Təbiətin qəzəbinə tuş gələn əkin sahələri – niyə sığortalanmır?

10:24 27.04.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son günlərdə cənub bölgəsində yağan yağış və dolu aqrar sahəyə ciddi zərər vurub. Fermerlər qeyri-sabit hava şəraitinin pomidor, kartof, çiyələk sahələrini yararsız hala saldığını bildirirlər.

Bəs, görəsən, ölkədə əkin sahələrinin sığortalanması ilə bağlı vəziyyət necədir? Fermerlər aqrar sığortaya nə dərəcədə maraq göstərirlər?

Qeyd edək ki, ölkəmizdə 2019-cu ildə Aqrar Sığorta Fondu yaradılıb. Fondun açıqladığı statistikaya görə, 2020-ci ildə bitkiçilik sığortası üzrə toplanan vəsait cəmi 1700 manat olub. 2021-ci ildə ümumi toplanan vəsait 6 milyon manat, 2022-ci ildə isə 9 milyon manat təşkil edib. Fond 2022-ci ildə 2 milyon 600 min manatdan çox sığorta ödənişi həyata keçirib və 2022-ci ildə bağlanan müqavilələr üçün 1 milyon manat ehtiyat yaradıb. Ötən il 500 milyon manatdan çox sığorta öhdəliyini üzərinə götürüb, bunun qarşılığında 14 milyon manat sığorta haqqı toplayıb. Eyni zamanda, Fond 260 min hektardan çox əkin ərazisini sığortalayıb. Ölkə ərazisində olan 2 milyon hektara yaxın əkinəyararlı torpaq sahəsinin 10 faizdən çoxunu sığortalayıb. Statistikaya əsasən, 2021-ci illə müqayisədə 2022-ci ildə Fondun topladığı sığorta haqlarının həcmi 21 faiz artıb. Sığortalanan bitkilərin sayı 14-dən 41-ə qaldırılıb, artıq  21 bitki növü üzrə müqavilə bağlanılıb.

2021-ci ildə 27 000 müqavilə bağlanıldığı halda ötən il 46 000 müqavilə bağlanılıb. Eyni zamanda, 2021-ci ildə bitkiçilik sığortası üzrə 151 min manat sığorta ödənişi edildiyi halda, ötən il bu rəqəm 2.6 milyon manat təşkil edib. Bundan başqa, ötən il 46 mindən çox sığorta müqaviləsi bağlanılıb. Bitkiçilik üzrə bağlanan müqavilələrdə hüquqi şəxslərin sayı 350, fiziki şəxslərin sayı isə 8 777 nəfərdir.

Mövzu ilə bağlı fikirlərini bölüşən sığorta üzrə ekspert İlkin İbrahimov deyib ki, əvvəlki illərdə bu sığorta növləri üzrə yığımlar çox aşağı olub:

"Bunlar əvvəl könüllü sığorta siniflərinə daxil idi. Belə ki, əvvəlki dövrlərdə qeyri-həyat sığortası ilə bağlı sığorta şirkətləri aqrar sığorta ilə əlaqədar könüllü qaydada xidmət göstərirdilər. 2018-2019-cu illərdən başlayaraq bu sahə xüsusiləşdi və bununla bağlı geniş işlər görüldü, ölkədə Aqrar Sığorta Fondu yaradıldı. Məqsəd Azərbaycanda aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin etmək və onun fəaliyyətinə nəzarət etmək idi. Ölkəmizdə aqrar sığorta mexanizmi Türkiyənin TARSİM modelinin təcrübəsi əsasında qurulub. Dövlət-özəl sektor əməkdaşlığına əsaslanan bu model uğurludur. Aqrar sığorta haqqı sığorta qaydaları əsasında idarəedici qurum tərəfindən hesablanır və iki hissədən ibarətdir - aqrar sığortalı tərəfindən ödənilməli olan hissə və dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissə. Yəni sığorta haqlarının bir hissəsini dövlət ödəyir. Bu təşviqedici mexanizmdir. Aqrar Sığorta Fondunun hesabatlarına baxanda biz görürük ki, sığorta yığımları ilbəil artır. Eyni zamanda, statistikadan görünür ki, müəyyən miqdarda sığorta kompensasiyaları da verilir. Əlbəttə ki, bu, irəliyə doğru atılmış addımdır. Yəni, vətəndaşlar bununla bağlı müəyyən qədər məlumatlanıblar. Bu məsələdə problem də mövcuddur. Əsas problem isə onunla bağlıdır ki, Aqrar Sığorta Fondu sığorta məhsulları əldə etmək istəyən fermerlərdən şəxsi kabinet açmağı tələb edir. Bu bir qədər çətinlik yaradır. Kəndlinin şəxsi kabinet yaratması onun üçün çətin məsələdir. Bu problemin aradan qaldırılması da təşviq edilə bilər. Tutaq ki, könüllülər vasitəsilə fermerlərə dəstək verilməsi mümkündür,  yaxud şəxsi kabinetlə bağlı tələbi bir qədər yumuşaltmaq olar. Belə olan təqdirdə, aqrar sığortaya maraq göstərənlərin sayı əhəmiyyətli dərəcədə arta bilər”.