Türkiyədə tibbi turizmin hədəfi 1,8 milyon turist cəlb etməkdir

11:00 04.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) sədri Firuz Bağlıkaya 2023-cü ildə sağlamlıq turizmində 30 faiz artım gözlədiklərini və bu sahədə gələcək turistlərin sayının 1,8 milyonu keçəcəyini bildirib.

Hafta.az-ın yazdığına görə, Bağlıkaya xatırladıb ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına əsasən, ötən il Türkiyəyə sağlamlıq və tibbi səbəblərdən 1,4 milyondan çox ziyarətçi gəlib. O, bu il də bu sürətli artımın davam etdiyini bildirərək, “2023-cü ilin ilk üç ayında sağlamlıq və tibbi səbəblərdən ölkəmizə gələnlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,5 faiz artaraq 474 min 114 nəfərə çatıb. Sağlamlıq turizmi sektorunda bu artımın davam edəcəyinə inanırıq" deyib.

Bağlıkaya Türkiyənin sağlamlıq turizmi baxımından dünyanın ən əhəmiyyətli destinasiyalarından biri olduğunu vurğulayaraq bunları qeyd edib: "Sağlamlıq turizmi çərçivəsində beynəlxalq aləmdə xəstələrin ən çox üstünlük verdiyi klinika sahələri ginekologiya, daxili xəstəliklər, oftalmologiya, tibbi biokimya, ümumi cərrahiyyə, stomatologiya, ortopediya və travmatologiya, yoluxucu xəstəliklər və otorinolarinqologiyadır. Bundan başqa saç əkimi, estetik və gözəllik müalicələridir. Səyahət agentliklərimizdən alınan məlumata görə, sağlamlıq turizmi üçün ölkəmizə gələn ziyarətçilərin əhəmiyyətli hissəsi saç əkimi üçün gəlir. Saç əkimi üçün ən çox ziyarət edilən yer İstanbuldur. Tələbatın artması ilə əlaqədar Antalya və İzmir sağlamlıq turizmi sahəsində əhəmiyyətli artım yaşayır. Bu il 2022-ci ilə nisbətən saç əkimi üçün ziyarətçilərin sayında 20 faiz artım gözləyirik”.

Sağlamlıq turizmindən əldə edilən gəlirin bu ilin ilk rübündə yüzdə 10,7 artaraq 453 milyon 714 min dollara çatdığını deyən Bağlıkaya turizm agentliklərinin xaricdə həyata keçirdiyi tanıtım tədbirlərinin sağlamlıq turizminin inkişafına böyük töhfə verdiyini bildirib. O, bu sahədə baş verən proseslərdə Səhiyyə Nazirliyinin mühüm rol oynadığını nəzərə çatdırıb.