““Tramp yolu”nun keçəcəyi ərazi heç Ermənistanın da nəzarəti altında deyil” – TOFİQ ZÜLFÜQAROV

10:28 27.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Rusiya-Ermənistan yüksək səviyyəli dialoqunda Sünikdən keçən “Tramp marşrutu” (Zəngəzur yolu) məsələsi gündəmə gətirilir”. Xəbər verildiyi kimi, bu barədə “Sputnik Ermənistan” radiosuna müsahibəsində Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin danışıb. Görəsən, Rusiya ABŞ-la imzalanmış saziş əsasında icra ediləcək layihəyə hansı əsasla müdaxilə edə bilər?

Mövzu ilə bağlı hafta.az-a açıqlamasında sabiq baş diplomat Tofiq Zülfüqarov bunları söyləyib:

“Əslində, bu məntiqli bir məsləhətləşmələrdir. Çünki əslinə qalsa, həmin bölgə fakitiki olaraq heç Ermənistanın da nəzarəti altında deyil. Zəngəzur yolunun- TRİPP layihəsinin keçəcəyi yol sərhəd bölgəsi sayılır və tamamilə Rusiya sərhədçilərinin kontrolu altındadır.  Hətta oradakı İranla sərhəd bölgəsi MDB-nin xarici sərhədləri bölgəsi statusu daşıyır. Səhv etmirəmsə, 1992-ci ildən belə bir status var. Buradan da ortaya məntiqi sual çıxır ki, Ermənistan özü də o yerlərin sahibi deyilsə, Tramp yolu layihəsinin icrasıyla bağlı ABŞ-la danışıqları necə aparacaqlar? Mən bu yaxınlarda “CBC” kanalına müsahibəmdə də bildirmişəm ki, bu məsələyə aydınlıq gətirmək lazımdır- Zəngəzur yolu keçən ərazidə Ermənistandan başqa hamı var; Rusiya “FSB”-nin sərhəd qoşunları var, Avropanın müşahidə missiyası orada fəaliyyət göstərir,  sabah isə “TRİPP” layihəsini həyata keçirmək üçün amerikanlar gələcək. Və o layihəni həyata keçirəcək Amerika şirkətinin əsas funksiyalarından biri də təhlükəsizliyi təmin etməkdir.  Və belə olduğu halda sual meydana çıxır: kim kimə tabe olacaq?  Yəni yerli idarəetmə orqanlarından savayı, Ermənistan, demək olar ki, həmin əraziyə nəzarət etmir. Sonra da hay-küylə danışırlar ki, Zəngəzur yolu keçən ərazi Ermənistanın suveren ərazisidir...”

Sultan Laçın