Rus təyyarə istehsalçısı “İrkut” xəbərdarlıq edib ki, mühərriklərin təmiri problemi həll olunmazsa, istifadə edilə bilən SSJ-100 təyyarələrinin sayı 7 il ərzində 150-dən 28-ə enəcək.
Hafta.az-ın yazdığına görə, SSJ-100 model sərnişin təyyarələri Rusiya-Fransa birgə istehsalı olan mühərriklə uçur, lakin fransız istehsalçısı “Safran” Rusiyanın Ukraynada apardığı müharibəyə cavab olaraq rus istehsalçılarla əməkdaşlığı dayandırıb.
Rusiya problemi aradan qaldırmaq üçün yerli təyyarə mühərriki hazırlamağa çalışır. Tamamilə Rusiya istehsalı olan PD-8 mühərriklərinin gələn il istifadəyə hazır olacağı gözlənilir.
Bununla belə, “Kommersant” qəzetinə danışan aviaşirkətlər mühərriklərin yenilənməsinin 200-500 milyard rubla başa gələcəyini bildiriblər. Sənaye nümayəndələri bu qənaətdədirlər ki, şirkətlər bu məbləği ödəməkdənsə, təyyarələri İranda təmir etdirməyə üstünlük verəcəklər.
SSJ-100 təyyarəsinin dəyərinin yarısından çoxunun iki mühərrikə aid olduğu öyrənilib. Sözügedən problem 2022-ci ildən əvvəl istehsal olunan təyyarələrə aiddir. “İrkut” gələn ildən istehsal olunacaq təyyarədə yerli PD-8 mühərrikindən istifadə etmək niyyətindədir.