Təkrəqəmli inflyasiyaya necə nail olaq?

12:21 20.07.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, iyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bir sıra məsələlərə toxunulub.  Dövlət başçısı müşavirədə çıxış edərkən ölkənin iqtisadi-sosial, ictimai-siyasi həyatı ilə bağlı mühüm açıqlamalar, mesajlar və hökumətə ciddi tapşırıqlar verib: “Əminəm ki, ilin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcək. Bu ilin altı ayında isə əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi. Deyə bilərəm ki, bütövlükdə altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, halbuki mütləq rəqəmlər o qədər də böyük deyil”.

Prezident, həmçinin vurğulayıb ki, inflyasiyanın ikirəqəmli olması hökuməti düşündürməlidir: “Ümid edirəm ki, ilin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər. Burada təbii səbəblərlə yanaşı, subyektiv səbəblər də vardır. Onlar daha ciddi araşdırılmalıdır və ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər verilməlidir. Çünki Azərbaycanın bütövlükdə iqtisadi potensialı və iqtisadi sahədə əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyəsində olması, əlbəttə ki, arzuolunan deyil”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin yanvar-iyun aylarına nisbətən 112,7 faiz təşkil edib. Halbuki, yanvar-may aylarının yekununda illik inflyasiya 13,1 faiz olmuşdu. Məlumata görə, istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 115,1 faiz qeyri-ərzaq məhsulları üzrə 111,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,5 faiz təşkil edib. Ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 99,1 faiz, ötən ilin iyun ayına nisbətən isə 110,6 faiz olub.

İyunda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi aprellə müqayisədə 97,9 faiz, ötən ilin iyun ayına nisbətən isə 111,5 faiz təşkil edib. Ayrı-ayrı ərzaq məhsullarından daha çox azalma qarabaşaq yarmasının, çörəyin, unun, təzə balığın, sterilizə olunmuş üzlü südün, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, əriyin, gilasın, çiyələyin, bananın, xiyarın, pomidorun, bibərin, badımсanın, göy lobyanın, sarımsağın, soğanın, kartofun, yerkökünün, mərcinin, artım isə əsasən yumru düyünün, mal və qoyun ətinin, xamanın, zeytun yağının, limonun, kələmin, çuğundurun, şəkər və şəkər tozunun, kola içkisinin, limonadın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,1 faiz, ötən ilin iyun ayına nisbətən 110,3 faiz olub. Qeyri-ərzaq məhsullarından artım əsasən velosipedlərin, sabunların, şampunların, azalma isə kəsilmiş taxtaların, yazı kağızlarının və planşet tipli kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyunda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,1 faiz, ötən ilin iyun ayına nisbətən 109,8 faiz təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma və minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi xidmətlərinin qiymətlərində, azalma isə ölkədən kənara istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bəs, görəsən, ilin sonuna kimi inflyasiyanın birrəqəmli həddə endirilməsi nə dərəcədə realdır? Hökümət bu nəticəyə nail ola bilərmi?

Məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, cari il üçün inflyasiyanın birrəqəmli həddə çatdırılması çətin proses olsa da, bu nəticəyə nail oluna bilər: “Məsələn, biz bir müddət əvvəl hər ay hərraca tutaq ki, 350-400 milyon arası valyuta çıxarıb satırdıq. Fevral-mart aylarında təxminən 300-350 milyon dollar vəsait Neft Fondu tərəfindən satışa çıxarılırdı. Yəni, manatın sabit saxlanılması üçün bu qədər xərc çəkilirdi. Amma keçən ay təxminən 80 milyon dollar vəsait satışa çıxarılıb. Bu ay da həmin vəziyyətin təkrar olunacağı gözləniləndir. Təbii ki, bunun da müəyyən səbəbləri var və əsas səbəblər də ondan ibarətdir ki, yerli istehsalın artırılması istiqamətində müəyyən nəticələr əldə olunub. Yerli istehsalın artırılması və ixracatın azaldılması ölkəyə valyuta axınının artması deməkdir. Bununla da xərclər azalır. Nəticədə manat valyuta olaraq ticarət balansında irəliləyişə nail olur. Manatın saxlanılmasına 3-4 dəfə az xərc çəkirik. Məsələ burasındadır ki, yerli tələbat mallarının ödənilməsində əsaslı irəliləyişlərə birdən-birə nail olmaq mümkün deyil. Ona görə inflyasiyanın birrəqəmli həddə düşməsi üçün iki istiqamətdə ciddi nəticələrin olması vacibdir. Birincisi, yerli istehsal valyuta gətirməlidir. İkincisi, yerli istehsal yerli tələbatı ödəməlidir”.

Mövzu ilə bağlı millət vəkili Vüqar Bayramov isə deyib ki, birrəqəmli inflyasiya ilə bağlı proqnozlar verilsə də, bu, yaxın tarixdə mümkün olmayacaq: “Aparılan təhlillər və monitorinqlər göstərir ki, istehlak bazarında idxal inflyasiyası xüsusi təsirə malikdir. Yəni idxal edilən məhsulların qiymətindəki artım istehlak bazarına da təsir göstərir. İstehlak bazarında 2023-cü ildə də qiymət artımları davam edir. 2022-ci illə müqayisədə qiymət artımının 2023-cü ilin ikinci yarısında müəyyən qədər səngiyəcəyi gözlənilir. Hökumət, Mərkəzi Bank tərəfindən birrəqəmli inflyasiya arzulansa da, ilkin gözlənti ikirəqəmli inflyasiyanın olacağı istiqamətindədir. Bazarda idxal inflyasiyası aktivdir. Təbii ki, dünya bazarlarında baş verən ucuzlaşma bizə də öz təsirini göstərə bilər. Hazırda qlobal bazarda qiymətlərin müəyyən qədər azalmasını müşahidə edirik. Avropa İttifaqı, Amerika Birləşmiş Ştatlarında qiymətlərin əvvəlki illərlə müqayisədə daha az artması da gözlə görünəcək səviyyədədir. Ötən il qlobal bazarda aktiv olan inflyasiya faktorları bu gün o qədər də aktiv deyil. Ona görə də bizim məhsul idxal etdiyimiz ölkələrdən bəzilərində qiymətlərin azalması müşahidə olunur. Əsas məhsul idxal etdiyimiz ölkələr olan Rusiya və Türkiyədə yenə də inflyasiya səviyyəsi yüksəkdir. Dünya və regional bazarlarda qiymətlərin optimallaşması idxal inflyasiyasının tənzimlənməsinə gətirib çıxara bilər. 2023-cü ilin ikinci yarısında inflyasiya səviyyəsi birinci yarım illə müqayisədə müəyyən qədər azalacaq. Bu da daha çox idxal olunan məhsulların qiymətlərinin optimallaşması ilə bağlıdır. Bütövlükdə biz həmişə vurğulayırıq ki, inflyasiyanın tənzimlənməsi üçün çox vacib məqamlardan biri yerli istehsalın genişləndirilməsi və tələbin daha çox yerli istehsal hesabına ödənilməsinə nail olunmasıdır”.