Özbəkistanın İstanbuldakı Baş Konsulluğu bu ölkədə yaşayan özbəklərə xəbərdarlıq edib.
Hafta.az-ın yazdığına görə, xəbərdarlıqda qeyd olunur ki, son vaxtlar sosial şəbəkələrdə İstanbulda bəzi xarici ölkələrin adı altında özbək uşaqlar üçün məktəblərin reklamları yayılır. Bu məktəblərdə xarici dillər, robototexnika, dini biliklər, informatika və bədən tərbiyəsi fənləri tədris olunur.
“Bu təhsil ocaqlarında dini dərslərin əhli-sünnə əqidəsi əsasında olmasına baxmayaraq, bəzi müəllimlər tərəfindən mötədil İslama zidd dini baxışların aşılanması gələcəkdə cəmiyyətimizdə ideoloji qarşıdurmalara səbəb ola bilər”, - deyə Baş Konsulluğun hesabatında bildirilir..
Buna əsaslanaraq, valideynlərdən azyaşlı uşaqlarını müxtəlif məktəblərdə təəssübkeş fikirlərin aşılanmasından qorumaq tələb olunub.
Bundan əvvəl Xarici Əmək Miqrasiya Agentliyi Rusiyaya gedən özbəklərə xəbərdarlıq etmişdi. Bütün Rusiya ərazisində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar bu ölkəyə gedən və orada qalan vətəndaşlardan təhlükəsizlik tədbirlərinin tələbləri nəzərə alınaraq hərəkət etmələri xahiş olunub.