Türkiyədəki bahalaşma rus turistləri başqa ölkələrə yönəldir

09:30 01.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Tur Operatorları Birliyi (ATOR) ilin ilk yarısında Türkiyəyə gələn Rusiya vətəndaşlarının sayının 2,6 milyonu keçdiyini açıqlayıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 79 faiz artım deməkdir. Bununla belə, bu rəqəm Covid 19-dan əvvəlki rekord mövsüm olan 2019-cu illə müqayisədə 3,5 faiz azdır.

Hafta.az-ın yazdığına görə, ATOR-un internet saytında yer alan açıqlamada, "Ancaq real artım İstanbula qısamüddətli uçuşlardan qaynaqlanır. Antalyanın ümumi uçuşlardakı payı yüzdə 50-yə qədər azalıb" deyilir.

Hesabata görə, 6 ayda İstanbula 1 milyondan çox Rusiya vətəndaşı, yəni 2019-cu ildəkindən 3 dəfə, 2022-ci ildən isə iki dəfə çox turist gedib.

Ancaq mütəxəssislər bunları “İstanbula gələn turistlər” hesab etmir. Analitiklərin fikrincə, bu turist axınının 70 faizini İstanbul üzərindən başqa ölkələrə uçan rusların şəhərdəki qısa tranzit dayanacaqları təşkil edir.

Eyni dövrdə “əsl turizm” məkanı sayılan Antalyaya 1,3 milyon rusiyalı gəlib. Bu göstərici ötən illə müqayisədə 66,7 faiz çoxdur, 2019-cu illə müqayisədə isə 38 faiz azdır.

Təkcə iyun ayının nəticələrinə görə, Rusiyadan Antalyaya 525530, İstanbula isə 171936 turist gəlib.

Artan qiymətlərə görə iyun ayında Rusiyadan gələn turistlərin ümumi sayında Antalyanın payı 64 faiz, İstanbulun payı isə 20 faiz olub.