Türkiyənin ən böyük mədəniyyət festivalı olan Türkiyə Kültür Yolu Festivalının 2025-ci il təqvimi açıqlanıb. Dünən Kültür Yolu Festivalının rəsmi səhifəsində yayımlanan açıqlamaya görə, 20 fərqli şəhərdə keçiriləcək festival bir çox tədbirə ev sahibliyi edəcək.
Hafta.az-ın yazdığına görə, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi festival Adana, Mardin, Manisa, Şanlıurfa, Samsun, Bursa, Trabzon, Van, Nevşəhir, Ərzurum, Çanaqqala, Kayseri, Qaziantep, Ankara, Konya, İstanbul, Malatya, Diyarbəkir, İzmir və Antalya şəhərlərində keçiriləcək.
Mədəniyyət və Turizm naziri Məhmət Nuri Ersoy mövzu ilə bağlı açıqlamasında əvvəlki illərdə marşruta daxil edilməyən Malatya, Manisa, Mardin və Kayseri şəhərlərinin 2025-ci il təqviminə əlavə edildiyini açıqlayıb.
Ersoy açıqlamasında, "16 şəhərimizə əlavə olunan bu görkəmli şəhərlərlə birlikdə tarix, mədəniyyət və incəsənət zənginliklərini kəşf edəcəyik. Məqsədimiz ölkəmizin bənzərsiz mədəni və sənət varlığını, tarixi və sivilizasiya irsini dünyaya tanıtmaqdır. Festivalda iştirak edəcək şəhərlərimizin sayını artıraraq bu möhtəşəm tədbirə dəstək verən paydaşlarımıza, bütün yerli və xarici sənətçilərə təşəkkür edirəm. Mədəniyyət və sənətin nəbzi yenidən Türkiyədə atacaq" deyib.