Suriyalı erməni qardaşlar Xocalıda böyük meyvə-tərəvəz təsərrüfatı yaradıb

19:22 23.06.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Xocalı rayonunun müvəqqəti(!) olaraq Rusiya hərbi kontingentinin nəzarətində qalan hissəsindəki “Berkadzor” adlanmış kəndlərimizdən birində Suriyadan qanunsuz köçürülmüş qardaşlar böyük təsərrüfat yaradıb.

Hafta.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, suriyalı Asmaryan qardaşları Azərbaycan torpağında meyvə bağları, tərəvəz bostanları salır, payız-qış aylarında isə istilikxanalar qururlar. 

Separatçı rejimin dəstəyi ilə bağ və bostanların bir hissəsi satın alınaraq 44 günlük savaşdan sonra Xocavənd rayonunun Şəhər kəndindən köçmüş 4 erməni ailəsinə verilib. Müharibədən əvvəl qanunsuz olaraq Ağdamda məskunlaşaraq heyvandarlıqla məşğul olan  bir ailə də “Berkadzor”a köçürülüb və ona kiçik qoyun sürüsü  sürüsü verilib. Hazırda ailə 33 qoyuna sahibdir...

Zəruri arayış və şərh:

Hafta.az-ın araşdırmasından bəlli  olub ki,  “Vikipediya” azad internet ensiklopediyasında  “Berkadzor”un guya   Azərbaycan Respublikasının Xocalı rayonununun inzibati ərazi vahidində kənd olduğu göstərilib( bax: //az.wikipedia.org/wiki/Berkadzor ).

Məlumatın ardına diqqət edək:

“Kənd Qarabağ silsiləsinin ətəyindədir. 1998-ci ildə Xankəndi çaxır zavodunun və 16 yeni tikilmiş yaşayış evinin əsasında qurulub və bura ermənilər köçürülüb. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Berkadzor kəndinin əhalisinin faktiki sayı 149 nəfər, qeydiyyatdakı əhalinin sayı 165 nəfər təşkil edirdi”.

Eyni informasiyanın rus dilindəki versiyasında isə  “Berkadzor”un  “Dağlıq Qarabağ Respublikası”nın inzibati bölgüsünə görə “Əsgəran rayonu”nun, Azərbaycan Respublikasının inzibati bölgüsünə görə  isə  Xocalı rayonununun ərazisinə aid olduğu göstərilir.  Əlavə olaraq qeyd olunur ki,  “Berkadzor”  Xankəndindən 6 km məsafədədir...

Məlumdur ki, 1998-ci ildə Xocalı şəhəri kimi, bütövlükdə rayon da Ermənistanın işğalı altında olub. Elə isə işğalçı Ermənistanın dəstəyi ilə Xankəndindəki separatçı-terrorçu erməni rejiminin həmin ildə qanunsuz olaraq qurduğu və məskunlaşdırdığı yaşayış məntəqəsi hansı əsasla Azərbaycan Respublikası Xocalı rayonunun inzibati ərazi vahidinə daxil edilə bilər?..

Xocalı Rayon İcra Hakimiyyətinin rəsmi saytındakı kəndlərin siyahısında da “Berkadzor” adlı kənd qeyd olunmayıb...

Azərbaycanda müvafiq dövlət qurumu tərəfindən tərtib olunmuş Yuxarı Qarabağın xəritəsi üzrə araşdırmamızdan isə bəlli olur ki, doğrudan da Xankəndindən şimala- Xocalı şəhərinə doğru  təxminən  6 km məsafədə Xankəndi - Xocalı yolunun sağında Qarqarçayın sağ sahilində  “2 nömrəli  Qarşərab trestin 2 nömrəli sovxozu yanında qəsəbə” adlı yaşayış məntəqəsi qeyd olunub. Maraqlıdır, görəsən, həmin qəsəbə nə vaxt salınıb ki, Azərbaycan xəritəsinə daxil edilib? Yəqin ki, sovet dövründə.  Axı müstəqillik dövründə  Azərbaycan ərazisində sovxozlar ləğv edilib... Elə isə bəhs edilən ərazidə ermənilər işğal dövründə -1998-ci ildə kənd salsalar da, həmin məntəqə internet resurslarında, o cümlədən “Vikipediya”da “Berkadzor” kimi qeyd olunmamalıydı...

Onu da əlavə edək ki,  2021-ci il  sentyabrın 25-də sözügedən Azərbaycan  kəndində 44 günlük savaşda gəbərmiş işğalçı ermənilərin “xatirəsi”nə qurulmuş xaç abidəsinin - xaçkarın açılışı olub.  “Berkadzor”da  II Qarabağ savaşı zamanı Xocavənd rayonunun Tuğ kəndindən köçmüş  34  erməni ailəsi də yerləşdirilib...

Oxunma sayı 1389