“Türkiyə Əsədin həyata keçirdiyi soyqırımın qarşısını almağa çalışır” – Suriya Keçid Hökumətinin rəhbəri

10:57 25.02.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Uzun müddətdir əsəd rejimi müxalifətin son dayanacağı olan İdlib vilayətini ələ keçirməyə çalışır. Özü də havadan Rusiya aviasiyasının, yerdən isə İran döyüşçülərinin dəstəyi ilə. Bu yaxınlarda ifrata vardılar, bölgədə atəşkəsə nəzarət edən bir neçə türk əsgərini şəhid etdilər. Bundan sonra isə Türkiyə ordusu Əsəd qüvvələrinə zərbə endirdi və şəhid olan bir əsgərinin əvəzinə Əsədin 10 döyüşçüsünü öldürdü. Amma iş bununla yekunlaşmadı, rəsmi Ankara Əsəd rejiminə İdlib ərazisindən çıxması üçün fevral ayının sonunadək vaxt verdi.

Məsələ ondadır ki, fevralın başa çatmasına bir neçə gün qalır, bəs sonra nə olacaq? Türkiyə ordusu hərbi əməliyyatlara başlayacaqmı? Suriya Keçid Hökumətinin rəhbəri Abdurrahman Mustafa ilə söhbətim zamanı bu suallara cavab tapmağa çalışdım.

- Reallıq budur ki, Suriya Milli Ordusu və qardaş türk ordusunun müştərək şəkildə həyata keçirəcəyi gözlənilən hərbi əməliyyatlar hələ başlamayıb. Amma orduların cəmləşdiyi bölgədə çox güclü döyüşə hazırlıqlar gedir. İdlib və Hələb vilayətləridəki mövcud vəziyyət böyük bir fəlakatə, hətta deyərdim ki, soyqırıma, müharibə cinaayətlərinə yol açmaqdadır. Bu gün Rusiyanın ciddi dəstək verdiyi Əsəd milisləri tərəfindən adını çəkdiyim bölgələrdə genişmiqyaslı istila təhlükəsi yaranıb. Hesab edirəm ki, Əsəd rejimi geri çəkilməsə, Türkiyə tərəfinin ilk başdan bildirdiyi kimi, müxtəlif istiqamətlərdə hərbi əməliyyatlar başlayacaq.

- Bu yaxınlarda İdlibdə bir neçə türk hərbçisi məhz Əsəd qüvvələrinin açdığı atəş nəticəsində şəhid oldu. Təbii ki, ardıyla da türk ordusu qarşılıq verdi və deyilənə görə, 70-dək Əsəd ordusunun əsgərini öldürdü. Belə deyək ki, şəhidlərin qanı alındı. Yaxşı. əməliyyatlar niyə elə o vaxt başlamadı, Ankara niyə gözləməyə qərar verdi?

- Düzdür, hərbi əməliyyatdan sonra Əsəd rejimi və müttəfiqləri Türkiyə ordusunun hərbi nəzarət nöqtələrini hədəf alaraq, türk silahlı qüvvələrinin qolunu bükmək və bölgədən çıxarmaq istəyirlər. Onların məqsədi bu istəklərinə çatdıqları təqdirdə milyonlarla suriyalını zalim Əəsd rejimi ilə baş-başa qoymaqdır. Amma təbii ki, türk ordusunun hissələri indiyədək düşmən qrupların yerləşdiyi bölgələrə zərbə endirərək, artıqlaması ilə cavablarını veriblər. Nəzarət nöqtələrinin hədəf alınmasına baxmayaraq, Türkiyə ordusu hələlik genişmiqyaslı hərbi əməliyyatlara start verməyib. Ankara hökuməti hərbi hazırlıqları başa çatdırmaqda, eyni zamanda beynəlxalq ictimaiyyəti məlumatlandırmaqda, onları öz üzərilərinə düşən məsuliyyəti yerinə yetirməyə dəvət etməkdədir. Bundan başqa, Türkiyə Suriyanın şimalında yaşanan hücumları və gələcəkdə baş verəcək çox böyük toqquşmanı dayandırmaq üçün, Suriyanın oyuncaq rejimini dəstəkləyən və idarə edən Rusiya ilə müzakirələri başa çatdırmaq istəyir.

