Təhsil krediti ilə bağlı 5 mindən çox müraciət daxil olub

11:33 07.04.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

2021-2022-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti ilə bağlı 5 min 678 müraciət daxil olub. Müraciətlərin 63 faizi (3590) yekunlaşdırılıb, 2 min 88 müraciət isə yekunlaşdırılmayıb.

Hafta.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev 2021-2022-ci tədris ilinin payız semestri üzrə rəsmiləşdirilmiş təhsil kreditlərinə dair hesabatı təqdim edərkən deyib.

O bildirib ki, yekunlaşdırılmamış müraciətlərin statistikasına əsasən, 2 min 88 müraciətdən 1461-də tələbə sistemə daxil olub, lakin heç bir əməliyyat aparmayıb. 627 müraciətçi isə kredit hüququ olmayandır, yəni tələbə deyil.

Xatırladaq ki, 2021-2022-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti ilə bağlı müraciətlərin qəbuluna 2021-ci il noyabrın 25-də başlanılıb. 2022-ci il fevralın 15-də payız semestri üzrə kreditlərin verilməsi yekunlaşdırılıb. Fevralın 16-da etibarən isə 2021-2022-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə krediti ilə bağlı müraciətlərin qəbuluna start verilib.

Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.