Tələbələrə şad xədər

10:28 23.01.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Bəzi hallarda təhsil haqlarının ləğv edilməsi istəkləri səsləndirilir. Burada ehtiyatlı olmaq lazımdır”. Bu fikirləri Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə səsləndirib.

O bildirib ki, dövlət təhsil haqlarının ödənilməsi zamanı sosial vəziyyəti nəzərə alır: “Hazırda ölkədə tələbələrin təxminən yarısı dövlət hesabına təhsil alır. Birinci kurslarda bu rəqəm 60 faizdir. Həmçinin, ödənişli və ödənişsiz təhsil həm də biliyin qiymətləndirilməsi nəticəsində yaranan mexanizmdir. Bu ləğv edilsə, onda təhsildə rəqabət də qalmaz. Bəllidir ki, bu gün müəyyən sayda tələbələrin ödəniş problemi var. Məncə, bunu təhsil müəssisələri fərdi yanaşmaqla həll edə bilərlər. Elə tələbə olar ki, ödənişin müəyyən qismini ödəyə bilər, digəri ümumiyyətlə, ödəmək qabiliyyətində olmaz. Burada tələbəyə uyğun fərdi yanaşaraq qərar verilə bilər. Digər tərəfdən, təhsil kreditləri ilə bağlı hökumət və parlament arasında anlaşmaya dair planlar var. Bununla əlaqədar 80 milyon manat nəzərdə tutulub. Kreditlərin 2 istiqamətdə olması nəzərdə tutulur. Onlardan biri sosial kreditlərdir. Həmin kreditlər isə faizsiz olacaq".

Qeyd edək ki, bu gün dünyada tələbələrə təhsil kreditinin verilməsi ənənəsi geniş yayılıb. Lakin Azərbaycanda tələbələrin təhsil krediti alması ciddi bir problemə çevrilib. Düzdür, ölkəmizdə "Maarifçi" Tələbə Kredit Fondu tələbələrə müəyyən kredit imkanı təklif edir, amma bu o qədər də geniş tələbə kütləsini əhatə etmir. Bunu nəzərə alaraq uzun müddətdir ki, Azərbaycanda “Təhsil kreditləri haqqında” qanun layihəsinin hazırlanması təklif edilir. Lakin bu məsələ dəfələrlə gündəmə gətirilsə də, müzakirəyə çıxarılması yubanır.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, ekspert Nadir İsrafilov da bildirib ki, sözügedən qanunun qəbul edilməsi işində çox ləngiyirik:

“Təhsil krediti ilə əlaqədar məsələ birinci dəfə deyil ki, gündəmə gətirilir. Hələ, 2000-ci ilin ilk beşilliyində Azərbaycanın Bolonya sisteminə qoşulması bu məsələni bir az da aktuallaşdırdı. Azərbaycanda ödənişli təhsil alan kifayət qədər tələbə var. Bütün bunları nəzərə alaraq, təhsil krediti haqqında qanun layihəsi hazırlandı. Bildiyim qədər, layihənin müzakirəsi zamanı kreditlərin maksimum 5 faiz dərəcəsi ilə ayrılması fikri irəli sürüldüyündən təklif sərfəli hesab olunmayıb. Ölkədə bankların faiz dərəcələri 17-34 faiz arasında dəyişirdi. Bu və digər səbəblərdən “Təhsil krediti haqqında” qanun layihəsi bir neçə dəfə Milli Məclisin iclaslarında müzakirələrə çıxarmasına baxmayaraq qəbul olunması bu günədək məqbul hesab edilməyib. Hər halda belə bir qanunun qəbul edilməsi ona imkan yarada bilərdi ki, tələbələr heç olmasa ödəniş vəsaitini əldə etməklə təhsil aldıqları müddətdə sosial qayğılardan müəyyən qədər uzaqlaşardılar. Təhsilini bitirib işlədikcə isə borclarını qaytarmaq imkanı əldə edə bilərdilər. Dövlətin də qazancı o olardı ki, ixtisaslı kadr hazırlanır, həmin tələbə fəaliyyət göstərdikcə, ölkənin inkişafına təbii ki, öz töhfəsini verəcək”.

Ekspert əlavə edib ki, bəzən ali məktəblərə yüksək bal toplayaraq qəbul olmaq şansı əldə edən minlərlə məzun maddi imkansızlıq ucbatından tələbə olmaq imkanından yararlana bilmir: “Ödənişlərin yüksək məbləği ixtisas seçiminə də təsirsiz ötüşmür. Başqa sözlə, imtiyazlı təhsil kreditləri verilmədiyindən ödənişli təhsil yeni sosial problem yaradıb. Ali təhsilə çıxış imkanlarının genişləndirilməsi, təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlərin verilməsi məqsədilə 2016-cı ildə Təhsil Nazirliyinin təşəbbüsü ilə 11 dövlət ali təhsil müəssisəsi tərəfindən “Maarifçi” Tələbə Kredit Fondu təsis edilib və fəaliyyətə başlayıb. Gənclər Fondu da bu sahədə nəzərəçarpacaq işlər görür. Lakin təəssüf ki, bu Fondlar o qədər də geniş dairəni əhatə etmir, burda da kifayət qədər baryerlər var ki, tələbələr müəyyən ümumi tələblərə cavab verməlidir”.

