“Türkiyə kimi güclər rol oynamadan Qəzza problemi həll olunmayacaq” – ABŞ səfiri

11:10 15.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Şimalda Ukraynada, cənubda Qəzzada müharibə gedir və Türkiyə tam ortadadır. Əhalisinin 97 faizi müsəlman olan bir ölkənin Fələstinlə dərin bir yaxınlığı olduğu açıqdır. Buna görə də İsrail Qəzzaya girdiyi üçün çox tənqid edilir”.

Hafta.az-ın yazdığına görə, bunu ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyk deyib.

Amerikalı diplomat Türkiyənin qarant təklifini xatırladaraq, "Ankara qarant rolunu oynamağa və digər regional tərəfdaşlarla işləməyə hazır olduqlarını ifadə edib. Türkiyə də bizim kimi iki dövlətli həll yolunu dəstəkləyir. Ona görə də birlikdə işləyəcəyimizi düşünürəm. Qəzza münaqişəsinə Türkiyə kimi regional güclərin rolu olmadan həll yolu tapmaq çətindir” deyə bildirib.

Fleyk Türkiyənin Rusiya-Ukrayna müharibəsindəki mövqeyi ilə bağlı da qiymətləndirmələr aparıb. Türkiyənin Ukraynanın suverenliyini dəstəklədiyini bildirən Fleyk, Kiyevin Türkiyədən aldığı İHA-ların müharibədə çox mühüm rol oynadığını qeyd edib.

Səfir bildirib ki, Türkiyə Rusiya hərbi gəmilərini Qara dənizdən uzaq tutmaq üçün Montrö Konvensiyasına çox ciddi əməl edir.

“Onlar taxıl müqaviləsi üzrə danışıqlarda və Ukraynanın Qara dənizdən taxıl çıxara bilməsi üçün əsirlərin mübadiləsində mühüm həmsöhbətə çevrildilər” deyən səfir Fleyk Türkiyənin Rusiya ilə xüsusilə enerji sektorunda əlaqələrinin olduğunu, lakin Rusiyanın Türkiyə vasitəsilə sanksiyaları pozmamaqda qərarlı olduğunu bildirib.

Fleyk Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiq etməsinə də toxunub.

"Dünyada rejimlər dəyişə bilər, amma coğrafiya dəyişmir. Türkiyə hər zaman önəmli olmağa davam edəcək" deyən diplomat xatırladıb ki, Türkiyə İsveçin NATO-ya daxil olmasına ilk vaxtlarda qarşı çıxan ölkələrdəndir.

"Orada həll etməli olduqları bəzi problemlər var idi və onlar da etdi. Sonra Konqres dərhal Türkiyəyə 23 milyard dollar dəyərində F-16 satdı ki, bu da Türkiyənin qarşılıqlı fəaliyyət göstərməsi üçün vacibdir. Türkiyə NATO-nun ikinci ən böyük ordusuna hava qüvvələrinə malikdir", - Ceff Fleyk deyib.