- Bayaq İdlibin xəritəsini nəzərdən keçirdim. Serakib rayonu strateji mövqeyi vacib olduğundan Əsəd rejiminin diqqətindədir. Amma Serakib rayonu indiki görünüşü ilə, torpaqlarının böyük hissəsinin Əsəd qüvvələri tərəfindən tutulduğu görünür. Niyə Əsəd qüvvələri ilk hücuma başladığı gün Suriya Nilli Ordusu onları dayandırmadı? Təbii ki, Türkiyə ordusunun dəstəyi ilə…

- Düzünü desəm, bizim üçün tək İdlib deyil, Suriyanın hər qarış torpağı əhəmiyyətlidir. Yəni bunu sadəcə Serakib rayonu ilə məhdudlaşdırmamalıyıq. Suriya Milli Ordusu hər nə qədər şərtlər bərabər olmasa da, canı bahasına da olsa bu torpaqları Əsəd milislərinin və müttəfiqlərinin tapdağından qurtarmağa çalışmaqdadır. Qeyd edim ki, qarşı tərəf Suriya Nilli Ordusunun qarşısında aciz qalmaqdadır.

- Bir az da İdlibin mövqeyi, strateji əhəmiyyətindən söz açaq. Orada nə qədər əhali yaşayır və hazırda qaçqınlarla birlikdə nə qədərdir? Onların yemək-içməyə olan ehtiyacları necə ödənilir, Əsəd qüvvələrinin hücumları qarşısında necə dayanırlar?

- Bizə verilən məlumata əsasən, hazırda İdlibdə və Hələbdə təxminən 2,5 milyon insan yaşayır. Amma aparılan son hesablara görə, hazırda bu bölgədə zorla ev-eşiyindən didərgin salınmış əlavə 2,2 milyon köçkün məskunlaşıb. Yəni bölgə əhalisinin sayı ümumilikdə 4,7 milyonu ötüb. Dolanışıq çətindir. Bir yandan bölgədə yaşayan Suriya xalqının bir-birinə köməkliyi, həmrəyliyi, digər tərəfdən də göndərilən humanitar yardımlar sayəsində həyat davam edir. Müharibə bölgəsində yaşayan bir çox ailə sözün əsl mənasında, məhz verilən yardımlar sayəsində yaşayır. Əsəd rejiminin işlədiyi cinayətlər işsizliyə yol açıb, insanlar işləməyə yer tapmırlar ki, halal qazancları ilə dolanışıqlarını təmin etsinlər. Ona görə də bir çox ailə aclıq həddindədir. Bunu da deyim ki, xalqımıza göstərilən humanitar yardımlar ən adi ehtiyacları belə qarşılamır. Biz bununla bağlı BMT-yə, digər beynəlxalq təşkilatlara, vəziyyətimizə biganə qalmayan müxtəlif ölkələrə bu barədə müfəssəl məlumat veririk. Əsəd güclərinin durmayan hücumları nəticəsində onsuz da vəziyyəti ağır olan xalqın bir qismi sərhəd bölgələrinə köç etməkdədir. Onlar qışın qarında-şaxtasında çadır düşərgələrində yaşamaqdadırlar. Bu dözülməzdir.

- Əsəd hökuməti qaçqınlara evlərinə qayıtmağı təklif etmişdi, qayıdanlar varmı?

- Düzdür, rejim köçkün xalqa torpaqlarına qayıtmaq üçün çağırış edib, amma heç kim ona inanmır və müsbət cavab vermir. İstər çadır düşərgələrində yaşayanlar olsun, istərsə də xaricdə məskunlaşanlar, heç bir ailə Əsəd hakimiyyətdə olduğu müddətdə geri qayıtmamağa qərarlıdır.

