Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı məlumatlara görə, ölkədə 2022-ci ildə 5,6 faiz böyümə qeydə alınıb. Dördüncü rübdə ümumdaxili məhsul istehsalı əvvəlki ilin eyni rübünə nisbətən 3,5 faiz artıb. Son rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz artım qeydə alınıb.
Hafta.az-ın yazdığına görə, qardaş ölkədə adambaşına düşən ÜDM 2022-ci ildə 10655 dollar olaraq hesablanıb.
Türkiyənin 2022-ci ildə böyümə müstəvisində evbaşı istehlak yenidən önə çıxıb. Belə ki, ötən il daxili istehlak 19,7 faiz artıb. İnvestisiya tərəfində isə artımın sürətini itirdiyi müşahidə olunub. 2020 və 2021-ci illərdə 7,4 faiz artan investisiyalar 2022-ci ildə 2,8 faizə enib.
Oxşar mənzərə ixrac tərəfində də qeyd olunub. 2021-ci ildə 24,9 faiz artan ixrac, 2022-ci ildə 9,1 faizlə təkrəqəmli artım qeyd edib.
Sektor bölgüsünə baxdıqda, kənd təsərrüfatı sektorunun 2022-ci ildə 0,6 faiz artdığı görülüb. 2022-ci ilin son rübündə kənd təsərrüfatında yüzdə 0,3 daralma qeydə alınıb.
Sənaye tərəfində illik artım 2022-ci ildə 3,3 faiz təşkil edib. Sənaye də ilin son rübündə 3 faiz azalıb.
Tikinti sənayesi 2022-ci ildə kifayət qədər zəif çıxış edib. Bütövlükdə 2022-ci ildə tikintidə azalma 8,4 faiz təşkil edib və epidemiya ili olan 2020-ci ildəki 5,5 faiz azalmanı ötüb.
Xidmətlər sektoru 2022-ci ildə iqtisadiyyatın hərəkətverici qüvvələrindən birinə çevrilib. 2022-ci ildə xidmətlərdə artım 11,7 faizlə ikirəqəmli səviyyədə qeydə alınıb.
Cari qiymətlərlə əmək haqqının Ümumi Əlavə Dəyərdə xüsusi çəkisi keçən il 30,1 faiz olduğu halda, 2022-ci ildə bu nisbət 26,5 faiz təşkil edib. Xalis əməliyyat profisiti/qarışıq gəlirin payı 52,5 faizdən 54,5 faizə yüksəlib.
Bazar gözləntisi yüzdə 5,2 olaraq təyin olunub.
"Bloomberg"in sorğusuna qatılan iqtisadçıların gözləntisi 2022-ci ildə Türkiyədə ümumdaxili məhsulun 5,2 faiz artacağı idi. İlin son rübü üçün illik artım gözləməsi yüzdə 2,8 olaraq təyin olunub.
Beynəlxalq qurumların 2022-ci il üçün Türkiyədəki artım proqnozları da 5 faizin üstündə olub. Beynəlxalq Valyuta Fondu (BVF) 2022-ci il üçün artım proqnozunu əvvəlki 5 faizdən 5,5 faizə yüksəldib.
Dünya Bankının 2022-ci il üçün artım gözləntiləri 4,7 faiz olaraq açıqlanıb. AYİB-in 2022-ci il üçün proqnozu da 4,5 faiz səviyyəsində idi.
İqtisadiyyat rəhbərliyinin 2022-ci il üçün artım proqnozu da 5 faiz olub. Ortamüddətli Proqrama əsasən, 2022-ci il üçün ÜDM-in artım proqnozu 5 faiz olaraq açıqlanıb.
İqtisadiyyat birinci rübdə 7,5 faiz, ikinci rübdə 7,7 faiz artıb, daha sonra üçüncü rübdə artım 3,9 faizə enib.
Bu dövrdə TL-nin ucuzlaşması və Rusiyanın Ukraynaya hücumu gündəmdə idi. Enerji bazarında qiymət artımının təsiri ilə inflyasiya 85 faizdən yuxarı qalxıb.
İlin son rübündə sənaye istehsalından gələn siqnallar artımın yavaşlamasına işarə edib. Noyabrda sənaye istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz azalıb. Beləliklə, sənaye istehsalı pandemiyadan sonra ilk dəfə olaraq illik bazda aşağı düşüb.
Sənaye üçün oxşar siqnallar istehsal satınalma menecerləri indeksindən də (PMI) gəlib. İlin çox hissəsi üçün indeks 50-nin həddi səviyyəsindən aşağı qalaraq daralma siqnalı verib. Noyabrda indeks 45,7 ilə ilin ən aşağı səviyyəsinə düşüb.