Türkiyə, Suriya və Sudan üçün 56,5 milyard dollarlıq fond kəsiri yaranıb

10:45 19.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən donorlar yığıncağında Suriya və Türkiyədə baş verən zəlzələlər, eləcə də Sudandakı vətəndaş müharibəsi səbəbindən humanitar ehtiyacların əhəmiyyətli dərəcədə artdığı və bunun nəticəsində 56 milyard dollardan çox böyük maliyyə açığı olduğu qeyd edilib.

Hafta.az-ın “Saudigazetta”ya istinadən yazdığına görə, Səudiyyə Ərəbistanının sədrliyi ilə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) fəaliyyətini dəstəkləmək üçün Ər-Riyadda keçirilən donorların altıncı toplantısında maliyyə çatışmazlığının aradan qaldırılması üçün lazımi maddi resursların təmin edilməsinin vacibliyi vurğulanıb. İclasda donor bazasının genişləndirilməsi və yeni donorların cəlb edilməsinin də maliyyə çatışmazlığının aradan qaldırılması üçün zəruri addımlar olduğu bildirilib.

İclas Səudiyyə Ərəbistanını təmsil edən Kral Salman Yardım və Humanitar Araşdırmalar Mərkəzinin (KSRelief) baş direktor müavini Dr. Akil bin Seman əl-Gamidi sədrliyi ilə keçirilib. İclasda 30 donor ölkəsinin nümayəndələri və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin yüksək vəzifəli şəxsləri qrupu iştirak edib.

Dr. Akil bildirib ki, böyük maliyyə çatışmazlığı səbəbindən humanitar iş tələbləri üçün prioritet olan maliyyələşdirmə məsələsi və humanitar yardım sahəsində baş verən hadisələr müzakirə olunub. Səudiyyə rəsmisi bəyan edib ki, “Suriya və Türkiyədə baş verən zəlzələlər və Sudandakı cari hadisələr səbəbindən” humanitar ehtiyacın əhəmiyyətli dərəcədə artması müzakirə edilib.

Dr. Akil çıxışında “Ehtiyacın ölçüsü 56,5 milyard dollara çatıb. Bu misli görünməmiş ehtiyaca cavab vermək böyük maliyyə boşluğunu aradan qaldırmaq üçün zəruri maddi resursları təmin etmək üçün birgə beynəlxalq səyləri tələb edir. Donor bazasını genişləndirmək və yeni donorları cəlb etmək lazımdır. Krallığın təqdim etdiyi strategiya məhz buna yönəlib” deyib.

Səudiyyə Ərəbistanının nümayəndəsi donor toplantısının sonunda 2023-2024-cü illər üçün sədrliyi Lüksemburqa təhvil verib.