N. İsrafilov vurğulayıb ki, Azərbaycanda bankçılıqla məşğul olan sahibkarlar da tələbə kreditləri verməkdə maraqlı deyillər: “Bu tip kredit verməkdə banklar maraqlı olmur. Cünki beynəlxalq təcrübəyə əsasən, bu kreditlər namizədə 5-7 faizlə 15-20 il müddətinə verilir. Namizəd təhsilini bitirib çalışmağa başlayanda isə əmək haqqından həmin krediti hissə-hissə ödəməyə başlayır. Bizdə isə vəziyyət fərqlidir. Banklar krediti 17-34 faizlə təklif edirlər. Eyni zamanda, tələbənin məzun olduqdan sonra iş tapa biləcəyi də sual altındadır. Bu baxımdan banklar riskə getmək istəmirlər. Buna görə də hesab etmək olar ki, təhsil krediti bazarının formalaşması mərhələsində dövlət himayəsi və dəstəyi mütləqdir. Təhsil krediti o növ kreditlərdən deyil ki, bu ay götürüb gələn aydan ödəməyə başlanılsın. Bir də ki, əgər ailənin aylıq, illik gəlirləri müvafiq şərtlərdə göstərildiyi kimi yüksək olarsa, kreditə nə ehtiyac ola bilər? Sosial yönümlü siyasət yürüdürük, neft kapitalını insan kapitalına çevirmək məqsədini qarşımıza qoymuşuq, ali təhsilin hamı üçün əlçatan olması kursunu götürmüşük, adambaşına düşən ali təhsillilərin sayına görə aparıcı dövlətlərlə rəqabət aparırıq, bu məqsədlə müvafiq balı toplaya bilməyən məzunlara ali məktəblərə daxil ola bilmələri üçün ikinci şans veririk, bir sıra universitetlərdə hazırlıq kurslarının açılmasını planlaşdırırıq, bununla belə yüksək bal toplayıb tələbə adını qazanan xeyli sayda məzunumuz imkansızlıq üzündən ali təhsil almaq hüququndan məhrum olur. Digər tərəfdən, hesab edirəm ki, imkanlı iş adamlarımız, kommersiya və biznes strukturlarımız da təhsilimizin bu vacib, taleyüklü məsələsinin həllinə ürəkdən qoşulmalıdırlar, ümumi işimizin xeyrinə öz layiqli töhfələrini verməlidirlər. Hər şeyi dövlətdən gözləməyək. Axı, bizim himayəçiliklə, yardımlaşmaqla bağlı Hacı Zeynalabdin Tağıyev və digər milyonçularımızın timsalında çox gözəl tarixi ənənələrimiz mövcud olub”.

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov deyib ki,  təhsil kreditləri təhsil haqqının ödənilməsinə dəstək üçün nəzərdə tutulur və bunun dünyada bir çox modeli var: “Məsələn, Türkiyədə tələbə təhsil haqqını ödəmək üçün götürdüyü krediti təhsilini tam başa vurduqdan və işlə təmin edildikdən sonra aşağı faizlə ödəməyə başlayır. Dünyanın bir çox ölkəsində təhsil krediti verən banklar mövcuddur və onlar aşağı faizlə kreditlər təklif edirlər. Azərbaycanda vəziyyət necədir? Ödənişsiz, dövlət sifarişli ixtisaslar üzrə təhsil alanlar, müəyyən təbəqəyə mənsub olduqları üçün imtiyazlara sahib tələbələr (əlillik dərəcəsi olan, valideyn himayəsindən məhrum, şəhid, müharibə əlili ailəsi, qaçqın, köçkün, əlilliyi olan və sair) və heç bir imtiyazı olmayan, lakin təhsil haqqını ödəməkdə çətinlik çəkən imkansız ailələrin övladı olan tələbələr var. Apardığımız araşdırma nəticəsində məlum oldu ki, 2012-18-ci illərdə - 7 il ərzində 6 min tələbə məhz təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub. Təsəvvür edin, ölkəmiz və əmək bazarı nə qədər kadr itkisinə məruz qalıb. Halbuki, bu tələbələrin təhsil haqlarının ödənməsində onlara yardım olsaydı, ölkəmiz nə qədər ixtisaslı kadr qazanacaqdı. Hazırda tələbələrin təhsil haqqının ödənməsinə yardım göstərilməsində 3 struktur fəaliyyət göstərir. Biri “Maarifçi” Tələbə Kredit Fondudur. Bu Fond təxminən 200 tələbəyə yardım edə bilir. Digəri Gənclər Fondudur ki, onların da yardım imkanları məhduddur. Üçüncüsü, daha real sayıla biləcək struktur  isə istehlak krediti verən banklardır. Bu banklar isə adi istehlak krediti şərtləri ilə işləyirlər. Bu şərtlərlə aztəminatlı, yaxud imkansız ailələrin tələbə təhsil haqqının ödənməsi üçün kredit götürüb onu ödəməsi mümkün deyil. Gərək hər ay kreditin faizi müəyyən edilmiş vaxtda ödənsin. Buna ailələrin maddi gücü yetmir. Bu mənada, “Təhsil kreditləri haqqında” qanunun qəbulu vacibdir. Qanun qəbul olunacaqsa, dəqiqləşməlidir ki, hansı banklar, hansı şərtlər altında, hansı faiz dərəcəsi ilə təhsil krediti verəcəklər. Dünyada qəbul olunmuş praktika budur ki, tələbə təhsil kreditini təhsil aldığı müddətdə ödəmir, təhsilini bitirdikdən sonra ödəyir. Yəni tələbəyə təhsil alması üçün verilən kredit təhsil müddətində geri alınmır. Hesab edirəm ki, effektli nəticə əldə etmək üçün bizdə də belə olmalıdır”.

Oxunma sayı 689