Hollivud aktyoru Tom Kruzun rol aldığı “Mission: Impossible – The Final Reckoning” Kann Film Festivalına gedir. 62 yaşlı Kruzun məşhur döyüş serialının son hissəsi Fransanın nüfuzlu kino tədbiri çərçivəsində nümayiş olunacaq.
Hafta.az-ın “Hollywood Reporter”a istinadən yazdığına görə, serialın 8-ci filmi mayın 14-də Grand Theatre Lumière-də müsabiqədənkənar tamaşaçıları ilə görüşəcək. Nümayişdən əvvəl Tom Kruz, rejissor və ssenarist Kistofer MakQuarrie və filmin aktyor heyəti Palais des Festivals-in məşhur pilləkənlərində qırmızı xalçadan keçərək premyerada iştirak edəcəklər.
Kruz bir daha filmdə ikonik agent Ethan Hunt kimi görünəcək. Serialın əvvəlki istehsallarında olduğu kimi, bu film də Kristofer MakQuarrinin imzasını daşıyır.
Kann rəhbərliyi dünən rəsmən silsilədəki yeni filmin festival proqramına daxil edildiyini açıqlayıb. Film bütün dünyada mayın 23-də nümayiş olunacaq.
“The Final Reckoning” filminin aktyor heyətinə Heyli Atvel, Vinq Rayms, Saymon Peqq, Esai Morales, Mariela Qarriqa və Anjela Bassett daxildir.
1996-cı ildə başlayan və nəfəs kəsən hərəkət səhnələri ilə adından söz etdirən “Missiya: Mission İmpossible” serialı Kruzun ən çox danışılan layihələri arasındadır. Məşhur aktyor 1992-ci ildə Ron Hovardın “FarAndAway” filminin premyerası üçün Kanna gəlib və 2022-ci ildə “Top Gun: Maverick” filmi ilə festivala qayıdıb və orada Fəxri Qızıl Palma budağına layiq görülüb.
Paramount 8-ci “Missiya: Mission impossible” filmini "seriya finalı" olaraq elan edərək həyəcanı artırmağı hədəfləyir. Kruiz, öz növbəsində, bunun həqiqətən onun son filmi olub-olmayacağı barədə heç nə demək istəmir. Son illərdə o, 80 yaşına qədər Ethan Hunt obrazını oynamaq istədiyini dilə gətirib. Ancaq son vaxtlar bu məsələdə daha ehtiyatlı davranır.