir. Klinikaya gələrkən xəstə o vaxta qədər etdirdiyi bütün analizləri, varsa uşaqlıq ultrasəs müayinəsi diskini, keçirilmiş əməliyyatlara, ya da əvvəlki sonsuzluq müalicələrinə aid nəticələri özü ilə gətirməlidir. Bundan əlavə cütlüklərdə ürək xəstəliyi, diabet kimi fərqli xəstəlik varsa, bunlarla əlaqəli nəticələrin və məlumatların da həkimə çatdırılması vacibdir.

Ətraflı ginekoloji müayinə və ultrasonoqrafiyanın ardından lazım görülərsə, əlavə testlər istənə bilər. Həkimin lazım bildiyi hallarda genetika uzmanı, uroloq, embrioloq, klinika psixoloqu, bəslənmə və metobalizma uzmanı görüşmələri planlanaraq xəstənin ümumi vəziyyəti uzmanların ortaq qərarı ilə dəyərləndirilir. Hədəf öncəliklə sonsuzluq səbəblərini ortaya çıxarmaq və xəstə üçün uyğun olan müalicə şəkli seçilərək və uyğun zamanda, uyğun texnika ilə müalicə tətbiq olunur. Süni mayalanmada ikinci addım kontrollu yumurta (Ovaryen) böyütmə müalicəsidir. FSH, HMG ehtiva edən hormon iynələri ilə nizamlı bir şəkildə yumurtalıqlar oyadılır və çox sayda follikulun inkişafı həyata keçirilir.

Təxminən, 8-10 gün davam edən hormon iynələrinin istifadəsinin ardından follikulların ən böyüyü 18-20 mm ölçüyə çatanda çatlatma iynəsi tətbiq olunur. 3-cü addım yumurta toplama işləridir. Çatlatma iynəsindən təxminən 34-36 saat sonra yumurtalar, ümumi anesteziya altında qısa müddətli bir cərrahi işləmlə vaginal yoldan toplanır. Yumurta toplama işləmi ümumi anesteziya altında icra edilən ağrısız bir işləmdir. Laboratoriya şəraitinə alınan yumurtalar mikroinjeksiya işləmi üçün hazırlanır. Dördüncü mərhələdə laboratoriyada döllənmə işləri aparılır. Döllənmə işlərindən sonra yumurtalar inkubator adı verilən və uşaqlıq mühitini ən yaxşı şəkildə təqlid etmə məqsədilə istehsal edilmiş xüsusi cihazlar içərisinə alınır və embrion inkişafı günlük olaraq təqib edilir. Ən son embrion transferi baş tutur. Bu, müalicənin ən qısa, lakin ən vacib mərhələsini təşkil edir. Bundan sonra dərman müalicəsi, hamiləlik testi tətbiq edilir.

Qeyd edək ki, Xidmətlər Zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur. Zərfə təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım, stasionar tibbi yardım üzrə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Bunlardan təcili və təxirəsalınmaz tibbi yardım üzrə 6, ilkin səhiyyə xidməti üzrə 35, ixtisaslaşdırılmış ambulator yardım üzrə 1265 və stasionar tibbi yardım üzrə 1244 xidmət təminata alınıb. Məlumat üçün bildirək ki, dövlət proqramları çərçivəsində müalicə və müayinəsi qarşılanan xəstəliklərlə bağlı tibbi xidmətlər, habelə kosmetik prosedurlar və plastik cərrahiyyə, orqan transplantasiyası, süni mayalanma və stomatoloji xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil. Xatırladaq ki, süni mayalanma ilə bağlı müalicələr artıq 2004-cü ildən ölkəmizdə həyata keçirilir. İlk dəfə Mərkəzi Klinik Xəstəxanada həyata keçirilən əməliyyatlardan sonra müxtəlif klinikalar da süni mayalanma sahəsində müalicələr həyata keçirməyə başlayıblar.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən tibb məsələləri üzrə ekspert Rasif Bağırov deyib ki, süni mayalanma əməliyyatının təxirə salınmadan icbari tibbi sığorta xidmətlər zərfinə daxil edilməsi müsbət addım olar: “Çünki ölkəmizdə sonsuzluqdan əziyyət çəkən ailələrin sayı ilbəil artır. Azərbaycanda bir dəfə ekstrakorporal  mayalanma etdirmək üçün təxminən 3000-5000 manatdır. Bu heç də az məbləğ deyil. Nəzərə alaq ki, bəzən ilk cəhddən cütlüklərin övlad sahibi olmaq arzusu reallaşmır. Bu zaman sırf maddiyata görə, son çıxış yolu süni mayalanma olan ailələr övlad sahibi ola bilmirlər. Ona görə də dövlətin bu məsələyə dəstək verməsi yaxşı addım olar. Hesab edirəm ki, dövlətin maddi imkanları bu xərcləri qarşılamaq iqtidarındadır”.

Mövzu ilə bağlı sosial məsələlər üzrə ekspert İlqar Hüseynli də bildirib ki, bu problem olduqca ciddidir və bu səbəbdən süni mayalanmanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir: “Övlad dünyaya gətirməklə bağlı problemlər çoxalıb. Burada genetik, iqlim, ekoloji, qida, insanların günəşlə təmasının az olması, istifadə etdiyimiz geyimlər və s. faktorların rolu var. Bu səbəbdən sonsuzluq geniş vüsət alıb. Övlad sahibi olmağın çıxış yollarından biri olan süni mayalanma əməliyyatı da çox bahadır. Bəzən süni mayalanma da effektiv olmur. Amma bir çox ailələr məhz bu yolla övlad sahibi ola bilirlər. Bəzən təkrar süni mayalanmaya getməli olurlar. Bir dəfəni borc-xərc edirlər, sonra davamını gətirə bilmirlər”.

İ.Hüseynli deyir ki, bu əməliyyatın icbari tibbi sığortaya daxil edilməsi ilə yanaşı, necə icra edilməsi də çox önəmli məqamdır: “Ola bilər ki, Xidmətlər Zərfinə daxil edilsin, amma limitli çərçivədə olsun. Limitli olsa, yenə də problemlər olacaq, ehtiyacı olan hər kəs yararlana bilməyəcək. Ona görə, bu əməliyyatın icbari tibbi sığortaya daxil edilməsi ilə yanaşı, necə icra edilməsi də çox önəmli məqamdır”.