Türkiyə aviasiya sahəsində Avrasiyanın lideridir

11:15 16.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İstanbul Ekspo Mərkəzində keçirilən “Routes World 2023” tədbirində çıxış edən Türkiyəmim nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkəsinin Avrasiyada aviasiya sahəsində lider olduğunu bildirib. Uraloğlu Türkiyənin üç qitənin ortasında əsas mövqedə yerləşdiyini və beləliklə də Avrasiya bölgəsində mühüm rol oynadığını qeyd edib.

Hafta.az-ın yazdığına görə, Uraloğlu, Türkiyənin 2002-2023-cü illər arasında aviasiya sahəsinə ümumilikdə 16,7 milyard dollar sərmayə yatırdığını deyib.

Nazir bildirib ki, 2002-ci ildə Türkiyənin 2 mərkəzdən 26 istiqamətə daxili reysləri olub, bu gün isə 7 mərkəzdən 57 istiqamətə daxili reyslər həyata keçirir. Uraloğlu, həmçinin bildirib ki, 2002-ci ildə 50 ölkədən 60 istiqamətə uçuşlar həyata keçirilib, bu gün Avrasiya regionunda və dünyanın 130 ölkəsində 343 istiqamətə uçuşlar edilir.

İstanbul Hava Limanının 2018-ci ildə istifadəyə verildiyini və Türkiyənin xüsusilə Avrasiya bölgəsində qlobal tranzit mərkəzləri arasında olduğunu bildirən Uraloğlu, hava limanının ucuzluğu ilə hava yolu şirkətlərini cəlb etdiyini bildirib.

Avrasiyada və dünyada hava trafikinin önümüzdəki 20 ildə iki dəfədən çox artacağının, xidmət edilən sərnişinlərin sayının isə hər il orta hesabla 4,4 faiz yüksələcəyinin gözləndiyini ifadə edən Uraloğlu, mülki aviasiyada rəqabətin artacağını deyib.

Tikintisi davam edən Bakırköy - Bahçəlievlər - Kirazlı Metro Xəttinin planlaşdırılan açılış tarixinin 2024-cü ilin ilk rübü olduğunu bildirən Uraloğlu, bunun yalnız fevral ayında İstanbula xidmət göstərəcəyini bildirib.