“Türkiyə dünyanın dəyişdiyini anlayır” - Səfir

09:39 16.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov Qərbin Rusiyaya qarşı sanksiyalarının Akkuyu Atom Elektrik Stansiyası layihəsinin sürətinə və vaxtına mənfi təsir etdiyini, lakin layihənin “nə olursa olsun” həyata keçiriləcəyini bildirib.

Hafta.az-ın yazdığına görə, daha əvvəl enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “Siemens” şirkətinin Türkiyənin Akkuyu AES üçün sifariş etdiyi avadanlığı tədarük etməməsinin elektrik stansiyasının tikintisində ləngiməyə səbəb olduğunu, Ankaranın şirkətə qarşı tədbir görəcəyini vurğulamışdı.

Yerxov “Posta” qəzetinə müsahibəsində deyib: “Qərbin birtərəfli qeyri-qanuni sanksiyaları, təəssüf ki, ölkənizin güclənməsində mühüm elementə çevrilməsi nəzərdə tutulan layihənin sürətinə və müddətinə mənfi təsir göstərir. Amma nə nə olursa olsun, sizi əmin edə bilərəm ki, layihə həyata keçiriləcək və Türkiyə uzun illər üçün sabit, ekoloji cəhətdən təmiz elektrik təchizatı əldə edəcək".

“Türkiyənin BRICS və Şanxay Alyansı kimi birlik və strukturlara üzvlük istəyi və təşəbbüsləri Moskva tərəfindən necə qiymətləndirilir? sualını cavablandıran Yerxov, “Türkiyənin belə birliklərə marağı onu göstərir ki, Ankara bunu başa düşür: Dünya dəyişir, qlobal iqtisadi fəaliyyətlərin mərkəzi dəyişir, birqütblü sistem öz yerini mədəni və siyasi müxtəlifliyə verir” deyib.

30-dan çox ölkənin bu və ya digər formatda BRİKS ilə əməkdaşlığa maraq göstərdiyini vurğulayan Yerxov, "Bu, təsadüfi deyil. BRİKS ölkələri hegemon neokolonial diktaturanın olmamasını həqiqətən təmin edəcəklər, dünya birliyinin bütün dominant üzvlərinin hüquqlarına hörmətlə yanaşılacaq" deyə bildirib.

Siyasət rubrikasından digər xəbərlər