- Yenə qayıdaq Serakib məsələsinə. Dəməşq-Hələb yolu üzərində yerləşən bu şəhərin strateji əhəmiyyəti göz özündədir və güman ki, Əsəd də elə bu səbəbdən oranı ələ keçirib. Necə olacaq, Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu Serakibi təkrar geri alacaqmı, buna gücü-qüvvəsi varmı?

- Əlbəttə ki, Serakip və bütün Suriya torpaqları vətəndaşlarımızın qəlbində, düşüncəsindədir. Əminəm ki, bir gün o torpaqları işğalçı qüvvənin tapdağından xilas edəcəyik və bizim müzakirəolunmaz haqqımızdır. Bəli, biz o torpaqları geri qaytaracağıq və bunun üçün kifayət qədər gücümüz-qüvvəmiz də var. Əsas vacib olan möhkəm iradə və qırılmayan əzmdir ki, varımızdır. Amma real danışsaq, Rusiyanın son texnologiyaya əsaslanan hava qüvvələri ilə birləşən Əsəd gücləri hərbi-texniki baxımdan bizdən üstündürlər. Ümid edirik bu proses uzun sürməyəcək və türk qardaşlarımız köməyimizə yetişəcək, mülki əhalini hava hücumlarından qorumaq üçün bölgə üzərində uçuş yasaqlanacaq.

- Özünüz də qeyd etdiniz, Rusiya faktoru var, Suriya Nilli Ordusunun birliklərini havadan bombalayır və açıq-aşkar Əsədlə birlikdə Türkiyəyə qarşı müharibə aparır. Rusiyanı müharibədən kənarlaşdırmaq, bitərəf etmək mümkün görünürmü?

- Tam əminəm ki, günlərin birində Rusiya uzunvədəli maraqlarının zalımlarla deyil, sadə insanlarla olduğunu anlayacaq. Türkiyənin Rusiyanı bu məsələdə bitərəf etmək üçün göstərdiyi səylərin nəticə verəcəyinə inanıram. Ancaq ruslara çox da güvənmirik, çünki onlar öz xalqını öldürən Əsəd rejiminin müttəfiqidirlər. Ona görə də bu mərhələdə beynəlxalq ictimaiyyətin və böyük güclərin rol alması lazımdır. Önlar Rusiyanın Əsədi rejimini havadan dəstəkləməyə son qoymağa inandıra bilsələr, Milli Ordunun son sözü demək haqqı yaranacaq.

- Maraqlıdır, ABŞ, Avropa İttifaqı və təbii ki, NATO-nun bu məsələdə mövqeyi necədir? Ruslar Əsədlə birlikdə döyüşdüyü kimi, onlar da yalandan dəstəkləməyi bir yana buraxıb Türkiyə ilə birlikdə vahid cəbhədə döyüşə girə biləcəklərmi?

- Ümid edirəm ki, NATO, öz üzvü olan Türkiyənin və məzlum Suriya xalqının yanında yer alacaq, öz vəzifələrini yerinə yetirərək, Suriyada vəziyyəti rusların xeyrinə dəyişməyəcək. Çünki yaşanacaq olaylar yaxın gələcəkdə ciddi nəticələr verəcək. NATO-nun isə hazırda hadisələrə reaksiya verməyəcəyini düşünmək mümkün deyil.

- Ümumiyyətlə, Türkiyənin başlayacağı mümkün əməliyyatların sonunu necə görürsünüz, Türkiyə istədiyini ala biləcəkmi?

- Görürəm ki, Türkiyənin əzmi, israrı və mövqeyi çox şəffafdır və qəti şəkildə Suriya xalqını qorumağa, dəstəkləməyə yönəlib. Türkiyə, Əsəd rejiminin və müdafiəçilərinin tədricən həyata keçirdiyi soyqırımın qarşısını almağa çalışır...