Türkiyə - Azərbaycanın 2-ci ən böyük ticarət tərəfdaşı - Aktual

11:47 08.06.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Qardaş Türkiyədə daha bir prezident və parlament seçkiləri geridə qaldı. Seçkilərdən sonra bu ölkədə yeni dövr başlayıb. Hazırda Türkiyənin milli valyutasının kəskin ucuzlaşmasına, infilyasiyanın dərinləşməsinə baxmayaraq, hökumətin yeni iqtisadi komandasına ümidlər böyükdür.

Maraqlıdır, görəsən bundan sonra Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişaf tempi necə davam edəcək? Lirənin mövcud durumunun ikitərəfli razılaşmalara hansısa təsiri olacaqmı?

Qeyd edək ki, Türkiyə bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də Azərbaycanın ən vacib tərəfdaşlarından biri sayılır. Dövlət Gömrük Komitəsinin göstəricilərinə görə, ötən il Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsi 5 milyard 842 milyon dollar olub. Bu, Azərbaycanın toplam ticarət dövriyyəsinin 11.1 faizi deməkdir və həmin nəticə ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət partnyorudur. İxrac və idxal baxımından da Türkiyə ikinci yerdədir. Azərbaycanın ötənilki ixracının 9 faizi, idxalınınsa 16 faizi Türkiyə ilə bağlıdır. Azərbaycanın ən çox ixrac gerçəkləşdirdiyi ölkə İtaliya, ən çox mal gətirdiyi ölkə isə Rusiyadır. Türkiyə ilə ticarətdə bir məqam da diqqət çəkir ki, müsbət saldo Azərbaycanın xeyrinədir. Ötən ilin nəticələrinə əsasən, Azərbaycanın Türkiyədən ixracı 3.5 milyard dollar, Türkiyədən idxalı 2.3 milyard dollar olub. Beləliklə 1.2 milyard dollarlıq müsbət saldo yaranıb. Azərbaycanın Türkiyədən çox sayda məhsulun idxalını gerçəkləşdirir. Ötən il Türkiyədən toplam 3 min 488 çeşid məhsul gətirilib. İdxalın həcminə görə ilk yeri dərman vasitələri tutur və 2022-ci ildə Azərbaycan Türkiyədən toplam 92.4 milyon dollar dəyərində dərman vasitələri gətirib. İkinci yeri avtobuslar tutur. Ötən il Türkiyədən 233 ədəd avtobus gətirilib. Bu idxalın toplam dəyəri 44 milyon dolları aşıb. Həcmi 30 milyon dolları aşan digər məhsullar sürtkü yağları (35.2 milyon dollar), metal konstruksiyalar (34 milyon dollar), tütün (32.7 milyon dollar) və qadınlar üçün gigiyenik bez və uşaq bezləridir (31.6 milyon dollar). Azərbaycandan Türkiyəyə isə ötən il 665 məhsul çeşidi satılıb. Bu, Türkiyədən Azərbaycana göndərilən məhsul çeşidləri ilə müqayisədə beş dəfəyə yaxın azdır. Azərbaycanın Türkiyəyə ixracında əsas payı enerji sektoru ilə bağlıdır. Ötən il Türkiyəyə 2 milyard 208 milyon dollar dəyərində təbii qaz satılıb. Bu, Azərbaycanın toplam idxalının 62 faizi deməkdir. Neft də diqqətə alınsa, Azərbaycanın Türkiyəyə ixracında enerji sektorunun payı 76 faizə yüksəlir. Enerji sektorundan başqa Türkiyəyə ən çox pambıq lifi satılıb (162 milyon dollar dəyərində). Elektrik enerjisi (79.2 milyon dollar) və alüminium (61.3 milyon dollar) da Azərbaycanın Türkiyəyə ixrac etdiyi əsas məhsullar arasındadır.

