Təbii meyvə şirəsi – immunitetin dərmanı - Menyu

12:05 04.11.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Rəngli, qazlı içkilərin populyar olduğu bu dövrdə meyvə  şirələrindən istifadə etmək olduqca faydalıdır. Təbii meyvələrdən çəkilərək əldə edilən belə sular xəstəliklərə qarşı orqanizmdə immunitet yaranmasına kömək edir. Təzə sıxılmış meyvə şirələri həm qablaşdırılmış şirələrdən, həm də kompotlardan daha vitaminlidir. Buna görə də mütəxəssislər xüsusən qış aylarında bol meyvə şirəsi qəbul etməyi tövsiyə edirlər.

“Menyu” rubrikasının bugünkü mövzusu meyvə şirələri ilə bağlıdır. Ən əsas isə marketlərdə 1 litrinin qiyməti 1 manata satılanlardan bəhs edəcəyik.

Mövzu ilə bağlı saytımıza danışan sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirdi ki, marketlərdə hazır satılan şirələr təbii meyvə şirələri hesab olunmur. Çox uzun müddət öncədən düzəldilərək qablaşdırılır. Üstəlik, hansı meyvələrdən çəkildiyi də çox zaman məlum olmur:

“Adətən, belə şirələrin hazırlanmasında zədələnmiş, xarab olunmuş meyvələrdən istifadə edilir. Təəssüflər olsun ki, bəzən üzərində açıq şəkildə qeyd olunduğu kimi, tərkiblərinə ətirləndiricilər qatılır. Uzun müddət rəfdə qalması, ətrini və dadını itirməməsi, qarışmaması kimi xüsusiyyətlərin hər biri üçün ayrı-ayrılıqda qatqı maddələri əlavə olunur. Bu kimyəvi qatqılar da səhhətimiz üçün zərərlidir. Onlar orqanizm tərəfindən mənimsənilmir və bir-başa böyrəklər vasitəsilə atılır. Belə olan halda da böyrəklər həddindən artıq yüklənir”.

Mütəxəssis belə şirələrin körpələrə verilməsini şiddətlə qınayır. Yaxşı olardı ki, balacalara meyvə şirəsi deyil, meyvənin özü verilsin:

“Bu şirələri körpələrə daha çox verirlər ki, bu da yolverilməz haldır. Ən faydalısı meyvənin özünü balacalara yedirmək olsa da, ev üsulu ilə təbii şirə əldə etmək də məsləhət görülür”.

M.Hüseynova bir məqamı xüsusilə vurğulayır. Bu da odur ki, qiymət hər zaman keyfiyyət xəbərçisi olmasa da, çox hallarda ucuz məhsulun tərkibi məlum olmur. Küçələrdə satılan nar şirələrinə gəldikdə, o hesab edir ki,  meyvə düzgün və təmiz şəkildə sıxılıb, steril qablara tökülərsə faydalıdır:

“Yaxşı olar ki, nar şirəsi çəkildikdən 45 dəqiqə-1 saat ərzində istehlak edilsin. Tərkibinə limon duzu əlavə edilsə daha yaxşıdır və saxlandıqda problem yaşanmır. Uzun müddət qaldıqda, təbii olaraq faydalı elementlərini itirir. Alan zaman satıcının əlində əlcəyin olub-olmamasına mütləq şəkildə diqqət yetirmək lazımdır. Pulu aldığı əl ilə nar şirəsi çəkilməməlidir. Əsas məqam isə odur ki, nar qabıqlı məhsul olduğundan, yuyulmadan şirəsi əldə edilir. Bu da onun harada, hansı şəkildə daşındığını nəzərə alaraq təmizliyini sual altında qoyur. Küçədə satılan şirələri alan şəxslər satıcının əl yumaq üçün şəraitinin olub-olmadığını da yoxlamalıdır. Bir çoxları bu satışı səyyar formada həyata keçirir. Ona görə də sadalanan bütün hallara diqqət edilməlidir. Bütün bunlar nızərə alınarsa, təbii yollarla əldə edilmiş nar şirəsi olduqca faydalıdır. Xüsusilə də immun sistemini gücləndirir, qanazlığını aradan qaldırmağa kömək olur”.