Bununla yanaşı, Türkiyə Azərbaycana yatırılan və Azərbaycanın yatırdığı investisiyaların həcminə görə də önəmli yer tutur. Mərkəzi Bankın məlumatına görə, 2022-ci ildə Türkiyədən Azərbaycan iqtisadiyyatına 1 milyard 187 milyon dollar dəyərində birbaşa investisiya cəlb edilib. Bu göstərici ilə Türkiyə Böyük Britaniyadan sonra Azərbaycana ən çox yatırım edən ölkə adını qazanıb. Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyalara görə Türkiyə birinci yeri tutur. 2022-ci ildə Azərbaycandan Türkiyə iqtisadiyyatına 247 milyon dollar yatırılıb. Türkiyənin ən böyük xarici yatırımçısı Azərbaycandır. Dövlət Neft Şirkəti (SOCAR) indiyədək Türkiyənin neft-kimya sənayesinə 18 milyard dollar yatırıb. Təkcə ötən il Türkiyədə Azərbaycan sərmayəli 56 şirkət qurulub. Bu göstərici ilə Azərbaycan vətəndaşları Türkiyədə ən çox şirkət quran əcnəbilər arasında Rusiya, Almaniya və ABŞ-dan sonra dördüncü yerə çıxıb.

Məsələni qəzetimizə şərh edən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, hazırda Türkiyə və Azərbaycan əlaqələri artan xətt üzrə inkişaf edir:

“Hesab edirəm ki, bu dinamika uzun illər getdikcə artacaq. İki ölkə arasında bağlanmış “Prefensial Ticarət Sazişi”nə əsasən ticarət dövriyyəsinin 15 milyarda qədər çatdırılması hədəf olaraq göstərilmişdir. Düzdür, 2025-ci ildə bu hədəfə çatmaq mümkün olmayacaqdır. Amma düşünürəm ki, ticarət dövriyyəsi həm rəqəmlərdə, həm də keyfiyyətcə yüksələn dinamika ilə müşayiət olunacaq. Eyni zamanda da Azərbaycanın müharibədəki qələbəsi və işğaldan azad edilmiş ərazilərin bərpasında Türkiyə şirkətlərinin aktiv iştirakı bu iqtisadi əməkdaşlığı daha da sürətləndirir. Lirənin vəziyyətinin isə heç bir halda Azərbaycan iqtisadiyyatına ciddi mənfi təsiri yoxdur. Düzdür, bəzi istiqamətlərə görə mənfi nüansları qeyd etmək olar. Amma ticarət dövriyyəsinin həcminə, iki ölkənin iqtisadiyyatının həcminə, münasibətlər formatına və digər qarşılıqlı əlaqələrin detallarına baxdıqda görərik ki, hazırkı vəziyyətdə lirənin durumunun Azərbaycan iqtisadiyyatına birbaşa mənfi təsiri yoxdur”.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı-ekspert Xalid Kərimli də vurğulayıb ki, seçkidən sonra Tükiyədə hökümət dəyişikliyi baş vermədiyindən əməkdaşlıq ötən illərdə olduğu kimi irəliləyəcək:

“Bundan sonra da Türkiyə hökümətinin son 10-15 ildir irəli sürdüyü əməkdaşlıq siyasəti davam edəcək.Yəni burada köklü bir dəyişiklik olmadığına görə bundan öncəki siyasətin davamını gözləyirik. Belə ki, son illər başlanan proseslər, ticarət əlaqələrinin daha da yaxşılaşdırılması, iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi, türk dövlət təşkilatları arasında əlaqələrin genişləndirilməsi, türk dövlət təşkilatları arasında güzəştli azad ticarətin təşviq edilməsi, bu ölkələr arasında tranzit yükdaşımalarında olan problemlərin həll edilməsi və s. kimi məsələlər prioritet götürülüb. Biz də bu istiqamətlərdə işlərin sürətlənəcəyini gözləyirik. O ki qaldı lirənin durumunun ölkələrimiz arasında mövcud olan razılaşmalara hər hansı təsirinə, bu gözlənilən deyil”.